Rəsulova T.
Qız qalası
bərpa ediləcək
Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Telman Kərimlinin
dediyinə görə, təmir-bərpa işləri
mərhələlərlə davam etdiriləcək
Mədəniyyət
və Turizm Nazirliyi Bakıda və Bakı ətrafında,
eləcə də regionlarda tarix və mədəniyyət
abidələrində bərpa işlərini davam etdirir.
Nazirliyin mədəni irs şöbəsi
bərpa-layihələndirmə və ekspertiza sektorunun
müdiri Telman Kərimli bərpa işləri ilə
bağlı bildirdi ki, proses mərhələlərlə davam
etdiriləcək: "İl ərzində Hacıqabul rayonunun
Qubalı Baloğlan kəndindəki Pirhüseyn xanəgahında,
Zaqatala şəhərindəki Qala divarlarında,
Balakəndə Minarali məsciddə və Lənkəranda
Dairəvi qalada bərpa işləri aparılıb. Eyni
zamanda nazirliyin sifarişinə əsasən Quba rayonunun Rustov
kənd məscidində, Astara rayonunun Ərçivan kəndindəki
ləmdə bərpa işləri görülüb. Həmçinin
Nardarandakı "Xan bağı"nın ətrafında
drenaj sisteminin qurulması və abidə ətrafında
abadlıq işlərinin həyata keçirilməsi davam
edir. Yaxın vaxtlarda isə İsmayıllı rayonunun Basqal
kəndindəki hamamda, Dəvəçi rayonunun
Pirəbədil kəndindəki Q.Musabəyovun ev muzeyində,
Qax rayonunun İlusu kəndindəki "Sumuqqala"
abidəsi yaxınlığında sel sularından
mühafizə işlərinə başlanacaq". Bakı
şəhərində isə Qız qalasında
təxirəsalınmaz bərpa-təmir işlərinin
həyata keçirilməsinin nəzərdə tutulduğunu
bildirən Telman müəllim onu da dedi ki, keçən
ildən adları çəkilən ərazilərdə
bərpa-təmir işlərinin yüksək səviyyədə
tamamlanması planlaşdırılıb:
"Gələcəkdə bərpa işlərinin planlı
şəkildə davam etdirilməsi üçün nazirliyin
sifarişinə əsasən layihə-smeta
sənədləri hazırlanır. Bu məqsədlə Gəncə
şəhərindəki "İmamzadə" kompleksinin,
Şamaxı rayonunun Kələxana kəndindəki
"Türbələr" kompleksinin, Şəki
şəhərindəki şəhər kitabxanasının
bərpası, Dəvəçi rayonundakı
Çıraqqala abidəsinin konservasiyası, həmçinin
"Şabran şəhəri" qoruğu üçün
inzibati binaların tikinti layihələri başa
çatdırılıb. Qobustan Dövlət Tarix
Qoruğunun yeni inzibati binası üçün tikinti
layihəsi üzrə işlər isə davam etdirilir. Yeri
gəlmişkən, layihə sifariş verilərkən
abidə ətrafında turizm infrastrukturunun inkişafı da
əsas məsələlərdən biridir. Hazırda
respublikamızın bütün bölgələrində
təmir işlərinin yüksək səviyyədə
həyata keçirilməsi üçün nazirlik tərəfindən
müvafiq tədbirlər görülür. Bu məqsədlə
nazirliyin mütəxəssisləri mütəmadi olaraq
abidələrə texniki baxışlar keçirir və
təkliflər hazırlayırlar. Salyan rayonundakı
Cümə məscidində, Gədəbəy rayonunun
Böyük Qaramuradlı kəndindəki Alban
məbədində, Quba rayonunun Nügədi kəndindəki
Minarəli məsciddə, Gəncə
şəhərindəki Şah Abbas karvansarayında, Qax
rayonundakı Həsənxan qalasında, Şəki
şəhərindəki Aşağı karvansarada,
Şəkixanovların evində və "Gələrsən,
görərsən" qalasında bərpa-konservasiya
işləri üzrə layihələr sifariş olunub". T.Kərimli
bildirdi ki, layihələr hazır olduqları sonra müvafiq
qaydada bərpa-konservasiya işlərinə başlanılacaq.
Yaddaş.- 2007.- 24 may.- S. 6.