Zəhra

 

“Teatrda rəssam işi rejissorla tamaşaçı arasında

körpü rolu oynayır”

 

Xalq rəssamı Nazim Bəykişiyev: “Biz öz milli rəssamlıq məktəbimizi kor-koranə şəkildə xaricdəkilərlə müqayisə etməməliyik”

 

Ötən ilin sonlarında prezident İlham Əliyev fəxri adların verilməsi ilə bağlı fərman imzaladı. Bu fərmana əsasən bir çox rəssamlarımız əməkdar rəssam, xalq rəssamı, incəsənət xadimi adına layiq görüldü. Xalq rəssamı adı alan firça ustalarından biri də rəngkarlıq və teatr rəssamlığı ilə məşğul olan Nazim Bəykişiyevdir. Əsərləri Rusiya, Türkiyə, Almaniya, Fransa və İngiltərə muzey və sərgilərində nümayiş etdirilən N.Bəykişiyev hazırda Akademik Milli Dram Teatrının baş rəssamıdır. Dövlət mükafatı, "Qızü dərviş" "Humay" Milli mükafatlarının laureadır. N.Bəykişiyev bu günə kimi 100-dən artıq tamaşada quruluşçu rəssam kimi işləyib. Rəssamla söhbətimizdə onun sənət yoluna birgə nəzər saldıq.

"Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, indiki Rusiya Teatr Akademiyasına daxil oldum. Elə teatr rəssamı kimi yaradıcılığa da burada başladım. Akademiyada təhsil aldığım müddətdə gördüm ki, məhz bu təhsil ocağında oxumaq her bir gənc rəssamın savadlı yetişməsinə, öz dövrünün, zamanının tələblərinə cavab verməsinə şərait yaradır. Mən rəssamlıqla 70-ci illərdən məşğul oluram. Daha sonra bir çox xarici ölkələrdə, o cümlədən Türkiyə teatrlarında bir neçə tamaşanın quruluşçu rəssamı olmuşam. Valeri Levental, David Baroviski, Aleksandr Vasilyev kimi klassiklərdən bu sənətin sirlərini öyrənmişəm. Bu gün dünya miqyasında qəbul olunan bu sənətkarlardan nəsə öyrənməyə çalışıram. Çünki onlar teatr sənətinə hər zaman yeni bir fikir gətiriblər".

Rəssam yaradıcılıqla məşğul olduğu 30 ildən artıq müddətdə bir çox uğurlar əldə edib. 35 yaşında Dövlət Mükafatı laureatı olub. N.Bəykişiyev hər zaman yenilik axtarışındadır, yaratdığı əsərlərin mükəmməl alınması üçün onların üzərində davamlı olaraq çox böyük tələbkarlıqla işləyir: "Tələbəlik illərində bizi təcrübəçi kimi Rusiya teatrlarında hazırlanacaq tamaşalara tərtibat verməyə göndərirdilər. Biz Rusiya Teatr Akademiyasına qayıdandan sonra təcrübə müddəti ərzində gördüyümüz işlərdən bəhs edən afişalar hazırlayır, onlarla bağlı izahatlar verirdik. Azərbaycanda ilk üzərində işlədiyim tamaşa Sumqayıt Dövlət Teatrında hazırlanıb. Sonra ayrı-ayrı vaxtlarda Musiqili Komediya Teatrında Gənc Tamaşaçılar Teatrında baş rəssam kimi çalışmışam.

2001-ci ildən etibarən isə Akademik Milli Dram Teatrının baş rəssamıyam. Ancaq fəaliyyətimin ilk vaxtlarından ta bu günə qədər bir çox tamaşalara bədii tərtibat vermək üçün bölgə teatrlarına da dəvətlər alıram heç vaxt bu dəvətlərdən imtina etmirəm".

N.Bəykişiyev ən çox sevdiyi işlərin Hüseyn Cavidin əsərlərinə hazırlanan tamaşalara verdiyi tərtibatlar olduğunu deyir. Mehdi Məmmədov, Azər Paşa Nemətov, Hüseynağa Atakişiyev, Mehriban Ələkbərzadə kimi rejissorların tamaşalarına quruluşçu rəssam kimi əmək sərf edən N.Bəykişiyevin Ağdam Teatrında hazırlanan Anarın "Şəhərin yay günləri" əsərilə bağlı gözəl teatr eskizləri var. Hazırda bu eskizlər Dövlət İncəsənət Muzeyində saxlanılır. Elçinin "Qatil" tamaşasına verdiyi tərtibat da maraqla qarşılanıb: "Mənə uğur gətirən işlərimdən biri Mir Cəlalın "Dirilən adam" tamaşasının səhnə tərtibatı oldu. Bu işimə görə, "Humay" mükafatı aldım. 2001-ci ildən 2005-ci ilədək olan fəaliyyətimə görə isə Teatr Xadimləri İttifaqı tərəfindən "Qızıl Dərviş" mükafatı ilə təltif olundum".

Bir müddət əvvəl Vyanada nümayiş olunan "Arşın mal alan" tamaşasına da tərtibat verən xalq rəssamı bunu mühüm hadisə kimi dəyərləndirir: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə baş tutan bu tamaşanın nümayişi böyük hadisə idi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun sənətini dünyaya tanıtmaq məqsədilə Vyanada hazırlanan bu tamaşaya bədii rəhbərlik Fərhad Bədəlbəyliyə, bədii tərtibat isə mənə həvalə edilmişdi. Xarici aktyorların ifa etdiyi bu tamaşa böyük səs-küyə səbəb oldu".

Bir müddət əvvəl İranda keçirilən, 35 ölkənin nümayəndələrinin iştirak etdiyi Biennal Rəngkarlıq Sərgisinə qatılan rəssam orada birinci yeri tutub: "Azərbaycanda ilk dəfə bu müsabiqənin qalibi olaraq "Qran-pri" alan sənətkarımız xalq rəssamı Fərhad Xəlilovdur. Bu sərgi iki ildən bir keçirilir. Ölkəmizdən həmin müsabiqəyə 25 rəssam öz əsərlərini göndərilmişdi. Münsiflər heyətinin tərkibində sərgiyə qatılan ölkələrin nümayəndələri təmsil olunsa da, onların öz ölkəsinin nümayəndəsinə səs verməyə ixtiyarı yox idi. Müsabiqədə birinci yerə layiq görülməyimə çox sevindim, ancaq müəyyən səbəblərə görə mükafatın təqdimetmə mərasiminə qatıla bilmədim".

N.Bəykişiyev bədii tərtibatın rejissorun fıkrini tamaşaçıya aydın çatdırmaq baxımından böyük önəm daşıdığını söyləyir: "Teatrda rəssam işi rejissorla tamaşaçı arasında körpü rolunu oynayır. Səhnə açılarkən tamaşaçı ilk olaraq rəssam işi ilə tanış olur. Əsərlə bağlı ilk təəssüratları tamaşaçı rəssamın yaradıcı təxəyyülə əsaslanan işindən alır. Səhnə tərtibatı sənəti həm aktyorun öz obrazını yaratmasına çox kömək edir".

Hazırda teatr rəssamlığı ilə yanaşı, həm Rəssamlıq Akademiyasında müəllim işləyən Nazim Bəykişiyev bu mürəkkəb sənəti gənclərə öyrətməkdən böyük zövq alır. Gənclərlə işləməyə böyük önəm verdiyini qeyd edən rəssam, həm gözəl rəngkardır. Fərqli, bənzərsiz rəng duyumuna malik olan xalq rəssamı Nazim Bəykişiyev əsərlərində Abşeronu vəsf edir. "Əsərlərimin əsas mövzusu Abşeron mənzərələridir. Həmin mənzərələri rəngkarlıq əsərlərimdə əks etdirməyi sevirəm. Əsasən teatrda çalışdığımdan buradakı işimin çoxluğundan rəngkarlığa kifayət qədər vaxt ayıra bilmirəm. Amma rəssam öz işinin vurğunudursa, hər cür şəraitdə işləməyi, yaratmağı bacarmalıdır. Biz öz rəssamlıq məktəbimizi kor-koranə şəkildə xaricdəki rəssamlarla, Almaniya, Fransa, İngiltərə rəssamlıq sənəti ilə müqayisə etməməliyik. Özəl xüsusiyyətlərimizi qorumalıyıq. Onda görərik ki, Azərbaycanın rəngkarlıq sənəti bu gün, mübaliğəsiz desək, elə dünya səviyyəsindədir".

N.Bəykişiyev ölkəmizdə son vaxtlar mədəniyyət sahəsinə ayrılan diqqəti yüksək qiymətləndirir. O, bu şəraitin mədəniyyətimizin dünyaya tanınmasında böyük rol oynayacağını söyləyir: "Ölkənin çətin maddi-iqtisadi vəziyyətində sənəti, sənətkarı qorumaq üçün görülən böyük işlər təqdirəlayiqdir. Mədəniyyət Turizm Naziri Əbülfəs Qarayev teatr sənətimizin dünyaya çıxmasına böyük imkanlar yaradır. O, mədəniyyətə son dərəcə ciddi yanaşan bir insandır. Mən bir rəssam kimi artıq sənət sferasındakı irəliləyişləri, dəyişiklikləri hiss edirəm. Artıq teatrlarımızın çoxu təmir olunur. Bu, həm bizim işlərimizin daha mükəmməl olmasına şərait yaratmaq deməkdir. Hörmətli prezidentimiz bu yaxınlarda rəssamlar üçün emalatxanaların tikilməsi Müasir Təsviri Sənət Muzeyinin təşkil olunması ilə bağlı fərman imzalayıb. Bütün bunlar baş verən irəliləyişlərin göstəriciləridir".

Bu ilin payızında N.Bəykişiyevin yaradıcılıq nümunələrindən ibarət sərgi keçiriləcək: "Hazırda görkəmli rejissorumuz Azər Paşa Nemətovla birlikdə 10 Mart - Teatr Gününə həsr olunan sərgiyə hazırlaşırıq".

Rəssam yaratdığı əsərlərin bəzlərini dostlarına bağışlamaqdan zövq alır: "Üç il əvvəl şair Vaqif Bayatlı Öndərin portretini çəkib ona bağışlamışdım. O, hələ söz düşəndə bu əsəri çox bəyəndiyini deyir. Məndə bir xüsusiyyət var ki, eyni mənzərəni dəfələrlə işləyirəm. Ancaq bunun rəngkarlıq ifadəsi hər dəfə müxtəlif formada alınır. Mən özüm Novxanıda anadan olmuşam. Yəqin bu səbəbdəndir ki, əsərlərimdə Abşeronu təsvir etməkdən doymuram". Rəngkarlıq əsərlərinin hər zaman müsbət enerji yayılmasını arzulayan N.Bəykişiyev artıq bu istəyinə nail olduğunu düşünür: "Çalışıram ki, əsərlərim tamaşaçılara müsbət enerji bəxş etsin, insanlarda sevinc hissi yaratsın. Hər zaman ümid edirəm ki, sabah daha yaxşı əsərlər yaradacağam. Əgər bu inam hissi olmasa, sənətkar yeni əsərlər yarada bilməz".

 

 

525-ci qəzet.- 2007.- 17 yanvar.- S. 7.