Nəzakət

 

"Aylı gecəm" adlı diskin təqdimat mərasimi kecirildi

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Azərstar" müsabiqəsinin qaliblərindən olan Nurlan Növrəslinin "Aylı gecəm" adlı diskinin təqdimat mərasimi keçirildi. Məlumat üçün deyim ki, Nurlan Növrəsli 1984-cü ildə Bakı şəhərində anadan olub. 0,1991-2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi məktəbində təhsil almış, 2006- ildə isə Bakı Musiqi Akademiyasının "Solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirmişdir. Nurlan Növrəsli musiqi məktəbləri arasında keçirilən VII respublika müsabiqəsinin laureatıdır. "Space" Teleradio şirkətinin təqdim etdiyi "Azəristar" 2004 musiqili televiziya müsabiqəsinin finalçısıdır. 2006-cı ildə Qazaxıstanda keçirilən "Cahan Dala" XI populyar musiqi mahnı müsabiqəsinin laureatı, 1-ci yerin qalibidir. Hazırda Nurlan Növrəsli "Space" Teleradio şirkətinin solistidir.

Təqdimat mərasimində çıxış edən gənc müğənni Nurlan Növrəsli qısa bir şəkildə yaradıcılıq işlərindən yaxın gələcəkdəki layihələri barədə məlumat verdi. O, ilk olaraq, qeyd etdi ki, yenicə işıq üzü görmüş "Aylı gecəm" diski ötən ilin oktyabrında Moskva şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ərsəyə gəlmişdir. Belə ki, Moskvada fəaliyyət göstərən "Buta" Mədəniyyət Mərkəzi tərəfindən disk işıq üzü görmüşdür. Azərbaycan Mədəniyyəti Günlərinə gəlincə isə, müğənni bildirdi ki, o, konsert proqramlarında çıxış etmiş, müasir estrada klassik musiqi nömrələrini iştirakçılara təqdim etmişdir.

Diskə daxil edilən hər bir musiqi nömrəsi ifaçı tərəfindən yeni bir üslubda oranjiman edilmişdir. Müğənni yaxın gələcəkdə diskə daxil edilmiş "Nolar" mahnısına klip çəkdirməyi planlaşdırır. Bütün bunlarla yanaşı, o, yaxın gələcəkdə solo konsert vermək fikrindədir. Nurlan Növrəslinin qardaşı Şahin Növrəsli ad günü münasibətilə solo konsert verməyi planlaşdırır.

Mətbuat numayəndələrinə təqdim olunan "Aylı gecəm" Nurlan Növrəslinin ilk diskidir. Diskə 10 mahnı "Sən ki" mahnısına çəkilmiş klip daxildir. "Aylı Gecəm" adlanan diskə Azərbaycan klassik bəstəkarlarından Cahangir Cahangirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun, müasir bəstəkarlarımızdan isə Siyavuş Kəriminin, Ülviyyə Hacıbəyovanın, Aygün Səmədzadənin Şahin Növrəslinin bəstələdikləri musiqi nömrələri daxil olunmuşdur.

"Aylı gecələr", "Sən ki", "Qızıl üzük", "Hardasan" digər diskə daxil olunan mahnıların sözləri isə, İ.Səfərliyə, R.Rzaya, T.Əyyubova, S. Həqqiyə, N. Paşayevaya, K. Abıyevaya Z. Fazilə aiddir.

 

Səs.- 2007.- 19 yanvar.- S. 12.