Məmmədov M.
Naxçıvanda “Tarixi abidələr”
ensiklopediyası nəşrə hazırlanır
Bu,
ABŞ-ın Harvard Universitetində çalışan
ermənipərəst alimlər üçün də ən
tutarlı cavabdır
Qondarma erməni təbliğatında
Naxçıvan mövzusu həmişə
"üstün" yer tutub. Bu da ilk növbədə
ondan irəli gəlib ki, onlar ana vətənimizim ayrılmaz
bir parçası olan bu qədim diyara da göz dikib, ona sahib
çıxmağa çalışıblar. Onlar bununla ilk
növbədə özlərini dünyanın qədim xalqlarından,
millətlərindən biri olduğunu göstərmək
istəyirlər. Axı Naxçıvan torpağı
dünyada sivilizasiyanın, mədəniyyətin
başlanğıc nöqtələrindən biri hesab olunur.
Dünyada böyük maliyyə imkanlarına malik olan
erməni lobbisi də bu sahədə öz gücünü
və səxavətini əsirgəmir. Bu günlərdə
ABŞ-ın Harvard Universitetində təşkil olunan
"Naxçıvanın erməni abidələri"
adlı sərgi də belə bir " canıyananlığın"
əyani nümunəsi olub. ABŞ-ın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Ann Dorsi
isə Naxçıvana səfəri çərçivəsində
bu məsələyə təmsil etdiyi dövlətin
münasibətini açıqlayaraq deyib ki, "Harvard
müstəqil universitetdir. Orada çalışan professorlar
da dövlətin nümayəndələri deyil. Bu baxımdan
həmin sərgini ABŞ-ın məsələyə
rəsmi münasibəti kimi dəyərləndirmək
düzgün deyil. Həmin sərginin tarixi təhrif etdiyini
də bilirəm. Amerikaya qayıdanda şəxsən
özüm bu məsələ ilə maraqlanacağam və
calışacağam ki, Azərbaycanın maraqlarını
müdafiə edim".
Elə bu yerdəcə sual oluna bilər ki, bəs bu gün
qədim və müasir Naxçıvanımızda tarixi
abidələrimizin öyrənilməsi, tədqiqi və
təbliği istiqamətində nə kimi işlər
görülür? Görülən işlər, həyata
keçirilən tədbirlər erməni
millətçiləri, siyasətbazları üçün
tutarlı dərs ola biləcəkmi?
* * *
Tarixçi alimlərin, xüsusən də arxeoloqların
qədim Naxçıvan torpağı ilə bağlı
belə bir deyimləri var: burada hər daşın, hər
qayanın altında bir tarix yatır. Bu isə o demək olub
ki, burada insan yaşayışının neçə min
illərlə tarixi vardır. Bu qədim və
keşməkeşli tarixi isə sübut edən
mənbələr, amillər çoxdur. Buna misal olaraq ilk
növbədə antik, orta əsrlər və müasir
dövr tariximizə mənsub olan maddi-mədəniyyət
nümunələrini və tarixi abidələri
göstərmək olar: ilk insanların yaşadıqları
mağaralar, qədim yaşayış yerləri, erkən
şəhər mədəniyyəti, möhtəşəm
qala divarları, qayaüstü rəsmlər, daş qoç
heykəlləri, xatirə memarlığının ən
mükəmməl nümunələri olan türbələr,
eləcə də digər memarlıq inciləri.
Bu günlərdə AMEA-nın Tarix İnstitutunun AMEA-nın
Naxçıvan Bölməsi və Naxçıvan
Dövlət Universiteti ilə birgə keçirdikləri
beynəlxalq simpoziumda iştirak edən tədqiqatçı
alimlərin də yekun rəyləri yenə də bundan
ibarət olub ki bu diyar, bu torpaq bəşər
sivilizasiyasının, mədəniyyətinin ən
başlanğıc nöqtələrindən biri olub. Qeyd
olunub ki, Qazma, Əshabi-Kəhf, Kilid mağaralarında, Batabat
yaylağında və Əlincəçay vadisində,
Haçadağın cənub ətəyində aşkar olunan
tarixi abidələr bu gün də daş dövrü mədəniyyətinin
qalıqlarını yaşatmaqdadır. Bunlar isə o
demək olub ki, bu yerlərdə insanlar ibtidai icma
dövrünün ilkin mərhələsində
yaşayıblar. Eramızdan əvvəl dördüncü
minilliyin sonu və ikinci minilliyin əvvəllərində
isə Naxçıvan ərazisində Oğlanqala,
Çalxanqala, Govurqala kimi qala-şəhər
məntəqələri fəaliyyət göstərib.
Gəmiqaya qayaüstü rəsmləri isə
əcdadlarımızın bədii təfəkkürünü,
adət-ənənələrini, estetik-fəlsəfi
baxışlarını və dini-ideoloji
təsəvvürlərini özündə əks etdirən
qiymətli təsvirlər qalereyasıdır. Bu rəsmlər
isə tariximizin dörd-beş min il bundan əvvəlki
varlığından soraq verir.
Muxtar respublika ərazisi orta əsrlər memarlıq
abidələri ilə də olduqca zəngindir. Orta
əsrlərdə mövcud olan və bütün Şərq
ölkələrində tanınan "Naxçıvan
memarlıq məktəbi"nin inciləri daha çox
şöhrət qazanıb. Təməli dövrünün
böyük ustadı Əcəmi Əbubəkr oğlu
Naxçıvani tərəfindən qoyulan bu məktəb Şərq
dünyasına Əmirəddin Məsud Naxçıvani,
Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi
memarlar, sənətkarlar bəxş edib. Onların
yaratdıqları bir çox əsərlər də bu
gün əzəmətlə dayanır. Onlara misal olaraq
Mömünə xatın məqbərəsini, Yusif Küseyir
oğlu və Gülüstan türbələrini,
Qarabağlardakı qoşa memarlıq abidəsini
göstərmək olar. Bu abidələrin hər biri də
tariximizin XII-XIII əsrlərində inşa olunub. O dövrlərdə
ki, artıq Azərbaycan Atabəylər dövlətinin
paytaxtı olan Naxçıvan əzəmətli bir
şəhər, ölkəmizin siyasi, iqtisadi,
mədəniyyət və sənətkarlıq
mərkəzlərindən biri kimi tanınmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev
Mömünə xatın məqbərəsi ilə
tanış olarkən bu barədə belə deyib: "Bu
abidə Atabəylər dövlətinin Azərbaycan
dövlətçiliyinin yüz illərlə dünyaya
nümayiş etdirməsini, Atabəylər sülaləsinin,
nəslinin Azərbaycan tarixində nə qədər
böyük yer tutduğunu göstərir".
Tariximizin sonrakı dövrlərində də
Naxçıvanda tikilən abidələr, memarlıq
inciləri də az olmayıb. Onların bir çoxu da
bugünümüzə qədər gəlib çatıb.
Xanəgah, Buzxana, Xan evi, Zaviyyə məsçidi də orta
əsrlərə məxsus abidələrdir.Təbii ki,
əcdadlarımızın özlərindən sonra qoyub
getdikləri bütün tarix və mədəniyyət
abidələri bu yurdun azərbaycançılıq
möhürü olub. Onlar bir daha sübut edirlər ki, tarix
boyu bu yurdda, bu torpaqda Azərbaycan türkləri
yaşayıblar. Amma bununla bərabər itib-batan,
sökülüb-dağılan maddi mədəniyyət
nümunələrimiz də az olmayıb. Elə bu
səbəbdəndir ki, bir vaxtlar Övliya Çələbi,
Tavariye, Şarden, Dübuye de-Monpera, Moryer, Robert Ker Perter kimi
dövrlərinin məhşur səyyah və coğrafiyaşünaslarının
əsərlərində adları qeyd olunan bir çox nadir
sənət nümunələrinin yalnız adları
qalıb. Sovet hakimiyyətinin mövcud olduğu ilk
qərinələrdə də bizlər öz
varlığımızın və tarixi keçmişimizin
nişanələrini, yadigarlarını lazımınca
qoruyub saxlaya bilməmişik. Necə deyərlər, onlara bir
qədər biganə olmuşuq.
Amma nə yaxşı ki, bu cür xoşagəlməz hallar
çox yaşamayıb. Xalqımızın ümummilli lideri
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə
gəlişi tariximizin canlı nümunəsi olan arxeoloji
tapıntılara, abidələrə münasibəti də
dəyişmiş, onların yad təsirlərdən
qorunması, mühafizəsi və bəpası işi diqqət
mərkəzində saxlanılmışdır.
Müstəqillik dövründə görülən
işlərlə kifayətlənmək də mümkün
olmayıb.Torpaqlarımıza yad təsirlərin və
baxışların artdığı bir dövrdə bu
məsələ bir qədər də aktuallaşıb. Bu
istiqamətdə Naxçıvan Muxtar Respublikasında
həyata keçirilən tədbirlər diqqəti daha
çox cəlb edir.
* * *
İnsafən son illər Naxçıvanda region tarixinin
tədqiqi, öyrənilməsi və təbliği
istiqamətində çox işlər görülüb.
Muxtar respublika Ali Məclisi Sədrinin imzaladığı
sərəncamlar bu sahədə "yaşıl
işıq" yandırıb. "Naxçıvan Muxtar
Respublikası ərazisindəki tarix və
mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında" 6 dekabr 2005-ci il tarixli sərəncam da belə
mühüm əhəmiyyətli tədbirlərdən biri
olub. Başlıca məqsəd də bu abidələri yenidən
və əsaslı şəkildə tədqiq edib
öyrənməkdən, onları bərpa edərək
gələcək nəsillər üçün qoruyub
saxlamaqdan ibarətdir. Əslinə qalsa, bu sərəncam da
xalqımızın ümummilli lideri Heydər Əliyevin
rəhbərliyi altında muxtar respublikanın uzun
müddət üçün işlənib
hazırlanmış inkişaf strategiyasından qaynaqlanıb.
Ulu öndər AMEA-nın Naxçıvan Bölməsinin
yaradılmasına həsr olunan geniş
müşavirədə bu mövzuda danışaraq deyib:
"Naxçıvan ərazisində həddindən çox
dünya miqyaslı tarixi-memarlıq abidələri var.
Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı da
göstərilməyibdir, hətta müxtəlif proseslər
zamanı, bəzən müharibələrlə, yaxud da
başqa hadisələrlə əlaqədar onların
uçurdulması, dağıdılması halları olubdur.
Amma bu tarix-memarlıq abidələri yaşayıb və bu
gün də yaşayır. Onların hər biri Azərbaycan
xalqının tarixini, mədəniyyətini,
adət-ənənələrini göstərən
abidələrdir. Lakin bunların haqqında tarixi
mənbələr və toplular varmı? Hesab edirəm ki,
yoxdurE"
Ulu öndər həmin çıxışında
qarşıda duran mühüm vəzifələrdən
də danışıb. Böyük narahatlıqla deyib ki,
"əgər bizim millətimizin keçmişini, tarixini,
mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz,
ziyalılarımız tədqiq etməsələr, sübut
etməsələr, bəs bunu kim edəcəkdir? Bax,
bütün bu səbəbdən mən Naxçıvan Muxtar
Respublikasında Elmlər Akademiyasının bölməsinin
yaradılması haqqında qərar qəbul
etmişəm".
Ali Məclis Sədrinin imzaladığı sərəncam
ilə yaradılan komissiyanın tərkibində nüfuzlu elm
adamları çoxluq təşkil edir. Onlardan iki
nəfəri Milli Elmlər Akademiyasının həqiqi
üzvi, iki nəfər isə müxbir üzvlərdir.
Dövlət və hakimiyyət orqanlarının
nümayəndələri də burada təmsil olunub. Birgə
iş də öz səmərəsini verir. Ötən
müddət ərzində tarix və mədəniyyət
abidələrinin qorunması və
pasportlaşdırılması ilə bağlı 1134
abidə qeydə alınıb. Onların da 56-sı dünya
əhəmiyyətli abidələr olub. Digər
abidələr isə mahiyyətcə ölkə və yerli
əhəmiyyətli olublar. 652 abidə isə ilk dəfə
aşkara çıxarılıb. AMEA-nın Naxçıvan
Bölməsinin sədri, akademik İsmayıl Hacıyevlə
söhbətimizdən onu da öyrəndik ki, toplanan materiallar
əsasında "Naxçıvan abidələri"
ensiklopediyası nəşrə hazırlanır. Heç
şübhəsiz ki, bu, tariximizə və
torpaqlarımıza göz dikən erməni
millətçilərinə ən tutarlı cavablardan biri
olacaq.
Prezident İlham Əliyev də bununla bağlı
qarşıya mühüm vəzifələr qoyub.
Naxçıvan tarixinin fundamental məsələləri
ilə bağlı keçirilən toplantıların
birində dövlət başçısı deyib ki,
"tez-tez bədnam qonşuların ərazi iddiaları
obyektinə çevrilən Naxçıvanın tarixinin
hələ də tədqiq edilməyə ehtiyacı olan
səhifələri açılmalı, Azərbaycanın
qədim və zəngin tarixə, mədəniyyətə
və çoxəsrlik dövlətçilik
ənənələrinə malik olan bu diyarın tam
dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya
ictimaiyyətinə olduğu kimi çatdırılmalı,
erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq
cəhdlərinə tutarlı cavab verilməlidir".
Son illər həyata keçirilən tədbirlər də bu
amala xidmət edir.
Azərbaycan.-2007.- 14
noyabr.- S. 7.