Salmanov R.

 

Ulu sənətimizi yaşatmaq naminə

 

Bunun üçün muğamların nota köçürülməsi və nəşri ən vacib vəzifədir

 

Biz Azərbaycan xalqının tarix və

mədəniyyət abidələrinin mühafizəsinə

daha çox diqqət və qayğı göstərməliyik.

 

Heydər Əliyev

Ümummilli lider

 

Ümummilli liderimiz Heydər Əliyevin hələ 1981-ci ildə dediyi bu sözləri günün tələbinə uyğun həyata keçirmək üçün bu gün tam imkan və şəraitimiz var. Azərbaycan musiqi folklorunun dəyərli xəzinəsi olan ulu muğam sənətimiz də mədəni irsimizin ən möhtəşəm abidələrindən biridir. Zaman axarında muğam sənətimiz özünəməxsus inkişaf yolu keçərək ustad xanəndə və instrumental ifaçılar sayəsində öz forma və təbiiliyini saxlayaraq bu günə gəlib çatmışdır. Bu ölməz sənəti bu gün də yaşadaraq gələcək nəsillərə ötürmək üçiin "şifahi ənənəyə əsaslanan professional musiqinin daşıyıcılarından muğam dəsgahlarının, təsniflərin, zərb muğamların yazılması, nota köçürülməsi və nəşri bu günümüzün vacib və təxirəsalınmaz məsələlərindəndir" (Ramiz Zöhrabov) Azərbaycan xalqmın mənəvi sərvətini qorumaq vəzifəsi ilk növbədə bugünkü ifaçıların üzərinə düşür. Belə olduqda muğam müəllimlərinin məsuliyyəti, bilik və təcrübəsi daha yüksək olmalıdır. Onu da qeyd etmək lazımdır ki, 1925-ci ildə Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Muğam Komisyonu tərəfındən qəbul edilmiş ilk muğam proqramı instrumental muğam ifaçılığında yeni bir mərhələ olmuşdur. Ümumiyyətlə, instrumental muğam ifaçılığı əsasən XIX-XX əsrlərdə ən yüksək inkişaf mərhələsinə yüksəlmişdir. Bu dövrdə artıq instrumental muğamlar xalq arasında geniş yayılmış və çox bacarıqlı ifaçılar, ifaçı-pedaqoqlar yetişərək fəaliyyət göstərmişlər. Bu tükənməz mənbədən qidalanan Azərbaycan bəstəkarlıq məktəbi dünya musiqisinə Q.Qarayev, F.Əmirov, C.Cahangirov, T.Quliyev, A.Məlikov, V.Adıgözəlov, X.Mirzəzadə, A.Əlizadə kimi çox istedadlı bəstəkarlar bəxş etmişlər. Muğam musiqisinə əsaslanan şedevrlər sırasında F.Əmirovun "Şur", "Kürd-ovşarı", "Gülüstan Bayatı-Şiraz", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin "Yeddi gözəl", F.Əmirovun "1001 gecə". A.Məlikovun "Məhəbbət əfsanəsi" baletləri, V.Adıgözəlovun "Çanaqqala" oratoriyası və başqa əsərləri göstərmək olar. Azərbaycan bəstəkarlarının yaratdıqları bu sənət inciləri öz mənbəyini Azərbaycan muğamlarından, şifahi ənənəli xalq musiqisindən aldıqları üçün dünya xalqları tərəfindən çox böyük maraqla qarşılanır.

Bu gün "Muğam Mərkəzi"nin yaradılması, "Qarabağ xanəndələri" albomunun işıq üzü görməsi, çoxsaylı muğam müsabiqələrinin keçirilməsi, gənc istedadlara, qocaman sənət fədailərinə göstərilən diqqət və qayğı möhtərəm Prezidentimiz Ilham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfıri, millət vəkili Mehriban Əliyevanın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nəcib və xeyirxah əməllərin layiqli davamıdır.

Bütün bunlarla yanaşı, peşəkar ifaçı, təcrübəli pedaqoq və muğam bilicilərinin əməyi sayəsində bu gün muğamlarımız nota köçürülüb xüsusi fənn kimi ali və orta ixtisas musiqi məktəblərində tədris olunur. Bu sahədə böyük iş görən təcrübəli pedaqoqlardan biri də Bakı Musiqi Akademiyasının Xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tanınmış kamança ifaçısı Arif Əsədullayevdir.

İlk musiqi təhsilini 10 nömrəli musiqi məktəbində alan Arif Əsədullayev 1970-ci ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin, 1975-ci ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının kamança sinfini müvəffəqiyyətlə bitirmişdir. 1963-cü ildən ifaçılıqla məşğul olan Arif Əsədullayev uzun illər Azərbaycan Dövlət Filarmoniyasında, Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında solist kimi fəaliyyət göstərmiş, respublikanın bir çox ustad xanəndə və müğənnilərini müşayiət etmişdir. Azərbaycan xalq musiqisinin yorulmaz təbliğatçısı və mahir ifaçı olan istedadlı kamança ustası Arif Əsədullayev dünyanın 20-dən artıq ölkəsində Azərbaycan xalq musiqisini uğurla təmsil etmişdir. O, "Muğam-68" festivalının, 1983-cü ildə Fransada, 1984-cü ildə Avstriyada keçirilən beynəlxalq folklor festivallarının, 1985-ci ildə isə Moskvada keçirilən XII ümumdünya festivalının iştirakçısı və diplomantı, Azərbaycan xalq musiqi ifaçıları cəmiyyətinin sədridir.

Zəngin ifaçılıq təcrübəsi olan A.Əsədullayev 1967-ci ildən bu günədək pedaqoji fəaliyyətlə məşğul olur. Peşəkar ifaçı və təcrübəli pedaqoq bir çox tədris proqramlarının, elmi məqalələrin, "Çahargah" adlı tədris videofilminin, əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevin 70 illiyinə həsr olunmuş "SD" kompakt diskinin müəllifidir.

O, Azərbaycanın yeddi əsas instrumental muğamını "Çahargah", "Humayun", Rast, "Bayatı-Şiraz", "Zabul segah", "Şur" və "Şüştər" muğamlarını ilk dəfə olaraq nota köçürmüşdür. Respublika Təhsil Nazirliyi elmi metodiki şurasının təsdiq etdiyi bu unikal dərs vəsaitlərinin redaktoru müəllifin həyat yoldaşı, respublikanın xalq artisti professor Şəfiqə Eyvazova, rəyçiləri isə sənətşünaslıq namizədləri Ceyran Mahmudova və Aslan Məmmədovdur. Muğam sənətinin qorunub saxlanmasında müstəsna xidmətləri olan Arif Əsədullayevin nota aldığı bu muğamlar müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox lazımlı tədris vəsaitidir. Nota alınmış bu muğamlar muğamatın və onun elminin tədqiqi və təbliği ilə məşğul olan tədqiqatçı və ifaçılar üçün əsl istinad mənbəyidir.

Böyük bəstəkarımız Arif Məlikovun sözləri ilə desək, "Arif Əsədullayevin gördüyü iş təkcə sənətşünaslıq baxımından deyil, bir vətəndaşlıq xidməti kimi də çox mühümdür. Muğamların nota alınaraq nəşr edilməsi, onların milli mənsubluğu ilə bağlı sərvətimizə uzanan qərəzli, xain əllərin birdəfəlik kəsilməsi deməkdir".

 

Xalq qəzeti.- 2007.- 10 yanvar.- S. 6.