Mehdixanlı T.

 

Kimlər gəlir, kimlər gedir bu dünyadan...

 

Dahi Ü.Hacıbəyovun "Ər-arvad" tamaşası ilə fəaliyyətə başlayan Musiqili Komediya Teatrı 97-ci ilini yaşayır. 1938-ci ildə dövlət statusu alan bu ocağın qədrini bilənlər, şərəfini qoruyanlar çox olub. Onlardan biri də Xalq artisti, məşhur gülüş ustası Hacıbaba Bağırov idi. Bu sözlər onun dilindən düşməzdi: "Qismətim məni teatra gətirdi ki, gülüm güldürüm, cəfalarım, kədərli keçmişim yadımdan çıxsın..."

Hacıbabanın uşaqlıq illəri kövrək, xoşbəxt keçmişdi. Onun yerişini görənlər, şirin ləhcəli danışığını eşidənlər, yaraşıqlı boy buxununa baxanlar fərəhlənər, qürur hissi duyarmışlar. Amma çox çəkmir ki, bu sevinc doğmalarının çöhrələrində donur. Əsgərlikdə  hərbi xidmətdə olduğu zaman uydurma əhvalata görə məhkum edilir. Dincliyini, rahatlığını unudur, vaxt bivaxt özü-özündən soruşur: "Axı, niyə belə oldu?" Nəhayət, bu sual haqqın dərgahına çatır. Onun günahsızlığı sübuta yetir. O, sərt həbsxana qayda-qanunundan azadlığa çıxır.

Gələcək taleyini teatra, aktyor sənətinə bağladı. Tamaşaçıları düşündürən ,güldürən rolları, ifa bacarığı ilə tanındı, keçmiş ağrı-acılarını unutdu. Müxtəlif təltiflərə, fəxri adlara layiq görüldü" Özündən əvvəlki komik aktyor ənənəsini uğurla yaşatdı, gənc həmkarlarına qayğı göstərdi...

Ötən ilin iyun ayının 8-də onunla iş yerində  direktoru və bədii rəhbəri olduğu Musiqili Komediya Teatrında son görüşümüz oldu. Teatrın yubileyi, vaxtı ilə burada çalışan səhnə xadimləri, özü haqqında danışmasını xahiş etdik. Məqsədimizdən məmnun oldu. Xarakterinə uyğun aram-aram danışdı. Təəssüf ki, həmin vaxt yazını dərc etdirə bilmədik. Çünki o, qəfil dünyasını dəyişdi. Aradan xeyli keçməsinə baxmayaraq, ondan eşitdiklərimizi olduğu kimi xatırlayırıq:

- Milli Dram Teatrmın nəzdindəki aktyor studiyasında görkəmli sənətkarlardan dərs aldım, səhnənin incəliklərini öyrəndim. O zamanlar vəziyyət indiki kimi asan deyildi. Gələcək aktyorun xarici görünüşünə, tələffüs qabiliyyətinə, mimikalarına, tərəf müqabili ilə münasibətinə ciddi fikir verərdilər. Üstündən 55 il keçməsinə baxmayaraq, indi də fəxr edirəm ki, həmin studiyada təhsil almışam. İlk dəfə səhnəyə çıxmağım da elə o günlər oldu. Tamaşalarda epizodik rollar oynadım. Sonra öz istəyimlə Lənkəran Teatrına getdim. Amma orada yerimi tapa, sözümü deyə bilmədim.

Qayğıkeş insanların köməyi sayəsində 1960-cı ildə Gəncə teatrında fəaliyyətə başladım. Burada, qismən də olsa, arzularıma çatdım. Az sonra ürəyimdən keçən məqsədə yetişdim. 1962-ci ildə Musiqili Komediya Teatrı Gəncəyə qastrola gəlmişdi. Teatrın direktoru, son dərəcə alicənab insan Süleyman Ələsgərov, bir də baş rejissor Əliheydər Ələkbərov məni Bakıya  intizarında olduğum Musiqili Komediya Teatrına dəvət etdilər. Müəyyən fasilələr istisna olmaqla 54 ildir ki, burada işləyirəm. Bir daha inandım ki, yaradanımız hərənin öz payını, öz qismətini yetirir, öz yolunu göstərir.

Aktyor halal maaşı ilə dolanır. Kənardan heç bir gəliri yoxdur. Müəllimimiz Əjdər Sultanov deyirdi ki, tamaşaçı sevgisi qazanmaq gündə yaraşıqlı, son modada, rəngarəng kostyumlar geyməkdən üstündür. Bir dəfə aktyorun toyda tamadalıq etdiyini görəndə onun əvəzinə utandım. Aktyora belə qazanc yolu yaraşan iş deyil. Sənətkar, xüsusən tanınan səhnə xadimi mənliyini sındırmamalıdır. Axı onu barmaqla göstəric, minlərlə tamaşaçı alqışlayır. O, daim şux gəzməli, səhnədəki kimi həyatda da örnək olmalıdır. Nəsibə Zeynalova, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Şəfiqə Qasımova... kimi. Təəssüf ki, ənənəmizi davam etdirəcək gənc həmkarlarımız bəzən unutqan olurlar. Əslində onları qınamaq da doğru deyil. Əllərində əsas var ki, maaşları azdır. 40-50 manatla ailə saxlamaq çətindir. Amma... Hüseyn Ərəblinskinin, Şərifzadənin, Kazım Ziyanın, Ağasadıq Gəraybəylinin məgər milyonları olub?! Hazırda teatrda çalışan orta nəsil var, gənc nəsil yoxdur. Biz əvvəlki nəslin sənət, səhnə ənənəsini davam etdiririk. Görəsən, bizim yolumuzu da davam etdirənlər olacaqmı? Hər halda, teatr mütləq yaşamalıdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətdən dərs deyirəm. İstedadlı tələbələrim var..Ancaq onlar gələcək haqqında yox, cari vəziyyətləri barədə daha çox düşünürlər. Bəs sənət, sənətkarlıq? Sabiq sovet dövründə ali təhsilini başa vuran tələbələr xüsusi təyinatla konkret ünvanlara göndərilərdi. İndi belə deyil, diplomu verib, deyirlər get özünə iş tap. Onun tapdığı iş isə gələcək teatr sənətkarlığına zəmanət vermir. Bu gün gənclərə qayğı, qulluq göstərməliyik, sənət tarixindən danışmalıyıq. Deməliyik ki, Sidqi Ruhulla əsl səhnə fədaisi olub. Onun Qacar obrazını bu günə qədər heç bir aktyor yarada bilməyib. Ələsgər Ələkbərovun oynadığı Vaqifi, Otellonu heç kim oynaya bilməyib. Nəsibə xanımın yaratdığı Qaynananın bənzəri yoxdur...

Bəs bu gün neyləyirlər? Səhnələrdə, kameralar qarşısında şit, bayağı atılıb-düşurlər. Belələrinə xatırladıram: yarıçılpaq vəziyyətdə görünməklə şöhrət qazanmaq mümkün deyil! Məgər mərhum Nəsibə xanım müasir qayınanaların ümumiləşmiş obrazı qiyafəsində, onların son dəbli geyimlərində səhnədə, ekranda görünə bilməzdi? Bilərdi. Sadəcə olaraq, hər rolun öz xarakteri olduğu kimi, qrimi, geyimi, hərəkəti, davranışı, danışıq tərzi də seçilməli, fərqlənməlidir.

Aktyor oynayacağı rolu yatanda  yuxusunda görməli, oyaq olanda onu sevdirmək, rejissorun verdiyi mizanlar barədə düşünməlidir. Özüm həmişə belə olmuşam, ömrümün axırına qədər də belə olacağam. 1962-cı ildə Musiqili Komediya Teatrında Süleyman Ələsgərovun "Ulduz" operettasında Mövsüm rolunu oynamaq mənə həvalə olunanda sevinc fərəhimi gizlədə bilmədim. Hətta ümumi məşqlər başa çatandan sonra da obrazın vəziyyətini yaşayar, sözlərini təkrar-təkrar səsləndirərdim. Nəticə yaxşı olduğundan Süleyman müəllimin xeyir-duası ilə həmin əsər əsasında çəkilən eyni adlı bədii filmdə yenə Mövsüm rolunu oynadım. Şükürlər olsun, "Ulduz" filmi dünyanın yarıdan çox ölkələrində uğurla nümayiş etdirilib, maraqla baxılıb.

Teatr sənətimizin klassiklərinə dərin ehtiramım var. Səhnəyə çıxdığım gündən çox həmkarlarım, tərəf müqabillərim olub. Amma mərhum Nəsibə xanım Zeynalovanı unuda bilmirəm. O, həddən artıq diqqətcil, qayğıkeş insan, oynadığı, yaxud oynayacağı rolun taleyini düşünən, yaşayan sənətkar idi, Evində ondan soruşsaydın ki, oynadığın Qayınananın beş-üç sözünü de, deməzdi. Ona görə yox ki, (gülür) gəlinindən qorxar, ehtiyatlanardı. Ona görə ki, aktyorluğunu teatrda qoyardı. Evində aiiə başçısı olardı. Elə ki, teatrın astanasından içəri girərdi, sanki maqnitofonun düyməsi basılardı... Can deyib, can eşidərdi. Onunla, dostum Səyavuş Aslanla "Hicran" tamaşasında oyunumu hər vaxt qürur hissi ilə xatırlayıram. Heyif ki, indi o cür güldürüb, düşündürən əsərlər yoxdur. Yazarlarımız bəhanə gətirirlər ki, qonorar olmadığmdan qələmlərini işə şalmırlar. Onların bu fikirləri ilə razı deyiləm. Məgər dahi Üzeyir bəy, Mirzə Cəlil, Sabit Rəhman yaratdıqları əsərlərdən təmənna umurdular? Qətiyyən yox. Onlar doğma xalqın dünənini, bu gününü, sabahını düşünər, araya ərsəyə sanballı, oxunaqlı, baxımlı əsərlər gətirmələrindən fərəh duyardılar.

Teatr səhnəsində 100-dən artıq rol oynamışam. Ancaq populyarlıq qazanmağımda, geniş tamaşaçı auditoriyasında tanınmağımda Azərbaycan Dövlət Televiziyasının xidməti də çox olub. Bəzən soruşurlar ki, hansı obraz sizin üçün əzizdir? Suala cavab vermirəm. Çünki onların hamısını mən yaratmışam, hamısı mənə əziz, doğmadı, hamısı mənim balamdı. Amma sevdiklərim də var. Ötən əsrin

70-ci illərinm axırlarında dövlət televiziyasının "Səhər" proqramında Sonqulu rolu ilə ekrana çıxardım. Sonralar Rüfət Əhmədzadənin "Gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" televiziya tamaşalarında da əsas rollarda oynadım. Həmin əsərlər hazırda "Qızıl fond"da saxlanılır...

Mərhum Hacıbaba Bağırov daha sonra indiki dövrdə teatrın yaşamasına, kollektivin orada cani dildən çalışmasına sənət sınağından çıxmış şəxs kimi münasibətini bildirdi. Onun bu istəyindən isə əməlli başlı kövrəldik: "Ən böyük arzum Üzeyir bəyin "Ər-arvad" tamaşasını Şuşada oynamaqdır. Bax, onda ermənilər bilər ki, kişi kimdir, arvad kim". O, ömrünün ixtiyar çağında yaşasa da, tez-tez cəbhə bölgələrinə gedər, Silahlı Qüvvələrin zabitləri, əsgərləri ilə görüşər, həmkarları ilə onları güldürər, daha mübariz, ayıq-sayıq olmağa həvəsləndirərdi. Hər dəfə onlardan ayrılanda yenidən görüşlərinə gələcəyinə vəd verərdi. Di gəl ki, başqa işıqlı arzuları kimi bu istəyini, vədini də özü ilə haqq dünyasına apardı...

H.Bağırov teatr, kino, televizyia tamaşaçılarının sevdiyi aktyorlardan idi. Yatımlı səsiylə oxumağından, rolların xarakterinə uyğun oynamağından çoxları ləzzət alardı. Musiqili Komediya Teatrının direktoru kimi orada çox işlər gördü_və görmək iştəyirdi. Amma... O, nağıl qəhrəmanlarının taleyinə oxşar ömür yaşadı. Son nəfəsdə isə deyib: "Bu dünyaya gələndən, gedənlərdən biri də mən oldum..."

 

Azərbaycan.- 2007.- 17 yanvar.- S. 6.