Zümrüd
Fəxriyyə
Xələfova: “Azərbaycanda moda qurumunun yaradılmasına
ehtiyac var
Modelyer
Fəxriyyə Xələfova bir neçə
həftədən sonra İstanbulda keçiriləcək
beynəlxalq moda festivalında iştirak edəcək. Bunu
modelyerin özü deyib. Onun sözlərinə görə,
artıq festivala hazırlıq işləri tamamlanmaq
üzrədir və bu festivalda Qazaxıstanda keçirilən
moda həftəsi üçün hazırladığı
2007-ci il yaz-yay kolleksiyasını nümayiş
etdirəcək: “Kolleksiyaya bir neçə əlavələr
olunacaq. Bu, həm böyük bir sərgidir, həm də
festivaldır. Türkiyədə indiyə kimi moda
nümayişim təşkil olunmamışdı və
belə bir dəvət aldığım üçün
çox sevinirəm”. F. Xələfova onu da bildirib ki, il
ərzində dünyanın tanınmış moda
ustalarından biri Bakıya gələcək və onunla
birgə Azərbaycanda beynəlxalq festival layihəsi həyata
keçiriləcək: “Layihənin reallaşması
Azərbaycan moda məktəbini dünyaya tanıtdıracaq”.
F. Xələfovanın sözlərinə görə,
Azərbaycanda moda qurumunun yaradılmasına ehtiyac duyulur: “Bu
gün moda ustaları pərakəndə şəkildə
fəaliyyət göstərirlər və onları
birləşdirən qurum yoxdur. Artıq ölkəmizdə
iki universitetdə moda fakültəsi açılıb və
oranı bitirən tələbələrin
gələcəyini düşünməliyik”. Bu layihənin
bacarıqlı və yaxşı təşkilatçı
tərəfindən reallaşdırılmasının vacibliyini
vurğulayan F. Xələfova hansısa moda ustasının
belə bir qurum yaratmasını qeyri-mümkün sayır. O,
ən böyük arzusunun Milan və Nyu-Yorkda şəxsi moda
nümayişi təşkil etmək olduğunu da
açıqlayıb.
apa
Ekspress.-2007.-31 yanvar.-S.16.