Sənədlərin imzalanması mərasimi

 

Yanvarın 30-da Parisdə, “Matinyon” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Fransanın Baş naziri Dominik de Vilpenin iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyi arasında əməkdaşlıq memorandumu”nu, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyi arasında muzey işi sahəsində əməkdaşlığa dair porotokol”u, “Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və Fransa Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum”u Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfindən bu ölkənin xarici işlər naziri Filip dü Blazi imzaladılar.
“Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfindən bu ölkənin turizm naziri İv Bertran imzaladılar.
“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında inzibati razılaşma”nı Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Fransa tərəfindən bu ölkənin əmək, sosial bərabərlik və yaşayış naziri Katrin Dotrin imzaladılar.
“Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında saziş”i Azərbaycan tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Fransa tərəfindən ərazi və abadlaşdırma naziri Nikola Sarkozi imzaladılar.
“Azərbaycan Respublikası Milli Elmlər Akademiyası və Fransa Respublikası Milli Elmlər, Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq sazişi”ni Azərbaycan tərəfindən Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Fransa tərəfindən Milli Elmlər, Araşdırmalar Mərkəzinin rəhbəri xanım Tapi Roşinyak imzaladılar.
“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Fransanın "KNİM" təşkilatı arasında razılaşma memorandumu"nu Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Heydər Babayev, Fransa tərəfindən “KNİM” təşkilatının rəhbəri Filip Suli imzaladılar. Bu sənəd Bakı şəhəri ətrafındakı tullantılardan istifadə məqsədi daşıyır.
“Dörd ATR tipli təyyarənin alınması ilə bağlı "Azərbaycan Hava Yolları" Dövlət Konserni – AZAL və ATR tipli təyyarələrin istehsalçı şirkəti arasında saziş"i Azərbaycan tərəfindən konsernin baş direktoru Cahangir Əsgərov, Fransa tərəfindən ATR şirkətinin icraçı direktoru Filip Bonyato imzaladılar.

 

Xalq qəzeti.-2007.-31 yanvar.-S.3.