T. İsmayılov adına “İntellekt” məktəb-liseyində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Dekabrın 28-də Təhsil Nazirliyinin Bakının Səbail rayonundakı T.İsmayılov adına "İntellekt" məktəb-liseyində Heydər Əliyev muzeyinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmiş, bu təhsil ocağında aparılmış təmir işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı ulu öndərin adını daşıyan muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Məktəb-liseyin direktoru Ceyran Quliyeva məlumat verdi ki, xalqımızın Ümummilli liderinin xatirəsinə həsr olunmuş bu muzey Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır. Muzeyin girişində ulu öndərə ithaf edilmiş "Dünyanı işıqlatmaq üçün qəlbini yıxdın, şimşək kimi çaxdın. Qəlbin alovundan axan amal işığında Sən əsrinə baxdın. Çəkdin min ömürlük yükü sən azca ömürdə, "Xalqım" deyə xalq ömrünə ulduz kimi axdın" sözləri yazılmışdır.

Muzeydə ulu öndərimiz haqqında bütün dəyərli materiallar, o cümlədən videoyazılar, disklər toplanmışdır. Əbədiyaşar Prezidentin həyatı və fəaliyyəti haqqında bioqrafik məlumatlar, dahi şəxsiyyətlərin söylədikləri fikirlər də diqqəti cəlb edir.

Prezident İlham Əliyev özü 6 nömrəli orta məktəbdə təhsil alarkən, 1977-ci ildə ulu öndər Heydər Əliyevin valideyn kimi bu təhsil ocağında olmasını əks etdirən fotoşəkillərə baxdı, həmçinin hazırda məktəbdə çalışan və vaxtilə biologiya, rus dili, ictimaiyyət və tarix fənlərindən ona dərs demiş müəllimlərin -Emma Kazımovanın, Mina Cəfərovanın və Lyudmila Frantsevanın şagirdlik dövrü haqqında fikirlərini böyük maraqla oxudu və o dövrü məmnunluqla xatırladı.

Muzeydə Heydər Əliyevin 2001-ci ildə torpaq sürüşməsi zamanı 6 nömrəli məktəbdə olmasına aid fotoşəkillər, dahi şəxsiyyətlərin, orta məktəb şagirdlərinin ulu öndər haqqında ürək sözləri, Heydər Əliyevin təhsil, müəllim, gənclər barədə kəlamları xüsusi guşələrdə nümayiş etdirilir.

Xüsusi vurğulandı ki, bu, sadəcə muzey xarakteri daşımayacaq, burada tarix dərsləri də keçiləcək, şagirdlərə ulu öndərin fəaliyyəti ilə bağlı ətraflı bilgilər veriləcəkdir.

Prezident İlham Əliyev muzeyin özünəməxsus olduğunu bildirdi, ulu öndər Heydər Əliyevə orta məktəbdə oxuduğu zaman verilmiş qiymət cədvəlinin də burada nümayiş etdirilməsini tövsiyə etdi və dedi ki, bu, şagirdləri daha yaxşı oxumağa sövq edən sənəd, onların bütün fənlərdən əla qiymətlər alması üçün bir stimuldur.

Sonra   Prezident   İlham Əliyev məktəb-liseydə aparılmış təmir işləri ilə tanış oldu, ulu öndərlə bağlı, dövlətimizin başçısının Prezident və Milli Olimpiya Komitəsinin rəhbəri kimi fəaliyyəti ilə bağlı guşələrə və "məktəb direktorlarının" guşəsinə, rəssamlığı bacaran şagirdlərin əl işlərinə, ayrı-ayrı sinif otaqlarına, kompyuter kabinetlərinə, laboratoriyalara, idman və akt salonlarına baxdı, görülən işləri yüksək qiymətləndirdi.

Prezidentin "Bu gün dünyada inkişafı təmin edən təbii ehtiyatlar, yaxud da başqa milli sərvətlər deyil, ilk növbədə, bilik, savad, yeni texnologiyalardır" sözlərinin onlar üçün şüar olduğunu söyləyən məktəbin direktoru bildirdi ki, 1300 şagirdin təhsil aldığı məktəb müasir avadanlıqla da təchiz edilmişdir. Tədris zamanı Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni təlim metodlarından, fizika, kimya, biologiya, tarix fənləri üzrə disklərdən istifadə olunur. Şagirdlər bu məktəbin məzunu kimi sizin fəaliyyətinizdən nümunə götürürlər.

2002-ci ildən başlayaraq, Təhsil Nazirliyinin göstərişi ilə məktəbdə eksperiment qaydasında "İqtisadiyyatın əsasları" fənni tədris olunur və bu sahədə uğurlar çoxdur. Şagirdlər internet vasitəsilə dünya və respublika  üzrə keçirilən müsabiqə və yarışlarda fəal iştirak edirlər. Onlar bu il beynəlxalq yarışın qalibi olmuş, BP şirkətinin keçirdiyi müsabiqədə də uğurlu nəticə göstərmişlər. Məktəbin internet saytında nümunəvi şagirdlərdən bəhs olunur. Məzunlar ali məktəblərə qəbul zamanı iqtisadiyyat fakültələrinə daha çox maraq göstərirlər. Məktəbi bu il bitirmiş 67 nəfərin hamısı, keçən il isə məzunların 60 faizi ali məktəblərə qəbul olunmuş, onların 7-si 600-dən çox bal toplamışdır. Onların içərisində Prezident təqaüdçüləri vardır.

Prezident İlham Əiiyev slaytlarda məktəb-liseyin göstəricilərinə baxdı, ingilis dili dərsində iştirak etdi, şagirdlərlə bu dildə söhbət edərək, xarici dil öyrənmənin zəruri olduğunu bildirdi. Dövlətimizin başçısı məktəb-liseydə yaxşı oxumaq üçün hər cür şəraitin yaradıldığını vurğuladı şagirdlərə dərslərində müvəffəqiyyətlər arzuladı.

 

Azərbaycan müəllimi.- 2007.- 12 yanvar.- S. 1.