Nəzakət
Mərhum sənətkarın 80
illik yubileyi qeyd olundu
Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasıda
respublikanın Xalq artisti, mərhum sənətkar
Əbülfət Əliyevin 80 illik yubileyinə həsr
olunmuş tədbir keçirildi. Tədbiri giriş
sözü ilə Azərbaycan Mədəniyyət və
Turizm nazirinin müavini Ədalət Vəliyev açaraq,
Azərbaycan musiqi sənəti tarixində
yaradıcılığı ilə özünəməxsus
yer tutan Əbülfət Əliyevin sənətkarlıq
xüsusiyyətlərindən danışdı. Qeyd etdi ki,
Əbülfət Əliyev 64 il ömür sürsə
də, milli mədəniyyətimizi layiqli bir
şəkildə təbliğ etmiş, onun inkişafına
təsir etmişdir.
Belə ki,
müğənni klassik musiqi nömrələrilə
Azərbaycan muğam və xalq mahnılarının
gözəl ifaçısına çevrilmiş, Opera və
Balet Teatrının səhnəsində bir-birindən
maraqlı obrazları yaratmışdır. Əbülfət
Əliyevinin sənət yolunda xüsusi bir
mərhələlərini təşkil edən Opera Teatrı,
demək olar ki, onun yaradıcılığını
tamamlayır. Xanəndə bu teatrda "Leyli və
Məcnun”da, "Əsli və Kərəm”də, "Şah
İsmayıl"da, "Aşıq Qərib"də və
digər operalarda əsas rolların ifaçısına
çevrilmiş, özünəməxsus səs diapazonuna
görə tamaşaçıların böyük
rəğbətini qazanmışdır. Həqiqətən
də, Əbülfət Əliyevin səsi musiqi
aləmində təkrarsızdır. Onun musiqi ifası
zamanı etdiyi xırdalıqları, incə ştrixləri
Əbülfət Əliyevin sənət aləmində
yüksəklərə qaldırmışdır.
Ədalət Vəliyev
çıxışında mərhum sənətkarın
sənət yoluna qısa da olsa nəzər salıb, belə
sənətkarların xalqımızın yaddaşında
həmişə xatırlandığını
söylədi. Nazir müavini qeyd etdi ki, Azərbaycanda belə
tədbirlərin təşkilində, eləcə də milli
musiqimizin muğam sənətinin inkişaf və
təbliğində ölkə rəhbərinin, o
cümlədən, Heydər Əliyev Fondunun sədri,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
xüsusi rolu vardır. Onların səyi və
qayğısı nəticəsində Azərbaycan
Dövlət Filarmoniyasında və bir çox sənət
məbədlərində belə məzmunlu tədbirlər
təşkil olunur, xalq musiqi sənətinə diqqət
yetirilir.
Yubiley gecəsində tanınmış
yazıçı-publisist Mustafa Çəmənli
çıxış edərək, sənətkarın
həyat və yaradıcılığından
danışdı. O, qeyd etdi ki, Əbülfət Əliyev
1926-cı ildə Qarabağın səfalı
guşələrindən olan Şuşada anadan olmuş,
kiçik yaşlarından musiqi sənətinə meyil
göstərmişdir. Əbülfət Əliyev Ağdam
Mədəniyyət Evinin nəzdində fəaliyyət
göstərən musiqi kollektivinin üzvü olmuş, 1945-ci
ildən etibarən isə, Azərbaycan Dövlət Filarmoniyasında
solist kimi çalışmışdır. Azərbaycan musiqi
sənətinin inkişafı və təbliğindəki
xidmətlərinə gəlincə isə, Mustafa
Çəmənli bildirdi ki, Əbülfət Əliyev
keçmiş SSRİ-nin bütün
şəhərlərində, eləcə də dünyanın
bir çox ölkələrində milli musiqimizin
təbliğatçısı olmuş, ona şöhrət
qazandırmışdır.
Böyük
sənətkarın yaradıcılıq irsi hər zaman
diqqətli izlənilmiş, bu gün də onun musiqi
dünyası diqqətdən kənarda qalmamışdır.
Mustafa Çəmənli qeyd etdi ki, onun ifa etdiyi 400-dən
artıq bəstəkar və xalq mahnıları, muğam və
təsnifləri lentə alınaraq, nadir sənət
nümunəsi kimi qorunub saxlanılır.
Əbülfət Əliyevə həsr olunmuş yubiley
gecəsində sənətkarın dostları,
yaxınları olan respublikanın Xalq artistləri Əlibaba
Məmmədov, Habil Əliyev, Arif Babayev, Canəli
Əkbərov, Ramiz Quliyev və başqaları çıxış
edərək, muğam ustadı haqqında səmimi
fikirlərini bildirib, onu məhəbbətlə yad etdilər.
Tədbirdə
çıxışlarla yanaşı, musiqi
nömrələri də səsləndirildi. Belə ki,
mərhum sənətkarın repertuarında olan klassik musiqi
nömrələrinə xüsusi yer verildi. Respublikanın Əməkdar
artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov
"Leyli və Məcnun" operasından kiçik bir duet,
respublikanın Xalq artisti Səkinə İsmayılova "Tel
oynasın" mahnısı, Gülüstan Əliyeva isə
"Segah"ı tədbir iştirakçılarına
təqdim etdilər.
Yubiley gecəsinin sonunda
Əbülfət Əliyevin oğlu Rauf Əliyev
çıxış edərək tədbiri təşkil
edənlərə, xüsusilə, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinə səmimi
minnətdarlığını bildirdi.
Səs.- 2007.- 19 yanvar.- S. 12.