«Sazı mənimlə basdırmağı vəsiyyət
etmişəm»
«Azərbaycandayam, bir
yerə getməmişəm. Yeddi ildir Bakıda
yaşayıram. Amma son dövrlər məclislərə az-az
gedirəm. Səhhətim də arabir dəyişir. Gah
yaxşı olur, gah pis».
Bunu APA-ya eksklüziv
müsahibəsində tanınmış sənətkar
aşıq Ədalət Nəsibov deyib. İndiyədək
ona nədən fəxri ad verilməməsi ilə
bağlı sualı cavablandıran aşıq bunları
deyib:
- Mənə xalq artisti
adı vermək üçün təqdimat yazmaq
istədilər, amma razılaşmadım. Mən artist
deyiləm, el aşığıyam. Mənə xalq
aşığı adı verilməsini istəyirəm.
Deyirlər, gərək bununla bağlı, Milli Məclis
qərar çıxarsın. İstəyirəm
Azərbaycanın ilk xalq aşığı fəxri adına
mən layiq görülüm.
- Sizdən sonra
sazınızı kim çalacaq?
- Bir dəfə jurnalist
Firudin Şuşinski yazmışdı: “Məndən olsa,
Ədalətdən sonra sazı məhv edərəm”.
Övladlarıma sazı mənimlə basdırmağı
vəsiyyət etmişəm. Bu məsələ ilə
bağlı mənə çox təkid eləyiblər.
Özümlə basdıracağım saz evdədir. Onun
üzünü sökdürmüşəm. Sazın
üzünün ürəyimin üstünə
qoyulmasını vəsiyyət etmişəm. Saz
mənimlə getməlidir. Artıq 10 ildir ki, bu barədə
qəti qərar vermişəm, övladlarım da bilir.
Özümlə bu dünyadan pul-var aparmıram, bircə
sazımı istəyirəm. Vaxt vardı ki, sazı 5-10 manata
alan yox idi, amma indi sazın qiyməti 500 dollar olub. Bunu
Ədalət eləyib. Məndən sonra nə olacaq,
bilmirəm. Çalmağına çalacaqlar, ancaq
Ədalət olmayacaq.
Gündəlik Azərbaycan.-2007.-30 yanvar.-S.13.