Rzayeva İ.

 

Elitar sənətin missiyası

 

Yaxud Sevda Ələkbərzadənin «Şəbi-hicran»ının yaratdığı təəssüratlar

   Sevda Ələkbərzadədən müsahibə almaq qərarına gəlmişdim. Bu fikrə düşməyimin də səbəbi vardı. Yeni ildə, hər dəfə olduğu kimi, sadəlövhcəsinə maraqlı bir proqram axtarışında pultun düymələrini dalbadal basaraq bir kanaldan digərinə keçirdim. Sonda bezib televizoru qapatmaq istədiyim məqamda birdən, səhv etmirəmsə, Az.TV-də onun «Şəbi-hicran» konsertindən parçalar gördüm. Təxminən iki il əvvəl filarmoniyada keçirilmiş bu maraqlı konsert-layihənin, bir yaradıcı insan olaraq elə Sevdanın özünün də bir qədər diqqətdən kənar qaldığı qənaətindəyəm.

Çox gənc yaşlarından «Rast» qrupunda peşəkar musiqi ifaçılığı fəaliyyətinə başlayan, tez bir zamanda başgicəlləndirici populyarlığa nail olsa da, başı gicəllənməyən Sevdanın xüsusi təqdimata ehtiyacı yoxdur. Amma icazənizlə, mən onu fərqli bir tərzdə, bugünkü cəmiyyətimizdə hökm sürən meyarlar baxımından təqdim edim.

Beləliklə, Sevda:1. Özünüreklam məqsədilə dəridən-qabıqdan çıxmır. Qalmaqallarda adı hallanmır;

2. Onu şou-maqazin proqramlarında çox nadir hallarda göstərirlər;

3. Toy biznesindən kənardır! (Dəhşət!);

4. 100 min dollarlıq avtomobillərdə gəzmir (vay-vay). Heç cangüdəni də yoxdur;

5. Onun fəxri adı yoxdur!

Maraqlı göstəricilərdir, deyilmi? Bu siyahıdakı ardıcıllığa da fikir verin lütfən. Burada hər bir bənd özündən əvvəlkinin məntiqi nəticəsidir. Yəni özünü reklam etmədiyindən qalmaqal yaratmaq onun planlarına girmir, odur ki, şou-maqazin proqramlarının maraq dairəsindən kənarda qalır, nəticədə (həm də bir sıra digər səbəblərdən) toylarda meydan sulamır və təbii ki, böyük paralardan kənar qalır, bu, onu «ulduz aksessuarları»ndan (maşın, təzə binada mənzil, cangüdən və s.) məhrum edir. Nəhayət, bütün bunlar onun nə zamansa fəxri ad almaq ehtimalını heçə endirir.

Amma bunların Sevda üçün o qədər də əhəmiyyəti yoxdur! Buna onunla söhbətimdə bir daha əmin oldum. Nədən soruşdumsa, Sevda hərlənib-fırlanıb «Şəbi-hicran»ın digər işlərinin üzərinə gəlirdi. Müsahibəni bitirib ondan ayrılan kimi zəng vurdu mənə «gəl bu yazını prezentasiyadan sonraya saxlayaq» dedi: «Bilirsənmi, istəyirəm özün görüb qiymətləndirəsən». «Lap yaxşı» - dedim. Düşündüm ki, müsahibəni almışam, prezentasiyadan sonra daha ətraflı yazaram.

Amma «Şəbi-hicran»ın təqdimatından sonra müsahibə fikrindən, ümumiyyətlə, vaz keçdim. Çünki onun səhnədən təqdim etdikləri daha çox mətləbdən danışırdı.

Mərasimdən parçalar.

Sevda səhnəyə çıxıb qonaqlarını salamlayır, layihəni həyata keçirməkdə ona dəstək olmuş adamı Nazim Abdullayevə təşəkkür edir musiqiçi həmkarlarını təqdim edir. Bərk həyəcanlıdır. Nədən başlayıb nədə qurtaracağının fərqində deyil:

- Mən gözəl danışa bilmirəm. Məni bağışlayın. Özü bura bizim dəyərli sənətçilərimiz gəlib. Onların yanında söz demək xüsusilə çətindir

Nədənsə məni bir zaman çox təsirləndirən hadisəni xatırlayıram. Tədbirlərin birində dəyərli sənətçimiz Akif İslamzadə özünü narahat edən bir məsələdən danışır, fikirlərini çox həyəcanlı şəkildə çatdırmağa çalışır, hiss olunur ki, çətinlik çəkirdi. Bu yerdə tanınmış jurnalist Xaliq Bahadır ona ərklə:

- Akif, sən danışma, sən oxu, - dedi.

Araya süküt çökdü. Akif bəyin üz ifadəsi dəyişdi. Öz-özünə gileylənirmiş kimi: «Oxuya bilsəydim, heç danışmazdım…» dedi...

Qayıdaq təqdimat mərasiminə. Bakının bütün bomondu burda idi. Rəsmilərdən mədəniyyət naziri Əbülfəs Qarayev, ABŞ Rusiya səfirləri, sənətçilərdən Əminə Yusifqızı, Fərhad Bədəlbəyli, Şəfiqə Məmmədova, Fidan Xuraman Hacıyevalar, Oqtay Mirqasımov, Ağaxan Abdullayev, İlqar Muradov, Zülfiyyə, Cahangir Səlimxanov, Səyavuş KərimiQonaqların hamısı tanınmışlar idi, onların adını bir-bir çəksəm, bütün səhifəni tutar. Əlbəttə, istənilən tədbirdə tanınmışların iştirakı ona bir sanbal gətirir. Amma Sevdanın snob olmadığını dəqiq bildiyimdən həmin adamlarla münasibətlərinin səmimiyyətinə inanıram. Onların da Sevdanın yaradıcılığını tam səmimi sevdiyinə şübhəm yoxdur.

Ölkənin mədəni həyatında xidməti olmuş bu qədər insan bir araya gəlmişdi. Sevda cəsarətliymiş. Onların zövqünü oxşamaq o qədər asan deyil. Bu mənzərəni seyr edib istər-istəməz fikirləşirəm, axı ölkənin mədəni simasını bu digər dərəcədə formalaşdıran bu qədər insanın olduğu bir məkanda nədən bayağı toy estetikası günümüzə hakim kəsilib? Yəni onların hər biri buna müqavimət göstərə bilməzdimi?

isə, mətləbdən uzaqlaşmayaq. Sevda böyük bir zəhmətin bəhrəsini təqdim edirdi. İndiyədək səslənməyən, bir-birindən maraqlı kompozisiyalar, xalq mahnılarımız, müəllif bəstələri yeni bir biçimdə ifa edilməyə başladı. Konsertin əvvəlində musiqi fonoqramla səsləndi. Yəqin ki, İngiltərənin, Almaniyanın, elə özümüzün ən güclü uzmanlarımız tərəfindən hazırlanmış musiqinin keyfiyyətini bizlərə çatdırmaq üçünAxırda canlı oxumağa həmişə üstünlük verən, ən əsası buna təpəri olan Sevda əlbəttə ki, xeyli canlı ifalarını da qonaqlarına hədiyyə etdi. Bəzilərini, hətta ekspromt olaraq. «Bəri bax» qrupu, «Natiq» ritm qrupu ilə birgə qədim mahnılarımız ifa olundu. Nəzərə alsaq ki Sevda bərk zökəm idi (bu o danışarkən hiss olunurdu), bunun qədər çətin olduğunu anlayarsınız.

Yeni repertuar sənətçiyə yeni bir baxış bucağından baxılmasını da tələb edir. Yaradıcılığında caz, muğam, estrada, folklor elementlərini bir çoxları kimi yamaq etməyən, onları üzvi surətdə sintez etməyi bacaran Sevda əslində bəlli bir insan qrupunun, mən deyərdim, yeni formasiya adamlarının - burjua sinfinin sənətçisi kimi differensasiya edilməkdədir. Əlbəttə, onun təqdim etdiyi sənət məzmun, üslub baxımından toylarda səslənə bilməz. Söhbət keyfiyyətdə deyil, hərçənd bu da var. Sinfi ziddiyyətlərin kəskinləşməyə doğru getdiyi bir zamanda yaranmış uçurumda sənəti ilə körpü salan Sevda bəlkə özü bunun fərqində deyil. Həmin gün prezentasiyada son dərəcə modern kosmopolit qafalar da özlərinin azərbaycanlı olduğunu xatırladılar, özü bu hiss onları məhəlli çərçivələrə salıb kiçiltmədi, lokallaşdırmadı. Milliliyin heç sözün pis mənasında kəndçilik, əyalətçilik olmadığını həmin gün səslənən musiqi təsdiq etdi.

Sevdanın özü belədir. Çox müasir dünyagörüşlü təpədən dırnağa qədər azərbaycanlı. Xalq musiqisini yeni oranjimanda burjua təbəqəsinə sevdirən, ona dünya musiqisi elementləri qatıb bəşəri sənət meyarlarına yaxınlaşdıran Sevda hədəfə məncə, çox yaxınlaşıb. Yaranmaqda olan yeni Azərbaycan elitasının müğənnisinə çevrilməyə başlayıb. Qalır bircə onun auditoriyası. Görəsən, onlar Sevdaya onun təqdim etdiyi elitar sənətə sahib çıxmağı bacaracaqmı?

Maraqlıdır, bu elitar burjua təbəqənin özünün formalaşması məhz bu cür sənətə münasibətlərindən asılı olacaq. Sevdanın sənət uğurlarını professional baxımdan musiqiçilər hələ çox təhlil edəcək, qiymətləndirəcəklər. Təkrar edirəm: professional baxımdan. İctimaiyyətə isə hadisənin özü maraqlıdır. Köhnə modellərin mühafizəkar sabitliyindən qorxmayıb onlara yeni nəfəs gətirmək mahiyyətcə proyekt müəllifindən inqilabi təfəkkür cəsarət tələb edən şeylərdir. Sakit, təvazökar, öz işində-gücündə olan bu xanımda, sən demə, belə keyfiyyətlər varmış!

Bəs onun auditoriyası necə? Elitar sənəti öz plebey passionarlığı ilə sıxışdırmaqda olan bayağı toy estetikasından qoruya biləcəkmi? Bunu zaman göstərəcək!

 

Gündəlik Azərbaycan.-2007.-31 yanvar.-S.14.