Azərbaycan Prezidenti İlham Əliyev bu
il aprelin 20-də “Azərbaycanda kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması
haqqında” sərəncam imzalamışdır.
Sərəncama əsasən, “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı” hazırlanacaqdır.
Bu, mədəniyyətimizin mühüm sahəsində
kompleks tədbirlərin həyata keçirilməsinə imkan
verəcəkdir. Sərəncamda göstərildiyi kimi, kitabxanalarımız
Azərbaycan xalqının milli sərvətidir və bu
sərvət daim qorunmalıdır.
Sərəncamdan irəli gələn vəzifələrlə
bağlı fikirlərini öyrənmək üçün
AzərTAc-ın müxbiri Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədova bir neçə sualla müraciət
etmişdir:
— Belə bir sərəncamın verilməsini
zəruri edən amillər haqqında fikirlərinizi bilmək
maraqlı olardı.
— Prezidentimizin bu sərəncamı milli sərvətimizin,
mədəni irsimizin qorunub saxlanılmasını, onun
gələcək nəsillərə
çatdırılmasını, bəşəri sivilizasiyaya
hərtərəfli inteqrasiyasını bilavasitə
təmin edən kitabxana şəbəkəsinə
dövlətin göstərdiyi çox böyük
qayğının təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyev kitabxana sahəsinə
daim xüsusi önəm verir, bu spesifik sahəyə
böyük qayğı göstərir. Belə
ki, dövlətimizin başçısı hələ
2004-cü ildə Naxçıvan Dövlət Universitetinin
elektron kitabxanası, 2006-cı ilin iyununda isə Prezident
Kitabxanası ilə ətraflı tanış olmuş,
kitabxanaların fəaliyyətinə, maddi-texniki
bazasının möhkəmləndirilməsinə dair
tövsiyələrini və tapşırıqlarını
vermişdi. Elə həmin ilin oktyabr ayında
Prezidentimiz Minskdə Belarus Milli kitabxanasının işi ilə
də yaxından tanış olmuşdur. Bütün bunlar,
xüsusilə də Prezidentin imzaladığı
sərəncam kitabxana ictimaiyyətinin ürəyincə
olmuş, bir vacib təsisat kimi kitabxanaların
əhəmiyyətini, bu sahədə çalışan
mütəxəssislərin nüfuzunu xeyli
yüksəltmişdir.
Sərəncamın adından
göründüyü kimi, kitabxana fəaliyyətinin
yaxşılaşdırılmasına böyük ehtiyac var
və vaxtında həyata keçirilməsi
nəzərdə tutulan tədbirlər
mədəniyyətimizin bu mühüm sahəsinin müasir
tələbata uyğunlaşdırılmasını
təmin edəcəkdir. Kitabxana-informasiya xidməti sahəsi
güclü maddi yatırım tələb edən sahədir.
Ona görə də bu sahənin yüksək inkişaf
səviyyəsi hər bir ölkənin iqtisadi durumuna uyğun
olur. Bu gün böyük iqtisadi yüksəlişə
çatmış ölkəmizdə kitabxana sahəsinin
sürətli inkişafı üçün hər cür
şərait vardır.
Sərəncamda qeyd edilir ki, hazırda
ölkəmizdə 12 mindən çox kitabxana var.
Əgər bu kitabxanaların hər birində azı 3
nəfərin işlədiyini nəzərə alsaq, bu 40
minə yaxın işçi, böyük bir
mütəxəssis ordusu deməkdir. Sərəncama
əsasən 40 min nəfərin iş şəraitinin
yaxşılaşdırılması, əməyinin
dəyərləndirilməsi, onların peşə
hazırlığının yüksəldilməsi
nəzərdə tutulur. İnanmaq istərdim ki, yaxın
vaxtlarda peşə bayramları sırasında
“Kitabxanaçı günü” də öz yerini
tapacaqdır.
— Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi,
onun müasir informasiya texnologiyaları ilə təchiz
edilməsi və maddi-texniki bazasının
möhkəmləndirilməsi sərəncamda qarşıya
qoyulan əsas vəzifələrdən biridir.
— Milli kitabxana xalqımızın mənəvi
sərvətlərinin qorunub saxlandığı ən
böyük müəssisədir. Hər bir ölkənin
Milli kitabxanası onun qürur mənbəyi hesab olunur. Amerikalılar Konqres kitabxanası, ruslar Dövlət
kitabxanası (keçmiş Lenin adına kitabxana),
fransızlar Paris Milli kitabxanası ilə fəxr etdikləri
kimi, biz də öz Milli kitabxanamız ilə fəxr
etməliyik. Çünki xalqımızın tarixinə,
milli-mənəvi dəyərlərimizə dair ən
çox sənəd məhz bu kitabxanada
toplanıbdır. Yaradıldığı vaxtdan M.F.Axundov
adına Dövlət kitabxanası bütün sahələr
üzrə - oxucuların sayına, kitab verilişinə,
xidmətin səviyyəsinə, metodik işə, kitab fondunun
zənginliyinə və həcminə görə
ölkəmizin ən zəngin kitabxanası hesab olunur. Lakin
keçən əsrin 90-cı illərinin əvvəllərində
ölkəmizin həyatında baş verən proseslər bu
kitabxana üçün də təsirsiz
ötüşmədi. Bu dövrdə kitabxana işi
üçün ən vacib sahə hesab edilən fondun yeni
ədəbiyyatla komplektləşdirilməsi, məcburi
nüsxələrin verilməsi, abunə olunması və
maddi-texniki təminat sistemi xeyli zəiflədi. Ancaq 2 il
əvvəl ona Milli kitabxana statusunun verilməsi kitabxananın
işində böyük canlanmaya səbəb oldu. Qısa müddətdə kitabxanada
avtomatlaşdırılmış kitabxana proqramı tətbiq
edildi, elektron kataloq, elektron kitabxana yaradılmağa
başlandı. Təbii ki, modern Milli kitabxanaya çevrilmək,
dünyada fəaliyyət göstərən 120-yə
qədər milli kitabxana sırasında layiqli yer tutmaq və
xalqımızın milli-mədəni irsinin
yetərincə təbliği üçün hələ
çox iş görülməlidir. Sevindirici haldır ki,
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
ölkəmizin baş kitabxanasının
modernləşdirilməsi, onun informasiya texnologiyaları
ilə təchiz edilməsi istiqamətində sistemli iş
aparır. Milli kitabxanada aparılacaq
işlərin həyata keçirilməsi üçün
güclü maddi və mənəvi dəstəyə ehtiyac
var. İnanırıq ki, Prezidentimiz tərəfindən
əsl məqamında imzalanmış bu sərəncam Milli
kitabxananın fəaliyyətində böyük
dönüş yaradacaqdır. Milli
kitabxana ölkənin ən böyük
kitabsaxlayıcısı olmaqla yanaşı, vaxtilə
Azərbaycan Kitab Palatasının yerinə yetirdiyi
funksiyanı, yəni, ölkəmizdə çap
məhsullarının uçotu, məcburi
nüsxələrin toplanıb saxlanılması, milli
biblioqrafiyanın təşkili və aparılması kimi
çox məsul bir vəzifəni də həyata
keçirir. Ona görə də Milli kitabxananın
işinə təkcə dövlət qurumları deyil,
hamı kömək etməlidir. Xalqımızın milli
mədəni sərvətlərinin qorunub gələcək
nəsillərə çatdırılması hər birimizin
mənəvi borcu olmalıdır.
— Bu gün kitabxanalarımızın yeni
nəşrlərlə təchizolunma səviyyəsi müasir
oxucunun tələbatına cavab verirmi?
— Kitabxanaların yeni nəşrlərlə vaxtında
təchiz edilməsi, məcburi nüsxələrin kitabxanalara
çatdırılması, dövri nəşrlərə
və müxtəlif elektron resurslara abunə olunması sistemi
bu günün kitabxanası üçün ən aktual
məsələdir. Kitabxanalara məcburi nüsxələrin
verilməsi “Kitabxana işi haqqında” və “Kütləvi
informasiya vasitələri haqqında” Azərbaycan
Respublikası qanunlarının müvafiq olaraq 15-ci və
29-cu maddələri ilə tənzimlənir.
Təəssüf ki, nəşriyyatların çoxu
müxtəlif bəhanələrlə bu qanunların
tələblərinə əməl etməkdən
yayınırlar. Onlar başa düşmək
istəmirlər ki, müasir informasiya mərkəzi olan
kitabxanaların yeni informasiya ilə təminatında hətta
kiçik bir fasilə belə, onun illərlə
toplanmış məlumat bazasının əhəmiyyətini
xeyli azaldır, oxucunun vərdiş etdiyi, arxayın olduğu
məlumat mənbəyinə inamını itirir. Ona görə
də müasir kitabxana fəaliyyətində ilk
növbədə bu məsələ öz həllini
tapmalıdır. Qalan məsələlər
artıq hər bir kitabxananın kollektivinin öz işini
necə qurmasından və texniki təminatdan
asılıdır. Əgər kitabxanada peşəkar kadrlar,
mütəxəssislər çalışırsa, daxil olan
informasiya formasından (çap və ya elektron) asılı
olmayaraq vaxtında seçilir, çeşidlənir,
sistemləşdirilərək tələbatçıya
çatdırılır. Əks təqdirdə, informasiya
köhnəlir, öz aktuallığını itirir, kitabxana
isə sadəcə olaraq kitab anbarına çevrilir.
Bu gün informasiya vasitələrinin inkişaf
səviyyəsi elə həddə çatıb ki, onların
kitabxanalara tətbiq edilməsi kitabxana işinin
keyfiyyətini, kitabxanaçı əməyinin
məhsuldarlığını, istifadəçiyə
xidmət işinin səviyyəsini dəfələrlə
yüksəltməyə imkan verir. Hazırda kitabxana
işinin avtomatlaşdırılmasını təmin edən
çoxlu kitabxana proqramları vardır. Sadəcə olaraq,
bu proqramlar əldə edilməli, respublikamızın hər
bir kitabxanasında tətbiq olunaraq, onların müxtəlif
şəbəkələri yaradılmalıdır. Başqa
yol yoxdur. Müasir dövrdə kitabxananı internetsiz,
kompyutersiz təsəvvür etmək mümkün deyil.
Müasir kitabxanalarda elektron resursların yaradılmasına
böyük tələbat var. İstifadəçi,
əsasən öz maraq dairəsinə uyğun
müxtəlif elm sahələrinə dair elektron resurslarla
işləməyə üstünlük verir. Ona görə
də müxtəlif sahələr üzrə
mükəmməl, zəngin elektron resursların
yaradılması, onun mütəmadi olaraq yeni məlumatlarla
yeniləşdirilməsi zəruridir. Təbii ki, belə bir
işi internetsiz, texniki vasitələrin köməyindən
istifadə etmədən, müxtəlif elm sahələri
üzrə populyar hesab edilən dövri və elektron
nəşrlərə abunə olunmadan etmək mümkün
deyildir. Bu işdə şübhəsiz ki, əsas rol
təcrübəli, səriştəli
mütəxəssislərə -
kitabxanaçı-biblioqraflara məxsusdur.
Kitabxanaların öz fondlarını xaricdə və
ölkəmizdə nəşr edilən ədəbiyyatla
müntəzəm olaraq zənginləşdirmələri
üçün kitab satışı mərkəzlərinin
olmaması da ciddi problemlər yaradır. Fikrimizcə,
Bakıda və digər regionlarda sivil kitab satışı
mərkəzlərinin də yaradılmasının vaxtı
çatıbdır.
— Sərəncamda “Azərbaycan ədəbiyyatının
virtual kitabxanası”nın yaradılması vəzifəsi
də qarşıya qoyulmuşdur.
— "Azərbaycan ədəbiyyatının
virtual kitabxanası"nın yaradılması “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli
sərəncamında da nəzərdə tutulmuşdur.
Həmin sərəncamda latın qrafikası ilə çap
edilən kitabların mətnlərinin elektron
daşıyıcıları və internet vasitələri
ilə yayılması qərara alınmışdır. Bu istiqamətdə
müəyyən işlər görülmüşdür.
Ayrı-ayrı kitabxanaların elektron resursları
içərisində latın qrafikası ilə nəşr
edilmiş bəzi kitabların elektron variantına rast
gəlmək olur. Sərəncamla nəşri
nəzərdə tutulan 200 addan çox (hər biri 25000
nüsxə tirajla) kitab müxtəlif nəşriyyatlar
tərəfindən çapa hazırlanıbdır. Demək
bu kitabların hamısının elektron variantları bu
nəşriyyatlarda vardır. Zənnimcə, ya
başqa ölkələrdə olduğu kimi, hər bir
nəşriyyat nəşr etdiyi kitabın elektron
variantının açıq satışını həyata
keçirməlidir ki, kitabxanalar onu əldə edə
bilsinlər, ya da mərkəzləşdirilmiş qaydada bu
kitabların nəşrini təşkil edən qurum tərəfindən
həmin kitabların elektron
daşıyıcılarının alınıb kitabxanalara
verilməsi təmin edilməlidir. Məlumdur ki, kitabın elektron
variantının hazırlanması xeyli vaxt və vəsait
tələb edir. Nəşriyyatlarda isə bu iş artıq
görülübdür, sadəcə olaraq bu elektron
nəşrlərin tirajını artırıb iri kitabxanalara
paylamaq olar.
Məlumat üçün bildirmək
istəyirəm ki, Prezident Kitabxanasında Azərbaycan
tarixinə, mədəniyyətinə,
incəsənətinə, iqtisadiyyatına, xarici
siyasətinə dair Azərbaycan, rus və ingilis
dillərində olan xeyli kitabın elektron variantı
hazırlanıb və kitabxananın www.preslib.az http://www.preslib.az saytında yerləşdirilərək istifadəçilərə
təqdim edilir. Bu kitablardan bəzilərinin elektron
versiyasının hazırlanmasına ən azı bir ay vaxt
sərf olunubdur.
Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycan
ədəbiyyatının virtual kitabxanası”nın
oxucuların tam istifadəsinə verilməsinin çox böyük
əhəmiyyəti vardır. Bu o deməkdir ki, latın
qrafikası ilə çap edilmiş Azərbaycan
ədəbiyyatının ən yaxşı
nümunələri məkanından və zamanından
asılı olmayaraq internet vasitəsilə istənilən
vaxt hər bir oxucunun istifadəsinə veriləcəkdir.
Prezidentin sərəncamına əsasən normal Web kataloq
sistemi olan iri kitabxanaların hər birində “Azərbaycan
ədəbiyyatının virtual kitabxanası”nın
yaradılması təmin ediləcəkdir.
Xalq qəzeti.- 2007.- S. 2.