Mehdixanlı T.

 

Səhnə, ekran fədaisi

 

Milli teatrımızın inkişafında xidməti olanlardan biri də xarakterik obrazlar yaratmış Məmmədrza Şeyxzamanovdur. O, deyərdi: "Həyat məni məcbur etdi ki, aktyor olum. Uşaqlıq çağlarımda gözümün biri güldüsə, digəri ağladı. Sevinmək, fərəhlənmək üzünə tamarzı qaldım. Oynadığım rollarda taleyimin bu dözülməz anları aşkar duyulur".

M.Şeyxzamanov 90 il əvvəl Gəncə şəhərində dünyaya göz açmışdı. Dövr gərgin idi. Yaşamaq çətinləşmiş, sabaha ümid öləzimişdi. Atası isə kişi gecə-gündüz işləyib evinə ruzi gətirərdi. Oğlu Məmmədrza 1934-cü ildə orta məktəbi bitirdi. Fitri istedadına görə onu Gəncə Dövlət Dram Teatrına işə qəbul etdilər. Mərhum rejissor H.İsmayılov ona etimad göstərdi. O, ilk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma obrazında səhnəyə çıxdı. Doğrudur, rol epizodik idi. Lakin səhnə əsərinin mahiyyətinin, mənasının açılmasına xidmət edirdi. Unudulmaz teatr xadimi mərhum Mehdi Məmmədov bu barədə yazıb: "Epizodik rollar nəhəng ağacların dibindən boy atan pöhrələr kimidir. O pöhrələr  epizodik rollar da əsas obrazların inkişafına xidmət göstərir". Ancaq İkinci Dünya müharibəsi onun da arzusunun həyata keçməsinə imkan vermədi.

Dəhşətli günlərdə gözləri yolda qalan insanlara müəyyən qədər təskinlik vermək, kədərlərini unutdurmaq lazım idi. Bu işdə Gəncə teatrının tarixi xidməti olub. Yaradıcı kollektivin başqa üzvləri kimi Məmmədrza Şeyxzamanov da var gücü ilə çalışırdı. O, səhnədə Qacar, Eldar ("Vaqif"), Fərhad ("Fərhad Şirin"), Yuri ("iki qardaş"), Platon ("Platon Kreçet"), İmamyar ("Yaşar"), Rəbi ("Od gəlini") başqa rolları yaratdı.

M.Şeyxzamanovu 1954-cü ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət etdilər. Burada daha artıq sevildi, sənətsevərlər tərəfindən tanındı. Unudulmaz teatr rejissorları Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun quruluş verdikləri tamaşalarda professor Şahbazov ("Göz həkimi"), Poliksen ("Qış nağılı"), Xosrov ("Fərhad Şirin"), Barxudar ("Namus"), Fərhad Kamalov ("Alov"), Möhsünzadə ("Unuda bilmirəm"), Oksen ("Bağdasar dayı"), Hacı Həsənağa ("Ölülər"), Saatsaz ("Zamanın hökmü"), Müfti ("Xəyyam") rollarını məharətlə oynadı. "Göz həkimi" səhnə əsərində onun yaratdığı professor Şahbazov rolu barədə məşhur teatrşünas Cəfər Cəfərov yazıb: "Aktyor professional ifa qabiliyyəti ilə müəllif fikrinin əyani şəkildə təsdiqini canlandırmışdır".

M.Şeyxzamanov yaratdığı rollarda dövrün olaylarını, reallığını olduğu kimi, inandırıcı şəkildə çatdıra bilirdi. Onun "Tütək səsi" kinofilmində oynadığı el ağsaqqalı obrazı ekran sənətimizin tarixində bənzərsizdir. Kədərli, qüssəli bir mənzərə isə tamaşaçıların göz yaddaşında qalıb. Ümidsizliyə düçar olan ağsaqqalı qara basır. Ona elə gəlir ki, cəbhədən əsgər qayıdıb doğma yurd yerini tanımır. Çünki evlər dağılıb, ətraf viran olub. El ağsaqqalı onun ardınca  meşə boyu qaçır. Amma çata bilmir. Könülsüz, incik halda deyir: "zün dönsün, zalım zəmanə!". Sonra telli sazı dilləndirir.

Unudulmaz aktyor "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş tam metrajlı bədii filmlərdə Şahbazov ("Bəxtiyar"), Alı kişi ("Qızmar günəş altında"), Dərviş ("Leyli Məcnun"), Həkim Eldostu ("Bir qalanın sirri), polkovnik Qurbanov ("Onu bağışlamaq olarmı?"), Şirin kişi ("Əhməd haradadır?"}, Şeyx Əzəm ("Nəsimi") bir çox başqa dərin mənalı, emossional xarakterli obrazlar yaratmışdı. O, çəkildiyi ekran əsərlərində müdrikliyi, səmimiyyəti ilə tamaşaçıların rəğbətini qazanmışdı.

Görkəmli səhnə, ekran ustası mmədrza Şeyxzamanovu məmnuniyyətlə yad edib, yoxluğunu niskilli xatırlayan tanınmış teatr rejissoru, xalq artisti Ağakişi Kazımov deyir: "Məmmədrza müəllim ali cənab, ağırtəbiətli, sənətini sevən insan idi. Sözünə-söhbətinə fikir verən, sərt xarakteri, ipək kimi yumşaq ürəyi vardı. O, 30 ildən artıq Akademik Milli Dram Teatrında işlədi. Oynadığı rollara qarşı həddən artıq məsuliyyət duyardı. Görkəmli sənətkar Adil İsgəndərov onu "Əhməd haradadır?" bədii filmində Şirin kişi roluna çəkdi. O, Şirin kişinin timsalında Azərbaycan ağsaqqalının şərəf, şöhrətini canlandırmış, dostluğun ümumiləşmiş obrazını yaratmışdı. Onun gərgin əməyi vaxtaşırı qiymətləndirilərdi. Yadıma gəlir, 1974-cü ildə söz-sənət qədri bilən ulu öndər Heydər Əliyev onu Xalq artisti fəxri ad alması münasibətilə təbrik etmişdi. İlahi, o, sevincdən necə kövrəlmişdi?.. ".

... M.Şeyxzamanovun ömrünün çox günləri səhnədə, çəkiliş meydançalarında keçərdi. Yorulardı, amma aktyor sənətini seçməsindən, sevməyindən peşman olmazdı. O, Dövlət mükafatına layiq görülüb. Təcrübəsini, səhnə xidmətinin sirlərini gənc həmkarlarına öyrədib, onların qayğısma qalıb. Bunun üçün daim xatırlanır, yad olunur.

 

Azərbaycan.- 2007.- 16 yanvar.- S. 5.