Zümrüd

 

Sehirli çay daşları

 

Sərgi 2 fevral Azərbaycan Gəncləri gününə həsr olunub

 

Dünən, 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Səttar Bəhlulzadə adına Sərgi Salonunda Ədalət Quyualçaylının "Sehirli çay daşları" adlı fərdi sərgisinin açılış mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov açaraq 2 fevral Gənclər Gününün qeyd olunmsından artıq 10 il ötdüyünü bildirdi. O, ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 1 fevral tarixində Gənclər Günü ilə bağlı imzaladığı fərmanı xatırlatdı. Azad Rəhimov Azərbaycan gənclərinin əsərlərinin təkcə respublika daxilində deyil, bütün dünya miqyasında geniş bir şəkildə təbliğ olunmasını arzuladı və bu isliqamətdə müəyyən işlərin görüldüyünü də bildirdi. O, Gənclər Günü münasibətilə bütün gəncləri təbrik etdi və bu gün sərgisi təşkil olunan Ədalət Quyualçaylının yaradıcılıq yolunun özünəməxsusluğunu da nəzərə çatdırdı. Nazir gənc rəssama uğurlar diləyib, bayram münasibətilə təbrik etdi.

Sərginin açılış mərasimində yaradıcılığına göstərilən diqqətə görə Ədalət Quyualçaylı sərginin təşkilatçılarına, xüsusilə də, gənclər və idman nazirinə minnətdarlığını bildirdi. Çıxışlar sona yetdikdən sonra, sərgi salonu iştirakçıların ixtiyarına verildi. Sərgidə rəssamın 80-ə qədər əsəri nümayiş olunurdu.

Qeyd edim ki, Ədalət Quyualçaylı 2003-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub, hazırda təsviri sənət və sənətşünaslıq fakültəsinin IV kurs tələbəsidir.

1996-cı ildə Səttar Bəhlulzadə adına sərgi salonunda "Xalça sənəti və özünə məşğulluq" proqramı çərçivəsində keçirilən sərgidə III dərəcəli diploma layiq görülmüşdür.

O, Akademiyada respublikanın tanınmış rəssamları A.Rüstəmovdan, V. Ağayevdən, R. Hüseynovdan və başqalarından dərs alır. Təhsil müddətində o, özünü istedadlı tələbə kimi göstərə bilmişdir. Ədalət Quyualçaylı seçdiyi sənətə böyük maraq və həvəslə yanaşır. Ədalət öz zəhmətkeşliyi ilə professor, müəllim və tələbə heyəti arasında böyük hörmət qazanmışdır.

Gənc rəssam, müsabiqələrdə, respublika və akademiyanı təmsil edərək, müxtəlif səviyyəli sərgilərdə fəal iştirak etmişdir. 2005-ci ildə rayon sərgisində ölkə başçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev istedadlı tələbə olan Ədalət Quyualçaylı ilə görüşmüş və onun sənəti ilə maraqlanmışdır.

Ədalət Quyualçaylının yaradıcılığı geniş və müxtəlifdir. Onun yaratdığı çay daşları üzərindəki əsərlər böyük zövqlə işlənərək, geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır. Onlardan bir neçə işi sərgidə nümayiş olunurdu, "H.Əliyev", "Şah İsmayıl Xətai", "M.Füzuli", "M.K.Atatürk", "S.Vurğun" portretləri çay daşları üzərində öz əksini tapmışdır. Eyni zamanda, "Abidələrimizi qoruyaq", "Muğam xalqın səsidir" əsərləri də diqqətə layiqdir.

O, vətənimizin gözəl təbiətindən, axar çayların kənarında olan çoxsaylı, müxtəlif formalı çay daşlarından istifadə edərək, onlan üzərində oyma üsulu ilə milli ənənələrimizi əks etdirən səhnələri, görkəmli şairlərin, sərkərdələrin, dövlət xadimlərinin portretlərini həkk edir. O, bu işləri və bir növ milli dəyərlərimizi təbliğ edir, gənclərin mənəvi tərbiyəsinə kömək göstərir.

O,  öz  yaradıcılıq  məhsulunu  müvəffəqiyyətlə bir sıra sərgilərdə nümayiş etdirmişdir.

 

Səs.- 2007.- 30 yanvar.- S. 12.