Mətin

 

Faiq Ağayev «EtirAF» etdi

 

Əməkdar artist Faiq Ağayev yanvarın 9-dan 5 günlük solo-konsertinə start verib. Konsertdən əvvəl keçirdiyi mətbuat konfransında müğənni konsertdə bir çox etiraflar edəcəyini, qeyri-adi geyimlərdə səhnədə görünəcəyini, bir sözlə, hər şeyin qeyri-adi olacağını vəd etmişdi. Biz də onun etiraflarını dinləmək ümidilə Respublika Sarayına yollandıq. Faiq Ağayev dediyi kimi, Avropasayağı geyimdə yox, klassik kostyumda səhnəyə çıxdı və "Biləydim kaş" mahnısı ilə konserti açdı. Qeyd edək ki, ilk dəfə müğənninin 1.5 il əvvəl oxuduğu bu mahnının musiqisi tanınmış bəstəkar Eldar Mansurova, sözləri isə Piruz Dilənçiyə məxsusdur. Yeni ildə bu mahnıya çəkdirdiyi klipini təqdim edən müğənni bəstəkarla aralarında çoxdan bəri davam edən soyuq münasibətlərin arxada qaldığını da söylədi.

Qeyd edək ki, konsertdə müğənnini "Spayder" şou-balet qrupu müşayiət etdi. Müğənni bu qrupun müşayiəti ilə həm yeni, həm də retro mahnılarını, hətta ötən il oxuduğu və tamaşaçılar tərəfindən qısa vaxt ərzində sevilən "Ömür bumu" mahnısını da ifa etdi.

Onu keçmiş "Yeni ulduz"çulardan ibarət qrup vek-vokalda müşayiət etdi. Hətta bu qrup tamaşaçılar üçün xalq mahnısı da ifa etdilər. F.Ağayev əvvəlcədən konsertdə müğənni dostlarının iştirak edəcəyini söyləsə də, heç kim gözə dəymədi. Və nə qədər gözləsək də, konsertin sonuna kimi F.A. heç bir sensasiyaya səbəb olacaq etiraf etmədi.

Qeyd edək ki, yanvarın 13-nə kimi davam edəcək konsertə satılan biletlərin qiyməti 6-20 manat arasında olub.

 

Azadlıq.- 2007.- 12 yanvar.- S. 15.