Azersun Holding”in Azərbaycan musiqi mədəniyyətinə töhfəsi

 

“Azersun Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə “Azərbaycan bəstəkarlarının antologiyası” adlı disk işıq üzü gördü. Ülviyyə Hacıbəyovanın təşəbbüsü ilə toplanmış antologiyaya 60 bəstəkarın əsərləri daxil edilmişdir.
Beş diskdən ibarət antologiyada 91 musiqi əsərinə yer verilmişdir. Əsərlər əsasən Azərbaycan kamera musiqisi janrındadır.
Burada Üzeyir Hacıbəyov, Qara Qarayev, Asəf Zeynallı, Müslüm Maqomayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Fərhad Bədəlbəyli, Emin Sabitoğlu kimi tanınmış bəstəkarların əsərlərinə geniş yer verilmişdir. Korifey bəstəkarlarla yanaşı müasir gənc bəstəkarların da bəstələdikləri musiqi nömrələri və xalq mahnıları bu antologiyada öz əksini tapmışdır. Ülviyyə Hacıbəyova Əfrasiyab Bədəlbəylinin, Müslüm Maqomayevin əsərlərini fortepiano üçün işləmişdir. Ülviyyə Hacıbəyovanın fortepianonun müşayiəti ilə çalınan bu əsərlərdə klassik və müasir şairlərin sözlərinə bəstələnmiş əsərlər vardır.
Dahi Nizami, Yunis Əmrə, Natəvan, Cəfər Cabbarlı, Əhməd Cavad, Səməd Vurğun, Nazim Hikmət, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Rəsul Rza ilə yanaşı gənc şairlərin şeirlərinə bəstələnmiş mahnılar antologiyaya daxil edilmişdir. Antologiyada xarici sənətkarlardan Aleksandr Sergeyeviç Puşkin, Sergey Yesenin, Ualter de la Merin əsərlərinə də yer verilmişdir.
Yaradıcı heyət “Azersun Holding” Şirkətlər Qrupunun rəhbərliyinə bu antologiyanın işıq üzü görməsində göstərdiyi diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirir.

 

Xalq qəzeti.-2007.-31 yanvar.-S.7.