Azərbaycan nümayəndələri Ukraynada
keçirilən festivalda
uğurla çıxış
ediblər
Dnepropetrovsk Milli Universitetinin "Tələbələr"
zalında "Biz hamımız sənin övladlarınıq, Ukrayna!"
adlı növbəti
festival keçirilib. Vilayət administrasiyası
tərəfindən təşkil
olunan festivala milli-mədəni icmaların nümayəndələri
qatılıb. Təntənəli
açılış mərasimində
milli azlıqların təmsilçilərini vilayətin
mədəniyyət və
turizm idarəsinin rəisi Yekaterina Samarets salamlayıb. O, sözügedən vilayətdə
millətlər arasında
dostluq və qardaşlıq ənənələrinin
davam etdirildiyini, münasibətlərin ən
yüksək səviyyədə
qurulmasına çalışdıqlarını
bildirib. Festivalda müxtəlif millətlərin
nümayəndələrinin - azərbaycanlı, gürcü,
yunan, yəhudi, alman və rusların
çıxış edəcəklərini
deyən Y.Samarets bu sırada azərbaycanlıların hər
zaman xüsusi fəallıq göstərdiklərini
vurğulayıb. Məlum
olub ki, əvvəllər festival dekabrın sonlarında, ilin tamamında keçirilsə də, bu il Dnepropetrovsk
vilayətinin 75 illiyilə
əlaqədar olaraq, tədbir ilin əvvəlinə salınıb.
Sonra səhnəyə
festival iştirakçıları
çıxaraq, növbəylə
öz istedadlarını,
mənsub olduqları xalqların mədəniyyət
nümunələrini, incəsənət
növlərini nümayiş
etdiriblər. Azərbaycanı
həmişəki kimi
Qüdrət Hacıyevin
rəhbərliyilə diaspor
nümayəndələri yüksək
səviyyədə təmsil
ediblər. Gur alqışlar altında Sunay Əlizadə və Əfsanə Mehdiyeva hərarətli mahnılar səsləndiriblər.
Onları səhnədə
tanınmış rəqs
qrupu, vilayətin hüdudlarından kənarda
da sevilən, çoxsaylı müsabiqələrin
diplomantı olan "Yeddi gözəl" kollektivi əvəzləyib.
Qrupun yaradıcısı
və bədii rəhbəri Leyla Ağamalıyevanın ifası
zamanı zalda böyük coşqunluq yaranıb, tamaşaçılar
onu alqışlarla müşayiət ediblər.
Azərbaycanın tanınmış
bəstəkarı Gövhər
Həsənzadənin Leylanın
ifasında səslənən
"Nədir" mahnısı
dinləyicilərdə yüksək
əhval-ruhiyyə yaradıb. Festivaldakı hər bir çıxış
xalqların qardaşlıq
himni kimi səslənib, Ukraynada yaşayan müxtəlif millətlərin dostluq münasibətlərinin rəmzinə
çevrilib.
525-ci qəzet.-2007.-26 yanvar.-S.7.