İbrahimova S.

 

YUNESKO-dan rəssamlara maddi dəstək gəldi

Beynəlxalq qurum dekorativ-tətbiqi sənət ensiklopediyasının hazırlanmasına yardım göstərəcək

 

Azərbaycanın dekorativ-tətbiqi sənət ensiklopediyasının hazırlanması üçün yaradıcı heyət qruplaşdırılır. Azərbaycan Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayevin sözlərinə görə, onun rəhbərlik etdiyi layihə YUNESKO tərəfindən maliyyələşdiriləcək:

"YUNESKO layihəni maddi cəhətdən dəstəkləyəcəyini artıq bildirib. Hazırda layihəni gerçəkləşdirəcək yaradıcı qrup toplayırıq. Qrup hazır olan kimi işə başlayacağıq. Ensiklopediya ilin sonuna kimi təhvil verilməlidir".

Ə.Qarayevin sözlərinə görə, ensiklopediyada dekorativ-tətbiqi sənətin bütün növləri xalça, keramika başqalarının xüsusiyyətləri haqqnda məlumatlar yer alacaq. Bununla yanaşı, son 60-70 il ərzində bu sadədə çalışan rəssamlar haqqında məlumatlar onların əsərlərindən nümunələr topluya daxil ediləcək.

Yeri gəlmişkən qeyd edək ki, rəssamlara fəxri adların təqdimatı yaxın günlərdə planlaşdırılır.

Rəssamlar İttifaqınım mətbuat əlaqələndiricisinin məlumatına görə, 6 rəssama "Xalq rəssamı" adı verilib. Bu fəxri ad rəngkarlıq janrı üzrə Ağəli İbrahimova, Tofiq Ağabalayevə, Mirnadir Zeynalova, qrafika janrı üzrə Arif Hüseynova, monomental janr üzrə isə Fərhad Məmmədova verilib. Teatr rəssamlarından isə Nazim Bəykişiyevə bu fəxri ad nəsib olub. 25 rəssam Əməkdar, 4 rəssam Əməkdar İncəsənət xadimi adına layiq görülüb. Fəxri adların təqdimetmə mərasimində Soltan Məhəmməd müsabiqəsinin qaliblərinin mükafatlanması medalla təltif olunması da nəzərdə tutulub.

Qeyd edək ki, İlham Əliyevin dekabrn 20-də rəssamlar üçün yeni emalatxana kompleksinin tikilməsi ilə bağlı imzaladığı sərəncama dair artıq təkliflər var. Xatırladaq ki, sərəncama əsasən, Azərbaycan Rəssamlar İttifaqı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi üç ay müddətində təkliflərini prezidentə təqdim etməlidirlər. Rəssamlar İttifaqı sədrinin müşaviri Ə.Qarayev verdiyi açıqlamasında rəssam memarların artıq təkliflər hazırladıqlarını bildirib. Onun sözlərinə görə, Rəssamlar İttifaqının üzvləri emalatxanalarının daha geniş yaradılması ideyasını irəli sürürlər: "Bizim fıkrimizcə, daha yaxşı olar ki, emalatxanalar təkcə emalatxanadan ibarət olmasın. Yəni burada rəssamların əsərlərini sərgiləmək üçün qalereya yaradılmalıdır. Bununla yanaşı, emalatxananın Azərbaycana gələn rəssam qonaqların gəlib dincəlməsi üçün qonaq evi olmalıdır. Yəni emalatxana həm istirahət evi kimi yaradılmalıdır".

Ə.Qarayev onu da bildirdi ki, bu kimi məsələlərlə yanaşı, digər problemlər müzakirə olunur. Emalatxanaların neçə mərtəbədən ibarət olması, harada tikilməsi haqqında hələ bir məlumat yoxdur. Amma emalatxanalan şəhərin mərkəzində tikilməsi şərtdir. Yer məsələsi isə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə müzakirə olunacaq.

 

Kaspi.- 2007.- 12 yanvar.- S. 8.