Mehdixanlı T.

 

Ömür insana bir dəfə verilir...

 

Bu fikri xalq artisti, məşhur səhnə ustası, dramaturq Ramiz Novruzovdan çox eşitmişik. Bilirik ki, o, sevib-seçdiyi sənətinə qəlbən, ürəkdən bağlı olanlardan biridir. Ad günü ərəfəsində görüşdük. Xeyli söhbətləşdik. Keçdiyi həyat yolundan, sənətə gəlişindən, zəhmətinin müqabilində qismətinə çıxan uğurlardan həvəslə danışdı:
- Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olmuşam. Uşaqlıq, yeniyetməlik vaxtlarımdan ağır işlərdə çalışmışam. Orta məktəbi başa vurub Bakıya gəlmişəm. Birinci ili ali məktəbə qəbul olmaq arzuma çatmadım. Müxtəlif tikinti müəssisələrində fəhləlik etdim. Bəzən yorğunluqdan, əllərimin qabarının ağrısından səhərə qədər yata bilmirdim. Belə bir məşhur deyim var: "Hər şey ölümün acığına". Mən də gərgin, çətin əməkdən, fəhləlikdən, əllərimdəki qabarların göynərtisindən canımı qurtarım deyə dincliyimi unutdum, doyunca yuxu üzünə həsrət qaldım. Növbəti qəbul imtahanlarına ciddi hazırlaşdım. Axır ki, məqsədimə yetişdim. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil oldum. Kurs rəhbəri görkəmli aktyor, rejissor, pedaqoq, mərhum Adil İsgəndərov idi. Ondan təkcə sənətin sirlərini yox, həm də həyatın, yaşamağın mənasını öyrəndim.
Aktyorluq çətin peşədir. Öz taleyini yaşamırsan, yaradacağın obrazın müsibəti, yaxud da bəxtəvərliyi təsirinə düşürsən. Bu hisslər qanından, ürəyindən keçməsə, oynadığın rol robota bənzəyər. Ali təhsilimi başa vuran ili məni təyinatla göndərdilər Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına. Orada Lermontovun "Maskarad" əsərində Knyaz Zvezduq, Tofiq Kazımovun "Muradın kələkləri" tamaşasında Məsxərəçi, Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" pyesində general Şıxlinski rollarında səhnəyə çıxdım. Yeri gəlmişkən, aktyorun ən ali mükafatı tamaşaçı alqışıdır. Heç görmüsünüz kimsə zəhlətökən nəyəsə baxıb gülsün?
Əməkdar incəsənət xadimi, professor, məşhur teatrşünas İlham Rəhimli Ramiz Novruzov barəsində yazıb: "Yaradıcılıq istiqaməti, aktyorluq xüsusiyyətləri realist teatr məktəbinin potetika göstəricilərinə uyğundur. Ritorikadan və zahiri pafosdan uzaq olmağa çalışır. Lirik təmayüllü psixoloji rollarda daha çox uğur qazanır". Dəyərli qiymətə görə çox sağ olsun. Hər dəfə onun müşahidələrinin nəticəsini xatırlayanda oynayacağım rola qarşı daha da tələbkar, həvəsli oluram.
Ramiz Novruzov dedi: "Dünya yaxşı insanlardan xali deyil. Məhz onların köməyi sayəsində 1981-ci ildə Akademik Milli Dram Teatrının aktyor truppasına daxil oldum. O vaxtdan 26 il keçir. Bu müddət ərzində teatrın səhnəsində 45-dən çox rol oynamışam. Bunu dildə səsləndirmək asandır. Hələ məşqləri demirəm. Ən çətini 45 dəfə müxtəlif cür qrimlənmək, geyim, qiyafə dəyişmək, müxtəlif xarakterli obrazları tamaşaçıya çatdırmaqdır. Bunun üçün də əvvəldən dedim ki, aktyorluq çətin peşədir. Amma mən ondan ləzzət alıram. Səhnədə yaratdığım obrazlar mənim səadətim, xoşbəxtliyimdir. Nəbi Xəzrinin "Mirzə Şəfi Vazeh" tamaşasında Molla Əhməd, İlyas Əfəndiyevin "Xurşud Banu Natəvan" əsərində Nəvvab və İran şahzadəsi, Cəfər Cabbarlının "Od gəlini"ndə Rəbi, Bəxtiyar Vahabzadənin "Cəzasız günah" pyesində Toğrul, Hüseyn Cavidin "İblis"ində İbn Yəmin və başqa əsərlərdə oynadığım rollara görə həmişə qürur hissi duymuşam. Çünki onlar məni tanıtdırıb, sevdirib, şanlı-şöhrətli edib. 1993-cü ildə əməkdar, beş il sonra isə xalq artisti fəxri adlarına layiq görülmüşəm.
"Azərbaycanfilm" kinostudiyası ilə sıx yaradıcılıq əlaqəsi saxlayıram. "Nizami"də Dərbənd elçisi, "Alman klinikasına qeyri-rəsmi səfər"də Baba Əliyev və "Sarı gəlin" filmində Rasim rollarına çəkilmişəm. Amma ən böyük sevincim "Sizi dünyalar qədər sevirdim" bədii, tammetrajlı filmində general Həzi Aslanovun obrazında çəkilməyə dəvət alanda oldu. Təbii ki, qəhrəmanın üzünü, qamətini görməmişdim, səsini eşitməmişdim. Ancaq hünəri, vətənsevərliyi haqqında məlumatım geniş idi. Çəkiliş kamerası önündə dayananda ilk olaraq ulu öndər Heydər Əliyevin 1978-ci ildə mərhum generalın abidəsi önündə dediyi bu sözləri xatırladım: "Həzi Aslanov qüdrətli sərkərdə, komandir adını şərəflə daşıyan şəxsiyyət olub. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Bu gün hər bir azərbaycanlı onunla fəxr etməli, göstərdiyi şücaəti heç vaxt unutmamalıdır". Filmin lentə alınması xeyli davam etdi. Çəkilişin əksər hissəsi respublikamızdan uzaqlarda - İkinci dünya müharibəsi zamanı qanlı döyüşlər gedən ərazilərdə, meşələrdə aparıldı. Əziyyətimizin müqabilində generalın adına layiq ekran əsəri yarada bildik. Bir aktyor kimi bu işimdən daha çox fərəh duyuram.
Televiziya rejissorlarına da minnətdaram. Onların dəvəti ilə H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), J.Sartrın "Dəfn edilmiş ölülər" (Apri), A.Moruanın "Bənövşələr" (Bertrand), V.Şeksprin "Antoni və Kleopatra" (Antonio), M.Süleymanlının "Fatehlərin divanı" (Atilla), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad), S.Behrəngin "Balaca qara balıq" (Aparıcı) televiziya tamaşalarında xarakterik rollar oynamışam...
R.Novruzov həm də sevilən dramaturqdur. Onun "At ilinin birinci ayı" pyesi Gəncə Dövlət Dram Teatrında, "Hələ "sevirəm" deməmişdilər..." əsəri isə Akademik Milli Dram Teatrında uğurla oynanılıb. Xudahafizləşib ayrılanda xalqımızın müdrik kəlamlarından birini xatırlatdı: Ömür insana bir dəfə verilir, gərək elə yaşayasan ki, ahıl vaxtında peşman olmayasan.

 

Azərbaycan.-2007.-31 yanvar.-S.7.