Dəmirçizadə A.

 

Dünya praktikasında titrlə tərcümə geniş yayılıb

 

Elşad Quliyev: "Vahid dublyaj studiyası yaratmaq daha məqsədəuyğundur"

Mehdi Məmmədov: "MTRŞ dublyaj məsələsində özəl kanallara müdaxilə edə bilməz"

 

Türk və ya rus telekanallarında hər hansı digər bir ölkənin filmini izlədikdə dublyajın necə mükəmməl alınmasına heyrətlənməmək olmaz. Dublyaj edən aktyorlarla əsl rolun ifaçısının hərəkətləri ümumi ahəng təşkil edir. Respublikamızda isə dublyajın səviyyəsi çox aşağıdır.

Gəlin, əvvəlcə dilimizə yad olan dublyaj sözünün mənasını arayaq. Dublyaj fransızca "doublaje" sözündən götürülüb. Mənası nəyinsə surətini yaratmaq, üz çəkmək kimi tərcümə olunur. Kino termin kimi - kino-film fonoqramının başqa dildə yenidən yaradılmasıdır. Azərbaycanda ilk dəfə 1937-ci ildə "Çapayev" filmi dubiyaj olunub. Sonralar Cəfər Cabbarlı adına dövlət kinostudiyasında onlarla film dilimizə tərcümə olunub. Sovetlər imperiyası dağıldıqdan sonra yaranan iqtisadi böhran kino sənətindən yan keçmədiyi kimi, dublyaja da öz mənfi təsirini göstərdi.

Hazırda artıq kinostudiyada deyil, ayrı-ayrı telekanallarda dublyaj studiyaları fəaliyyət göstərir. Telekanallardan ilk dəfə 1997-ci ildə Azərbaycan Televiziyasında dublyaj redaksiyası yaradılıb. Daha sonra ANS, "Lider" və ən gənc telekanal olan "İTV"-də yaranan dublyaj redaksiyaları öz efirlərində tam olmasa da, müəyyən qədər tərcümə edilən film və proqramlardan istifadə edir. Ancaq deyəsən hələlik "Space" "ATV" kanalı bu barədə düşünmür.

Studiyalar müxtəlif olsa da heç bir kanal hələ tamaşaçıları tam razı salacaq dublyaj nümayiş etdirə bilmir. Bu haqda fikirlərini bizimlə bölüşmək üçün tanınmış televiziya mütəxəssisi Elşad Quliyevə müraciət etdik. Müsahibimiz dublyajın zəif alınma səbəblərindən birini rolların səsləndirilməsinin düzgün aparılmamasında görür: "Bizdə dublyaj məsələsi heç zaman yüksək səviyyədə olmayıb. Ancaq deyərdim ki, indiki tərcümələrlə nisbətdə o zaman kinostudiyada səsləndirilən filmlərə əla demək olardı. Dublyaj iki formada aparılır. Birinci klassik formadır ki, bu zaman filmdəki rolların hər biri ayrı-ayrılıqda aktyorlar tərəfindən səsləndirilir. Keçmişdə kinostudiyada dublyaj bu formada aparılırdı. İkinci növ informativ dublyajdır. Bu cür dublyajda bütöv filmi 1 ya 2 şəxs səsləndirir. Belə səsləndirmədə sözləri tərcümə etmək əsasdır. Lakin bizimkilər eyni vaxtda hər iki formadan istifadəyə meyl edirlər. Yəni bir aktyor eyni vaxtda bir rolu, ya bütöv filmi deyil, filmdən bir neçə şəxsin səsini dublyaj edir. Həmin aktyorun kino gedərkən eyni vaxtda bir neçə aktyorun təbirincə danışması,  tez-tez səs tonunu dəyişməsi ümumilikdə tərcüməni anlaşılmaz edir. Bu da bütöv anlamda dublyajın səviyyəsini aşağı salır".

E.Quliyevin fikrincə, dublyaj olunan filmlərin keyfiyyətinə ciddi nəzarət edilməlidir. Peşəkar mütəxəssis seriallar verilməsinin əleyhinə deyil, bir şərtlə ki, onlar da tamaşaçıya tərcümə olunub çatdırılsın: "Bizim tamaşaçılarımızda hər yerdə olduğu kimi, seriallara böyük maraq var. Bu tip filmlərin yüksək ustalıqla dublyaj olunmasına çalışmalıyıq. Ancaq gərək ki, seriallarında səviyyəliləri seçilsin. Bədii filmlərə gəldikdə i bu zaman mütləq sənətkarlıq baxımından uğurlu alınan əsərlərə daha çox yer ayrılmalıdır. Ən məşhur klassik film nümunələrinin doğma dilimizdə nümayiş olunması gərəklidir. Bu məqamda filmin süjetinə uyğun güclü dublyaj işi aparılmalıdır. Maraqlı müasir filmlərə xeyli yer ayırmaq vacibdir". Ümumilikdə dublyajın səviyyəsini qaldırmaq üçün isə həmsöhbətimiz çıxış yolunu vahid studiya yaratmaqda görür: "Bəzən elə olur ki, bir filmi 2, ya 3 telekanalımız ayrılıqda səsləndirib tamaşaçılara təqdim edir. Bu filmi hər dəfə yeni səslə izləyən tamaşaçı isə istər-istəməz maraqsız gəlir. Bu halların qarşısını almaq üçün yaxşı olardı ki, dublyaj studiyası əvvəlki tək kinostudiyada ya digər vahid məkanda fəaliyyət göstərsin. Üstəlik, belə olacağı təqdirdə həmin studiyaya yalnız peşəkar aktyorların yığışması işin keyfiyyətinə müsbət təkan verəcək. Digər dünya dövlətlərində telekanallar yalnız sifariş verir, dublyajda isə ayrı-ayrı prodakşnlar məşğul olur.

Filmin tərcüməsinin titrlərlə verilməsi səmərəli ola bilər. E.Quliyev artıq dünya praktikasında titrlə tərcümənin geniş yayıldığını vurğuladı: "Əksər ölkələr artıq bu metoddan istifadə edir. Bu həm sözləri aydın qavramağa, həm aktyor oyununu rahat izləməyə şərait yaradır".

Milli Teleradio Şurasından telekanallarda dublyajın səviyyəsi ilə bağlı sualımıza konkret mövqe bildirmədilər. "Space" "ATV" kanalında ümumiyyətlə dublyaj redaksiyalarının olmaması buna görə MTRŞ-nin hansı tədbirlər görməsi haqda sualımızı isə Şuranın üzvü Mehdi Məmmədov cavablandırdı: "Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından sonra Dövlət televiziyasında bütün filmlər dublyaj olunaraq tamaşaçılara təqdim olunur. Digər kanallar isə özəl qurumlar olduğundan bu işi özləri təşkil etməlidirlər. Dublyaj studiyası yaratmaq böyük vəsait tələb edir. Bütün bu kommersiya məsələlərini TV özü həll etməlidir. Ona görə hər hansı özəl kanaldan dərhal bu studiyanı yaratmağı tələb edə bilmərik. Hansısa sərt addımlar atmağa isə bizim şuranın səlahiyyəti çatmır".

 

Üç nöqtə.- 2007.- 26 yanvar.- S. 13.