Sevgin D.
Aktyor-şair yoxsa, şair-aktyor
İsti yay günlərindən biri idi. Xalq şairi, gözəl və səmimi insan Nəriman Həsənzadənin 75 illik yubileyində iştirak edirdik. Respublikamızın xalq artistlərindən Laləzar xanım və İlham Əsgərlə bir sırada əyləşmişdik. Xalq artisti Tariyel Qasımov da bizim sıramızda idi. Tariyel Qasımov mənə öz "O gül..." adlı şeirlər və "Ömrün sənət yollarında" - kitablarını təqdim etdi. Doğrusu, bu mənim üçün çox gözlənilməz oldu. Çünki mən Tariyeli aktyor sənətində öz yerini tapmış, sözünü demiş gözəl sənətçi kimi tanıyırdım. Səhnəmizdə və ekranlarımızda onun sənətini böyük maraqla izləyənlərdən biri idim. Bu kitabları vərəqlədikcə düşünürdüm ki, sənətin yüksək pillələrinə öz zəhməti ilə qalxmış bu gözəl aktyorumuz söz yox ki, şairlik iddiasında ola bilməzdi. Sadəcə olaraq, öz ürək çırpıntılarını qələmə almışdır. Mən öz fıkirlərimdə yanılmamışdım. Hər iki kitab əsas verir deyim ki, Tariyel Qasımovun böyük zəhməti qarşısında əldə etdiyi uğurlarla kifayətlənməyib, yenidən yuxusuz gecələr keçirən, mənəvi dünyasını vərəqə köçürmüş, istedadın ona verdiyi bütün imkanlardan istifadə etməyə çalışmışdır. İnsan ömrünün hər anı, hər dəqiqəsi, hər saniyəsi belə qiymətlidir. Əbəs yerə deyilməyib ki, "itən qızılı tapmaq olar, amma itən vaxtı yox!".
Tariyel Qasımov də məhz belə prinsiplərlə yaşayan insanlardandır.
Qəm etmə, çox işlər gözləyir səni, Ölməkdən qələbə çalmaq yaxşıdır.
Bəli insanın həmişə qələbə çalması, qalibiyyətə doğru can atması mənalı ömürə aparır, onu amalı uğrunda yaşatmağa sövq edir. Hələ uşaqlıqdan aktyorluq sənətinə böyük marağı və həvəsi olan Tariyelin arzusuna qarşı evdə əzizləri çıxır. Söz yox ki, bu asan başa gəlmir. Həm maddi, həm mənəvi destəkdən məhrum ola-ola yaşamaq, lakin sınmamaq, amalın uğrunda səy və bacarığını meydana qoymaq, arzularına şərəflə qovuşmaq prinsipi, Tariyel Qasımovu uğurlara apara-apara zirvəyə qaldırır. Bütün bunlar Tanrının Tariyelə bəxş etdiyi böyük istedadın və onun çəkdiyi zəhmətin bəhrəsi idi.
Mən istərdim gedənlərin Yaxşılığa sözü qalsın. Bu dünyada qalanların Ürəyində izi qalsın!
"O gül" kitabında Tariyel Qasımov bütün həyatını, taleyində baş veren olayları özü ilə pıçıldaşa-pıçıldaşa şeirə çevirib, misralara düzüb. Sanki onu arzulara aparan yolların, cığırların astanasında bir qədər nəfəs alıb, yenidən yoluna davam edir.
Məni paxıllardan qoru sən Allah, Dərbənddə yaradım mən şah rolumu. Aylar məni yorur, kəsəcək sabah Ürəkdə çırpınan arzu yolumu.
Tariyel Qasımov səhnədə öz vücuduyla tam cismani varlığında daxili və xarici aləmiylə yaratdığı canlı obrazları, söz aləmində də bir şair kimi söz sənətini yaradır və gözəgörünməz obrazları ilə oxucunu düşündürməyə vadar edir. Bütün bu notlarda dosta, elə-obaya, qohum-qardaşa, ailəyə, övladlarına, sənətinə, bir sözlə, onu əhatə edən bütün varlıqlara sönməz eşq, məhəbbət ruhu, dosta dost, düşmənə düşmən motivləri dayanır.
Oğrun baxışların cəlb etdi məni, Beləcə özünə bənd etdi məni, Bir vaxt ayıldım ki, sevmişəm səni, Məni məftun edib gedənim mənim.
Şeirlərini oxuduqca, səhnədə göstərdiyi yüksək səviyyəli, bacarıqla oynadığı rollardakı obrazlarını düşündükcə, Tariyel Qasımovu bilmirəm aktyor-şair, yoxsa şair-aktyor adlandırım?!
Onu bilirəm ki, respublikamızın xalq artisti, gözəl
insan, hamının sevimlisi Tariyel Qasımov hər iki sənətdə özünəməxsus bacarığına görə istedadlı
şəxsiyyətdir. Ona
uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.
Kaspi.- 2007.- 10 yanvar.- S. 6.