Nəzakət
Onlar həmişə cavan qalacaqlar
Sərgidə ilk dəfə olaraq,
şəhid vətən övladlarının şəxsi
arxivində saxlanılan əşyalar nümayiş olunurdu
20 Yanvar faciəsilə
əlaqədar ölkəmizdə müxtəlif
tədbirlər təşkil olunmuşdur ki, bunlardan biri də
"İstiqlal" muzeyində "Onlar həmişə
cavan qalacaqlar" adlı sərgidir. Bu sərgi bu günə
qədər 20 Yanvar faciəsində şəhid olmuş
vətən oğullarına həsr edilən
sərgilərdən tamamilə fərqli idi. Belə ki,
adətən, sərgilərdə Azərbaycan rəssamlıq
məktəbinin görkəmli fırça ustalarının
yaratdıqları tablolar nümayiş olunurdusa, bu dəfə
şəhid olmuş vətən övladlarının
şəxsi arxivində saxalanılan və onları xatırladan
ekspozisiyalar iştirakçıların ixtiyarına verilmişdir.
Sərgidə
şəhid olmuş beş şəxsin əşyaları
nümayiş etdirilirdi, Məmmədova Larisa Fərman
qızının əli ilə uşaq üçün
toxuduğu əşya, özü üçün tikdiyi
gecə köynəyi, Ağabəy Novruzbəylinin
tələbə bileti, ona verilmiş fəxri diplomları,
şəxsi gündəliyi, 20 Yanvar faciəsi
ərəfəsində yazaraq divarlara yapışdırdığı
kağızlar, cib saatı, kitabxanasında saxlanılan ,
əsərlər, Ələkbərov Azərin cido kimanosu, ulu
nənəsinin hədiyyə etdiyi türbə təsbehi,
şəxsi kitabları, Fərizə Allahverdiyevanın
İlhama ad günündə hədiyyə etdiyi suvenir,
şəxsi gündəliyi və digər maraqlı
əşyalar 20 Yanvar faciəsinə həsr olunmuş
sərgidə öz əksini tapmışdır. Qeyd edim ki,
sərgidə adlarını qeyd etdiyimiz şəhid
övladlarının yaxınları iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə Azərbaycan Mədəniyyət və
Turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq,
20 Yanvar faciəsi zamanı şəhid olmuş vətən
övladlarının xatirəsini yad edərək,
Azərbaycanın müstəqilliyi yolunda canını qurban
etmiş şəxsləri vətənpərvərlik ruhundan
danışdı. Həmin gecə rus imperiyasının
törətdiyi vəhşilik Azərbaycan tarixinin silinməz
bir hissəsini təşkil edir. Azərbaycanı
bürüyən od-alov, ölüm təhlükəsi,
vətən uğrunda mübarizəyə qalxmış insanların
qarşısını ala bilməmiş, onların
şəhidlik zirvəsinə ucalmasına səbəb olmuşdur.
Vəhşi cəlladların qana susamış
əməlləri nəticəsində nəinki qəti
etirazlarını bildirən insanlar, hətta dinc sakinlər
belə gülləbaran olmuş, dünyasını
dəyişmişlər.
Sevda xanım 20 Yanvar
faciəsilə bağlı fikirlərini ifadə edib,
"İstiqlal" muzeyində onların xatirəsini
yaşadan əşyaların nümayiş etdirməsini
təqdirəlayiq hesab etdi. Sərgidə şairə
Zəminə Xınalı, şəhid atası Nəsib
Azərli və başqaları çıxış
edərək 20 Yanvar faciəsinin acı həqiqətlərindən
danışıb, mərd övladları ölümə
sürükləyən dəhşətli gecənin kəskin
bir xarakter almasını göz önündə
canlandırdılar. Tədbirdə Zəminə Xınalı
"İstiqlal" muzeyinə müəllifi olduğu kitablardan
bir neçəsini hədiyyə etdi.
Sərgiyə hərbi
dənizçilik məktəbindən, sərhəd qoşunlarından
nümayəndələr, bu və ya digər
mədəniyyət və təhsil ocaqlarından ziyalılar
dəvət olunmuşdu.
Səs.- 2007.- 24 yanvar.- S. 12.