Xəlilzadə F.
Xoreoqrafiya sənətinin
yaradıcıları
Milli rəqslərimizin
mahir ifaçısı olmuş, baletmeystr, ilk azərbaycanlı
balerina Qəmər Almaszadə Azərbaycan
mədəniyyətinin inkişafında misilsiz xidmət
göstərmişdir. Onun fədakarlığı yalnız
səhnə ilə bağlı olmamışdır.
O, həm də görkəmli pedaqoq idi. Uzun illər
Bakı Xoreoqrafiya Məktəbində dərs
deyərək milli xoreoqrafiya kadrlarının
yetişməsində böyük
əmək sərf etmişdir.
Təkrarolunmaz sənətini və
yüksək peşəkarlıq
səviyyəsini yetirmələrinə
ürəklə öyrədən
Qəmər Almaszadənin
sevimli tələbələrindən
biri də Leyla Vəkilova olmuşdur. 1927-ci ilin yanvarında Bakıda ziyalı ailəsində anadan olan Leyla
Vəkilova hələ
uşaqlıqdan
milli rəqsləri çox sevərmiş. Bakı Xoreoqrafiya Məktəbində oxuduğu
illərsə ömrünün
ən unudulmaz çağlarına çevrildi.
O, elə bir vaxtda balerina olmaq istəmişdi ki, qarşısında böyük bir ustad, görkəmli sənətkar, əsl nümunə - Qəmər
Almaszadə var idi. Məlumdur ki, Qəmər xanımın sənətə
gəldiyi dövrdə
baletə münasibət
birmənalı deyildi.
O, bu yolda ilk addımlarını atanda başına çoxlu bəlalar
gəlmişdi. Leyla xanım
isə öz ustadı ilə həm fəxr edər, həm də ona arxalanardı.
Qəmər xanım elə ilk gündə
bu zərif qızcığazda baletə
böyük maraq və həvəs duyduğundan tələbəsinə
həssaslıqla .. yanaşaraq
ona bu sənətin sirlərini məhəbbətlə
öyrətdi.
Çox sonralar məşhur balerina olacaq Leyla Vəkilova müəllimini həmişə ehtiramla xatırlayaraq həm ondan dərs aldığına, həm də onunla eyni səhnədə çalışdığına qürur duyardı.
Leyla Vəkilova 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində
təcrübə keçərək
ustalığını daha
da artırdıqdan sonra Bakıya qayıtmış, 30 il Azərbaycan Dövlət və Opera Balet
Teatrının solisti
olmuşdur. İlk dəfə səhnədə
R.M.Qlierin "Qırmızı
lalə" baletində
Tao Xoa rolunu oynamışdır.
Leyla Vəkilova ilk dəfə olaraq səhnədə milli rəqslərimizə xas olan elementləri klassik rəqs texnikası ilə birləşdirərək tamaşaçıların
gözü qarşısında
son dərəcə gözəl və qeyri-adi bir mənzərə
nümayiş etdirmişdi.
Onun bu məharətinə
mütəxəssislər heyranlıqla
tamaşa etmişlər.
Xüsusilə də sənət müəllimi
Qəmər Almaszadə
tələbəsinin uğurunu
fərəhlə qarşılamış,
öz davamçısını
məhəbbətlə bağrına
sıxaraq:
"Əhsən, sən məndən də irəli gedəcəksən" - demişdi.
Balerina olmaq çox çətin və əzablı bir işdir. Bir tamaşada oynamaq üçün günlərlə məşq etməli, gərgin çalışmalısan. Leyla Vəkilova sənətinə bağlı olduğundan həmişə bütün çətinliklərdən qələbə ilə çıxardı. Çünki ağır məşqlərdən sonra nəticə - tamaşa gəlirdi. Leyla Vəkilovanın səhnəyə həsr etdiyi illəri bir-birindən uğurlu gəlmişdi. O, bir baletmeystr kimi işinə o qədər can yandırırdı ki, hətta bəzən öz doğma adını da unudurdu. Çünki səhnədə o, Leyla deyildi, müxtəlif obrazların həyatını yaşayan sənət aşiqi idi. Oqetta ("Sonalar gölü"), Zareta ("Bağçasaray fantanı"), Gülyanaq ("Qız qalası"). Gülşən ("Gülşən"), Aişə ("Yeddi gözəl"), Sari ("İldırımlı yollarla"), Şirin ("Məhəbbət əfsanəsi"), Qaraca qız ("Qaraca qız"), Malvina ("Qızıl açar") və başqaları. Leyla Vəkilova canlandırdığı bu obrazları inandırıcı, təsirli təqdim edə bilirdi. Bu səbəbdən də onun bütün ifaları unudulmurdu.
Ötən əsrdə Azərbaycan baletinin bütöv bir mərhələsi məhz Leyla Vəkilovanın adı ilə bağlıdır. SSRİ xalq artisti fəxri adına layiq görüləndə bu azərbaycanlı balerinanın 40 yaşı var idi. Azərbaycan baletinin şöhrətini dünyaya yayan Leyla Vəkilovanın sorağı Avstraliyadan, Fransadan, Polşadan, Suriyadan, Türkiyədən və keçmiş SSRİ-nin müxtəlif respublikalarından gəlirdi. Əməyi müxtəlif təltiflərlə qiymətləndirilmiş Leyla Vəkilova o dövrün ən yüksək rnükafatı olan Lenin ordenini də almışdı.
Uzun illər Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri olan Leyla Vəkilova 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində dərs deyərək sevimli və unudulmaz müəllimi Qəmər Almaszadə kimi milli kadrların yetişməsinə çalışmışdı.
Leyla xanımın ardıcıllarından biri də Afaq Məlikova olmuşdur. Bu da taleyin bir qəribəliyidir ki, hər iki böyük sənətkarın doğum günü məhz yanvar ayına təsadüf edir. Leyla Vəkilovanın 80, Afaq Məlikovanın isə 60 yaşı tamam olur.
31 yaşında Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüş Afaq Məlikova 1963-cü ildə Bakı Xoreoqrafiya Məktəbini (Leyla Vəkilovanın sinfini) bitirib. Elə həmin ildən bugünə kimi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışır. Əvvəlcə solist sonra məşqçi-pedaqoq, 1984-cü ildən isə ansamblın rəhbəridir.
Əsasən Azərbaycan xalq rəqslərini məharətlə ifa edən Afaq Məlikova başqa millətlərin də rəqslərinə məhəbbətlə yanaşaraq onları da öz repertuarına daxil edir. Hələ keçmiş sovet dövründə Afaq Məlikova bir sıra xarici ölkələrdə çıxış etmişdir.
Afaq Məlikova heç zaman adi rəqqasə olmayıb. O, müəllimlərindən öyrəndiklərini məharətlə gənclərə aşılamağa çalışır. Rəqs sənətimizin bir sıra yenilikləri məhz onun adı ilə bağlıdır. Hər bir rəqsə yaradıcı yanaşan Afaq Məlikova onların maraqla baxılması və qarşılanması üçün bu musiqi əsərlərinə müxtəlif əlavələr edib. Onun quruluş verdiyi rəqslər həmişə bir-birindən seçilib, orijinal alınıb.
Tale elə gətirib ki, bir neçə dəfə xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində Afaq Məlikovanın rəhbərlik etdiyi rəqs ansamblının çıxışlarını müşahidə etmişik. Tamaşaçıların hər dəfə bizim rəqqasları alqışlarla qarşılaması qürurumuzu artırıb.
Daxilən çox enerjili və coşqun təbiətli Afaq Məlikova Azərbaycan rəqs sənətinin əsl yaradıcılarındandır. Onun ayrı-ayrı baletlərdən istifadə etdiyi rəqslərə də fərdi yanaşaraq hər birinə məzmunlu quruluş verir. Afaq Məlikova dünyasını erkən dəyişmiş bir sənətkarımızın - Süleyman Tağızadənin qızıdır. Vaxtilə Milli Dram Teatrının aktyoru olmuş Süleyman Tağızadə əməkdar artist idi. Ömür vəfa etsəydi, yəqin ki, öz sənət üfüqləri də geniş olardı, qızı Afaqın da mərnləkətlər dolaşan şöhrətini görərdi.
Milli rəqs sənətimizdə ənənələrin yaşaması sevindiricidir. İndi də Afaq xanımın tələbələri bu yolu fərəh və ilhamla davam etdirirlər. Afaq xanım quruluş verdiyi rəqslərin tələbələri tərəfindən məharətlə ifasından böyük zövq alaraq sevinir. Onun yetirmələrinin xoş sorağı təkcə Azərbaycanda rəqssevərləri deyil, xarici ölkə tamaşaçılarını da məftun etməkdədir.
Qəmər Almaszadədən
başlanan milli xoreoqrafiya sənətinin illərdən bəri uğurla keçən yolunun növbəti dayanacağında xalq artisti Təranə Muradova dayanır. Afaq xanımın sevimli və əziz tələbəsi.
Növbəti yazılarda
bu barədə.
Azərbaycan.- 2007.- 30 yanvar.- S. 7.