Əliyev Ə.

 

Haaqa Mərkəzi Dövlət Kitabxanasında Azərbaycan bölməsi yaradılmışdır

 

Azərbaycanın Belçikadakı səfirliyindən bildirmişlər ki, səfirlik və diasporumuzun Hollandiyanın Haaqa şəhərində fəaliyyət göstərən "Azərbaycan-Türk-Hollandiya Mədəniyyət Cəmiyyəti" tərəfindən Haaqa Mərkəzi Dövlət Kitabxanasına Azərbaycan barədə bir sıra dəyərli kitabların təqdimatı ilə əlaqədar mərasim keçirilmişdir.

Səfirliyin birinci katibi Fuad Hümbətovun və "Azərbaycan-Türk-Hollandiya Mədəniyyət Cəmiyyəti"nin sədri İlhan Aşkinin kitabxananın direktoru C.Noordam ilə görüşü zamanı Azərbaycanın siyasi-iqtisadi sahələrdəki uğurları, Avropaya inteqrasiyası barədə məlumat verilmiş, regionda erməni işğalının tarixindən bəhs edilmişdir.

F.Hümbətov Heydər Əliyev Fondunun ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitabı ilə yanaşı, mərhum avstriyalı tarixçi, türk dünyasının böyük dostu Erix Fayqlın erməni terrorundan bəhs edən və üç dildə çap olunmuş kitabları, fransalı vəkil Jorj de Malavilin "Erməni faciəsi", eləcə də Azərbaycan mədəniyyəti və incəsənətinə dair əsərləri kitabxananın direktoruna təqdim etmişdir.

Aparılmış danışıqlar zamanı kitabxananın üçüncü mərtəbəsində ayrı-ayrı ölkələrin mədəniyyətinə həsr olunmuş xüsusi zalda Azərbaycana aid bölmənin fəaliyyəti barədə ümumi razılıq əldə edilmişdir.

Xatırladaq ki, Azərbaycanın Belçikadakı səfirliyi Benilüks məkanındakı bütün aparıcı kitabxanalarla ikitərəfli əlaqələr yaratmış və Heydər Əliyev Fondu tərəfindən göndərilmiş kitabların yayılması istiqamətində işlər həyata keçirmişdir.

 

Azərbaycan.- 2007.- 30 yanvar.- S. 7.