Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür

 

AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür. Mükafatın təşkilat komitəsindən bildirmişlər ki, ənənəyə görə təqdimat mərasiminin patronessası məşhur italyan aktrisası Sofi Loren olacaqdır. Mərasim mayın 27-də Moskvada Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrda keçiriləcəkdir.
Aktyor Uelsi Snayps, müğənni Kris de Burq, dizayner Canni Bulqari, habelə beynəlxalq opera səhnəsinin ulduzu Mariya Qulegina gecənin xüsusi qonaqları olacaqlar. Mükafatın təqdim edilməsi mərasimindən əlavə, teatrda konsert də olacaq, ondan yığılan vəsait "Liniya jizni" xeyriyyəçilik proqramının hesabına köçürüləcəkdir.
"Qızıl ürək" mükafatı bəşəriyyətin ali ideallarına xidmət sahəsində görkəmli nailiyyətlərə görə təqdim olunur. Rusiya hökuməti, Federasiya Şurası, Moskva hökuməti və Rusiyanın YUNESKO işləri üzrə komissiyası tərəfindən dəstəklənən mükafatın təsisçiləri arasında İTAR-TASS informasiya agentliyi və Rusiya Qırmızı Xaç Cəmiyyəti də vardır. Mükafatın təşkilat komitəsinin sədri kardiocərrah və ictimai xadim Yakov Branddır.

 

Azərbaycan.-2007.-24 may.-S.2