"Millətimiz kitab oxumur..."
Rüstəm Kamal: "Kitabxanaların kitab fondu xeyli kasıbdır"
Azərbaycanda filoloji
fikrin inkişafı sahəsində nəzərə
çarpacaq irəliləyişlər olsa da, ümumən bu
sahədə kifayət qədər problemlər də
mövcuddur. Görəsən, bu sahədə qazanılan uğurlar nə dərəcədə
xəlqi inkişafımızda
öz təsdiqini tapır? Bu barədə qənaətlərini
bizimlə bölüşən
Bakı Slavyan Universitetinin "Folklor araşdırmaları" elmi-tədqiqat şöbəsinin
müdiri Rüstəm
Kamalın fikrincə,
sözügedən problemə
Avropa və Rusiya səviyyəsindən
yanaşsaq, Azərbaycan
filologiyası, filoloji
düşüncəsi yaxşı
durumda deyil: "Əvvəlki yaradıcı
nəsillərə
hörmətimiz var. Bu da təbiidir.
Azərbaycan filologiyasının
görkəmli nümayəndələri
olub ki, bu gün də
adlarını hörmətlə
çəkirik. Hər
halda real görüntülər başqa
təəssürat yaradır.
Azərbaycanda filologiya
sahəsində çoxlu
dissertasiyalar yazılır,
müdafiə olunur. Lakin bunlarda Azərbaycan ədəbiyyatının
obrazı sözün
böyük mənasında
demək olar, görünmür. Bütün
bunlar ümumən başqa ölkələrdə
yaradılmış texnologiyaların,
nəzəriyyələrin, metodikaların və.s-in süni surətdə Azərbaycan
ədəbiyyatı müstəvisinə
şamil edilməsilə
müşayiət olunur".
Bu gün Azərbaycanda
əvvəlki onilliklərlə
müqayisədə "kitabsızlıq
vakumu" hələ
dəmüşahidə olunmaqdadır.
Kitaba münasibətdə
camaat arasında bir seyrçilik əhvalı mövcuddur. Hər halda ciddi kitabların əksəriyyəti əvvəllərdəki
kimi ürəklərə,
ağıllara yazılmır.
Görəsən, burada
hansı amillər rol oynayır? Həmsöhbətim bu məsələ barəsində
belə düşünür:
"Açıqca hiss
olunur ki, xalq başqa şey axtarır, amma Azərbaycan yazıçısı başqa
səmtə üz tutur. Yəni Azərbaycan yazıçıları
əsasən o əsərləri yaradırlar
ki, demək olar, həmin yaradıcılıq nümunələri
xalqımıza gərək
deyil.
Bəli, bu gün millətimiz
demək olar, kitab oxumur. Kitabxanaların kitab fondu xeyli
kasıbdır. Əvvəlki illərlə müqayisədə
kitab mağazalarının
sayı kəskin şəkildə azalıb.
Camaatın kitab almaq imkanı minimuma enib. Bu gün
Azərbaycanda kitab təbliğatı getmir.
Yaradıcı mühitdə dedi-qoduçuluq,
şayiəçilik baş
alıb gedir. Bu səbəbdən də təxminən son 20
ildə millətimiz öz taleyilə bağlı yazılan ədəbiyyatdan demək
olar, xəbərsizdir".
Rusiyada sözügedən
məsələnin tamam
başqa yöndə olduğunu deyən R.Kamal bu qənaətdədir
ki, rus ədəbiyyatı
rus tarixinin, rus taleyinin, rus ictimai, sosial
fikrinin tərkib hissəsidir: "Rus ədəbiyyatı Rusiyanı,
rus dövlətini, həmçinin Rusiya dövləti də rus ədəbiyyatını
tamamlayır. Bizim ədəbiyyatda
isə demək olar, Azərbaycan dövlətinin nüfuzu görünmür. Terminlərdən bolluca bəhrələnmək
hesabına yaradılan
filoloji əsərlər
əksər hallarda xalqa gedib çatmır.
Baxırsan ki, bir cümlədə işlədilən
sözlərin yarıdan
çoxu əcnəbi
dildədir".
Belə olan halda Azərbaycan türkcəsində bu gün az
qala bərkimiş terminlərin mümkün
qədər əvəzlənməsi
zəruriliyi meydana çıxır. R.Kamal təssəüflənir ki,
özümüzəməxsus terminlər fondumuz yoxdur: "Həmçinin
də filoloji məktəb sarıdan kasıbıq. Bu sahədə
fərqli fikirlərin,
ümumiyyətlə, məktəblərin
olması filologiya sahəsində də yaxşı bir əlvanlıq yarada bilər. Azərbaycan xalqının Azərbaycan
ədəbiyyatını qavraması
ənənəsi rus cəmiyyətinin rus ədəbiyyatını qavramasından
fərqli olub. Sadəcə,
rus ədəbiyyatının
kütlə, xalq içinə getməsinin
başqa ənənəsi
var. Məsələn, Puşkin
"Naş sovremmenik"
adlı jurnal buraxıb. O, jurnalda dövrünün şairləri,
yazıçıları çap
olunublar. Hətta Rusiya çarı
da həmin jurnalı oxuyurmuş.
Təəssüf ki, sadə Azərbaycan vətəndaşının
uzun müddət özünün ədəbiyyatından
xəbəri olmayıb.
Xalqın bizdə öz
ədəbiyyatından xəbərdar
olması, məsələn,
kino ilə baş tutub. "Dəli Kür"
filmində Cahandar ağa obrazı tanınandan, seviləndən
sonra millət İsmayıl Şıxlının
"Dəli Kür"
romanını oxumağa
başladı. Məhz
belə filmlərdən
sonra millət özünün ədəbiyyatını
axtarmağa başladı".
Bu gün görəsən
mənəvi ölçü
səviyyəsində hansı
ədəbiyyat adamını
indiki nəslə təqdim edə bilərik? Görəsən,
bugünkü gənc
yaradıcı nəslin
özündən razı
nümayəndələri daha
çox yad təsirlərdən bəhrələnməkdən
nə vaxt əl çəkəcəklər:
"Hiss olunur ki, daha çox
təzə və orjinal görünmək xatirinə belə şeylərə meyl edirlər. Belə cəhdlərlə ədəbiyyatda
daimi qalmaq istəyirlər. Təəssüf
ki, hazırda bizdə ədəbiyyat şou-biznes çalarları
ilə zənginləşib.
Şübhəsiz, ədəbiyyatda
estradada olduğu kimi pul yoxdur.
Hər halda ədəbiyyatda şöhrət, tanınmaq
var. İndikilər əvvəlkiləri inkar etmək bahasına özlərini təsdiq etmək istəyirlər. İndi 90-cı illərdə ədəbiyyata
gələnlər 60-70-ci illərdən
üzü bəri ədəbiyyata gələn
nəsli inkar etməklə həmin boşluğu doldurmaq istəyirlər. Ortada böyük bir boşluq dövrü var. Oturub ciddi orjinal
əsər yazmaqdan, ciddi işlərlə məşğul olmaqdansa,
intriqalar daha çox müşahidə
olunur".
Bu gün Azərbaycan
ədəbiyyatının inkişafı
ilə bağlı təməl prinsiplər müəyyən edilməlidir.
Konkret olaraq şeirdə, poeziyada Azərbaycanın milli dəyərlərinə əsaslanan
keyfiyyətlər daha
xəlqi biçimdə,
məzmunda ifadə olunmalıdır. Nəsrdə
isə fəlsəfi bədiiliyin geniş intişar tapmasına ehtiyac böyükdür. Bu məsələlər hər birimizdən ciddi düşüncə
tələb edir. Bu gün itirilmiş
yurd yerlərimizlə
bağlı daha ciddi əsərlər yaranmalıdır. Babək
Xürrəmdin mövzusuna,
həmçinin Nəsimi
sığmazlığına ədəbiyyat tamamilə
yeni səviyyədə
yanaşmalıdır. Qoy
yazıçılarımız Çaldıran faciəsi
ilə bağlı daha ibrətamiz əsərlər yaratsınlar.
Millətimizin ayaq üstə qaldırılmasına
bu mənada ədəbiyyat ciddi kömək edə bilər.
Bu gün tərcümə
ədəbiyyatı ilə
bağlı problemlər
kifayət qədərdir.
R.Kamal deyir ki, xalqların bir-birlərinin yaratdıqlarından mümkün
qədər vaxtında
xəbərdar olmaları
zəruridir: "Azərbaycan
Zaqafqaziya ölkələri
arasında tərcümə
sarıdan geridədir.
Gürcülər bu sahədə daha irəlidədir. Bu gün gürcü ədəbiyyatı ilə
bağlı rus dilində xeyli nümunələr tapmaq mümkündür. Gürcü
yazıçılarının rus yazıçıları
ilə tarixən yazışması da bu sıradandır. Hər halda Azərbaycan ədəbiyyatı
incilərinin yenidən
başqa dillərə
ləngimədən və
daha keyfiyyətlə tərcüməsi mərhələsinə
qədəm qoymalıyıq".
Xalq cəbhəsi.-2007.-31 yanvar.-S.15.