Zəhra

 

Aktyor Ələkbər Hüseynov

 

Beynəlxalq Təbəssüm Ordeninə layiq görülüb. Kukla Teatrının baş rejissoru, Əməkdar artist Ələkbər Hüseynov Beynəlxalq Təbəssüm Ordeni ilə təltif olunub. Bu haqda məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti verib: "Varşavada keçirilən iclas zamanı Təbəssüm Ordeninin Kavaleri Marek Mixalaq mükafat sahiblərinin adlarını açıqlayıb. Siyahıda Ələkbər Hüseynovun da adı yer alıb. Bu, dünyada yeganə ordendir ki, uşaqlar tərəfindən böyüklərə, onların

göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə millətindən, dinindən, yaşadığı yerdən asılı olmayaraq verilir. Burada orden sahibləri uşaqların böyüklərin göstərdikləri isti münasibətlərə görə verdikləri ballar əsasında müəyyənləşir". Təqdimat mərasimində çıxış edən M.Mixalaq bunun 2006-cı ilin ikinci yarısı üçün müəyyənləşən göstəricilər olduğunu vurğulayıb. Qeyd edək ki, bu ideya ilk dəfə Polşada yaranıb. Lakin ordeni vermək təklifini eyni zamanda başqa ölkələrdən olan uşaqlar da dəstəkləyirlər. BMT baş katibinin qərarı ilə 1979-cu ildə Təbəssüm Ordeni beynəlxalq status alıb. 38 il ərzində bu Orden 800-dən çox insanı əhatə edib. Onların sırasında papa II İohann Pavel, Tereza Ana, İsveç kraliçası Silvia, kral Əbdül Əziz əl-Səud, Sara Ferqüson, Stiven Spilberq, Piter Ustinov və başqalarının adları yer alır.

 

525-ci qəzet.- 2007.- 10 yanvar.- S. 7.