Hacıbaba Bağırovun oynadığı
tamaşalar repertuardan
yığışdırıldı
E.Ocaqov: "Başqa
bir aktyorun həmin rolların öhdəsindən gəlməsi
hələlik çox
çətindir"
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bir sıra islahatlar
həyata keçiriləcək. Bunu teatra
yeni təyin olunmuş direktor, əməkdar mədəniyyət
işçisi Elxan Ocaqov söylədi. Uzun illər sənət ocağında sərəncamçı
direktor işləyən
və kollektivə yaxından bələd olan E.Ocaqov mərhum
sənətkar Hacıbaba
Bağırovdan sonra Musiqili Komediya Teatrına rəhbərlik
etməyin çətin
olduğunu bildirdi.
Onu da qeyd etdi
ki, H.Bağırov özü ona bu səlahiyyətləri həyata keçirmək üçün imkan yaradıb.
"Keçid dövrü
bütün sahələrdə
olduğu kimi teatra da böyük
təsirini göstərib.
Teatrlar tamaşaçılarını, repertuarını, formasını,
korifeylərini itirib.
Bunun səbəbini dramaturq, rejissor, istedadlı aktyorların çatışmazlığında axtaran E.Ocaqov söylədi ki, rəhbərlik etdiyi teatra tamaşaçıların
cəlb olunması üçün repertuarda
xeyli dəyişiklik ediləcək: "İndiki
gənclər dünyadakı
müasir inkişaf axınına qoşulur və hər şeydən xəbərdardırlar.
Ona görə də tamaşaçıları
20-30 il bundan
qabakı repertuarla buraya cəlb edə bilmərik. Teatrın işi, yaradıcılıq
ab-havası günün
tələblərinə cavab
verməlidir".
"Teatr haqqında"
qanun layihəsinin hazırlanmasını teatrların
inkişafı üçün
çox mühüm addım
hesab edən Elxan Ocaqov deyir
ki, əgər teatr fəaliyyətini geniş kütləyə
çatdıra bilmirsə,
onun işi öz mahiyyətini itirmiş olur, dövlətin qanunları
belə onun dirçəlməsinə zəmin
yarada bilmir, bunun üçün reklama, real işə əsaslanan təbliğata
geniş yer verilməlidir. Biz adətən küçələrə
afişa yapışdırmaqla
işimizi bitmiş hesab edirik. Amma bu günün
tamaşaçısını afişalarla teatra cəlb etmək bir az köhnəlmiş üsuldur.
Yeni təbliğat maşınları
işləməlidir. Bu
barədə Muskomediyanın
yeni planları hazırlanır. Eyni zamanda
biletlərin qiyməti
kommersiya maraqları üzərində qurula bilməz. Bütün təbəqələri nəzərə alaraq orta qiymət həddindən çıxış
etməliyik".
Yeni teatr rəhbəri reklam vasitəsi kimi internetdən də istifadə edəcəklərini bildirdi.
O, yaxın günlərdə
tamaşaçıların internet vasitəsi ilə teatrdan bilet sifariş etmək imkanı qazanacaqlarını
söylədi. Hazırda teatrın
hazır materialları
sayta yerləşdirilir.
Qeyd edək ki, saytda
teatrın tarixi, korifey sənətkarları
və tamaşaçıları
haqqında məlumatlar
yerləşdirilir. Eyni zamanda
həftəlik və aylıq afişalar da sayta daxil
ediləcək. Direktor onu
da bildirdi ki, aktyorların əmək haqları aşağı olduğundan
gənc kadrlar teatrlardan uzaqlaşırlar.
"Bir çox istedadlı gənclərimiz
əmək haqqının
azlığı üzündən
teatrdan qaçır və kommersiya sturukturlarında fəaliyyətə
meyl göstərirlər.
Onları teatra yönəltmək
üçün yaxşı
şərait və yüksək məvacib şərtdir. Yəqin ki,
dövlət məmurları
bu məsələnin
tezliklə çözülməsinə
səy göstərəcəklər".
Yaxın
ayların birində teatr binasının əsaslı təmir olunacağından xəbər
verən E.Ocaqov səs avadanlıqlarının
yeniləri ilə əvəzlənməsinin vacibliyini
qeyd etdi. Teatra peşəkar xarici və yerli aktyorların cəlb olunmasını gələcək üçün
istisna etməyən Elxan Ocaqov bunun
islahatların yeni mərhələsi üçün
nəzərdə tutulduğunu
dedi.
"Vaxtilə teatrdan bir çox aktyorlar müəyyən səbəblərdən
küsüb getmişdilər.
Onlardan Xanlar Muradov, Atabala Səfərov, Ağarəfi
Rəhimov, Fuad Əhmədov, Novruz Əliyev, Afaq Bəşirqızı və
Ələkbər Əliyevi
teatra qaytardıq. Bu yaxınlarda İlham
Namiq Kamal teatrımızda ştat əsasında işə başlayıb. Muskomediyada əsas
obrazları ifa edən vokalçıların
qıtlığı yaranmışdı.
Bu günlərdə bir neçə vokal imkanı olan gəncləri teatra cəlb etmişik".
Teatr rəhbəri bildirdi ki, bu ilin
mayında İsrail Dövlət Dram Teatrı
Azərbaycana səfər
edəcək. Bu günlərdə isə Moskva və Sankt-Peterburqun operetta teatrları
ilə danışıqlara
başlanılacaq. Onların klassik
tamaşalarının qəhrəmanlarının
Muskomediyada silsilə çıxışları olacaq.
E.Ocaqov köhnə tamaşalardan birini də tezliklə teatrın repertuarına gətirməyi düşünür:
"Neçə illər
öncə Bəşir
Səfəroğlunun baş
rolu ifa etdiyi "Milyonçunun dilənçi oğlu"
tamaşası artıq
yaddaşlardan silinməkdədir
və bu tamaşa hətta televiziyanın fondunda da tam formada yoxdur. Bu səbəbdən
həmin əsəri gənc rejissorlardan birinin quruluşunda yeni variantda təqdim etmək nəzərdə tutulub".
Yeni direktor onu da
qeyd etdi ki, Hacıbaba Bağırovun baş rolları ifa etdiyi tamaşalar teatrın repertuarından çıxarılacaq. Onun fikrincə,
başqa bir aktyorun həmin rolların öhdəsindən
gəlməsi hələlik
çox çətindir.
Ayna.-2007.-31 yanvar.-S.8.