Bayramov O.

 

İstanbulda gənc rəssamın sərgisinin açılışı olmuşdur

 

Yanvarın 29-da İstanbulun Şişli rayonundakı Sənət qalereyasında gənc və istedadlı rəssam Rza Sadiqin əsərlərindən ibarət sərginin açılışı olmuşdur.
Qardaş ölkədə yaşayan və işləyən azərbaycanlıların, Türkiyənin incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı bildirdi ki, hələ 20 yaşı tamam olmamış Rza Sadiq Azərbaycan rəssamlıq məktəbinin modern boyakarlıq janrının artıq tanınmış nümayəndələrindən biridir. Gənc rəssamın əsərlərinin Türkiyədə də bir çox görkəmli fırça ustası tərəfindən yüksək qiymət alması onun xüsusi istedadından və böyük gələcəyindən xəbər verir. Onun bəzi işləri Azərbaycan rəssamlarının əsərləri kataloquna da daxil edilmişdir. O, Bakıdakı Özəl Türk Liseyinin məzunu, hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsidir. Rəssamlıq qabiliyyəti ilə yanaşı, yüksək bilik nümayiş etdirdiyinə görə Prezident təqaüdünə də layiq görülmüşdür.
Türkiyə Azərbaycanlıları Həmrəylik Dərnəyinin sədri Timur Səlcuk, türkiyəli rəssamlar çıxışlarında gənc rəssamın İstanbuldakı ilk sərgisini mühüm mədəni hadisə adlandırdılar, onun əsərlərinin məziyyətlərindən bəhs etdilər. Türkiyə rəssamları vurğuladılar ki, zəngin ənənələri olan Azərbaycan rəssamlıq məktəbi Rza Sadiq kimi istedadlı gənclərin sayəsində dünyada özünəməxsus yerini gələcəkdə də qoruyub saxlayacaqdır.
Şəkil çəkməyə hələ 5 yaşından başlayan Rza Sadiq bu yolda qazandığı uğurlarında müəllimi, tanınmış rəssam Səbinə Şıxlinskayanın böyük rolu olduğunu söylədi, İstanbulda ilk sərgisinin təşkilinə kömək göstərmiş respublikamızın mədəniyyət və turizm, təhsil nazirliklərinə, Rəssamlar İttifaqına və “Təhsil” nəşriyyat evinə minnətdarlığını bildirdi.
Sərgi fevralın 10-na qədər davam edəcəkdir.

 

Xalq qəzeti.-2007.-31 yanvar.-S.7.