Qismətoğlu F.

 

"Təlatüm"

 

"Melodiya" studiyası bədii televiziya filminin video-kassetini tamaşaçıların ixtiyarına verib

 

"Təlatüm" bədii televiziya filminin AzTV-də nümayiş etdirilməsi tamaşaçıların böyük marağına sevincinə səbəb olub. Çünki uzun illər idi ki, Azərbaycan televiziyasında bu səpgili tamaşalar nümayiş etdirilmirdi. Azərbaycan tamaşaçısının müxtəlif televiziya kanallarında xarici teleseriallar maraqları çox olsa da, amma bu mövzuda da bir aclıq vardı. Bu boşluğu AzTV-nin yeni rəhbərliyi artıq doldurmağa başlayıb.

Bu yaxınlarda isə eyni adlı kriminal roman əsasında çəkilmiş "Təlatüm" bədii televiziya filmi "Melodiya" studiyası tərəfindən video-kasset kimi yüksək səviyyədə hazırlanaraq tamaşaçıların ixtiyarına verilib. Orijinal bir mövzuda olan bu bədii televiziya filminin ssenari müəllifi Ənvər Seyidovdur. Ssenaridə standartlardan kənara çıxan öz orijinal fikri ilə tamaşaçı rəğbəti qazanan Ənvər Seyidovun bu filmi video-kasset şəklində uğurlu alınıb.

Əsas rollarda Nurəddin Mehdixanlı, Rafael Dadaşov, Mehriban Xanlarova, Ramiz Məmmədov, Müdhət Aydın, Əjdər Həmidov çəkiliblər. Filmdə tamaşaçıların böyük marağına səbəb olan Müdhət Aydının yaratdığı mənfi obraz daha çox yadda qalandı. Təbii ki, bu da aktyor istedadının zəhmətinin bəhrəsidir. Elə ona görə bu gün çoxları Müdhəti həmin obrazın adı ilə çağırır.

Filmdə prodüsser işi diqqəti cəlb edir. Çünki filmin prodüsseri Firdovsi Cəbrayılov çəkiliş zamanı bütün incəlikləri, detalları unutmayıb çox əziyyət çəkib. Elə ona görə Firdovsi Cəbrayılovun işi daha yaddaqalandır. Quruluşçu rejissor Məhərrəm Bədirzadənin quruluşçu operator İzzət Əzizovun da filmdə əməkləri var.

Ən nəhayət, "Təlatüm" bədii televiziya filminin video-kasset kimi hazırlanıb tamaşaçıların ixtiyarına verilməsinin özü müsbət haldır. Təbii ki, bu cür filmləri Azərbaycan tamaşaçıları daha böyük maraqla gözləyir. İnanmaq olar ki, "Melodiya" studiyasının hazırlayıb tamaşaçılara təqdim etdiyi video-kasset çoxlarının sevincinə səbəb olacaq.

 

Ədalət.- 2007.- 24 yanvar.- S. 6.