Əhmədov Q.

 

Xızıda turizmin inkişafı diqqət mərkəzindədir

 

Xəbər verildiyi kimi, bu yaxındarda Mədəniyyət və Turizm Nazirliyi Xaçmaz şəhərində bölgənin turizm potensialının perspektiv imkanları mövzusunda kollegiya iclası keçirmişdir. Tədbirdə qeyd edilmişdir ki, son dövrdə ölkəmizdə turizm dünya standartları səviyyəsində inkişaf etdirilməsi istiqamətində aparılan bir sıra işlər ölkəmizə gələn turistlərin marağına və saylarının ildən-ilə artmasına səbəb olmuşdur. Bu yönümdə aparılan düzgün siyasət nəticəsində turizmin iqtisadiyyatın gəlir gətirən sahələrindən birinə çevriləcəyi real həqiqətdir. Bunun üçün turist marşrutlarının hazırlanması, ölkəmiz haqqında dolğun və düzgün məlumatın verilməsi, Azərbaycanın maddi-mədəni və mənəvi dəyərlərini nümayiş etdirən el sənətkarlığı növlərinin bərpası və inkişaf etdirilməsi vacib şərtlərdəndir.
Xızı rayonunda turizmin inkişafı ilə bağlı tarix və mədəniyyət abidələri, təbiət və görməli yerlər, eləcə də el sənətkarlığı barədə məlumatlar dürüstləşdirilmiş, dövlət mühafizəsinə götürülmüş, daşınmaz tarix və mədəniyyət abidələrinin inventar nömrəsi, tarixi və s. qeydə alınmışdır. "Regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" respublika Prezidentinin 14 sentyabr 2005-ci il tarixli sərəncamında turizmlə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirmək məqsədi ilə rayonda turizmin inkişafına dair tədbirlər planı tərtib edilmişdir.
Xızı mədəniyyət və turizm şöbəsinin müdiri Sənan Talıbov bildirdi ki, rayonda turizmin perspektiv imkanları olduqca genişdir. Bölgə üçün səciyyəvi olan gözəl iqlim, müalicəvi əhəmiyyət kəsb edən müxtəlif bitki növləri, bulaqlar, göz oxşayan əsrarlı mənzərələr, təmiz hava, ürək açan genişlik, ovçuları özünə cəlb edən vəhşi çöl heyvanları, bir-birindən qədim ziyarətgahlar Xızıya səfər edənlərin yaddaşında silinməz iz buraxır. Bura bir dəfə gələn ikinci, üçüncü dəfə yenə gəlmək istəyir. Çünki təbiətsevərlər və sağlamlıq aşiqləri üçün burada hər cür münbit və münasib ab-hava var. Burada şərqdən dəniz, qərbdən dağ, şimaldan bağ, cənubdan çöl havası ilə nəfəs alan insan istər-istəməz cismən və ruhən gumrahlaşır, fikri, xəyalı ənginliklərə pərvaz edir. Təsadüfi deyil ki, bu hava böyük təxəyyül, alovlu qəlb və qələm sahibi olan Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Zeynəb Xanlarova kimi müqtədir sənətkarlar yetişdirmişdir.
Xızı rayonu təkcə ecazkar təbiəti ilə deyil, həm də tarixi abidələri, müqəddəs ocaqları ilə diqqəti özünə cəlb edən çox nadir yerdir. Rayonun Xələc kəndində Ağ pir, Qarabulaqda Seyidbacı piri, Ağdərədə Ağabdal piri, Aşağı Baxşılıda qədim qəbiristanlıq, Tıxlı kəndi yaxınlığında Şeyx Heydər türbəsi və digər onlarla ünvan hazırlanmış turizm marşrutlarının tərkibinə daxildir.
Xızı rayonunda turizm potensialından səmərəli istifadə edilməsi üçün müəyyən olunmuş turizm marşrutlarının işlək vəziyyətə salınması mexanizmi barədə, eləcə də turizm infrastrukturlarının imkanı nəzərə alınmaqla bir sıra təkliflər hazırlanmış, qədim tarixi yerlərin ətrafında müəyyən abadlıq işləri aparılmışdır. Rayonda mövcud olan tarix və mədəniyyət abidələri haqqında əhalinin yaddaşında qalan el deyimləri, əfsanələr, nəsildən-nəslə ötürülən rəvayətlər toplanmışdır. Turist marşrutları boyu obyektlər nəzarətə götürülmüşdür. Turist xidməti tullantılarının əraziyə atılmaması üçün konkret tədbirlər həyata keçirilməkdədir. Rayonun "Cənnət bağı" və digər istirahət massivlərində, eyni zamanda, turizm marşrutları keçən ərazidə tullantıların xüsusi yerlərə atılması üçün obyektlərin rəhbərlərinə konkret tövsiyələr verilmişdir.
Məlum olduğu kimi, dağ və dəniz Xızının obrazıdır. Bu amil turizm marşrutları hazırlanarkən nəzərə alınmışdır. Hər iki istiqamətdə turist xidməti obyektlərinin təmizliyinə ciddi fikir verilir. Turist xidməti obyektlərində və xüsusən, marşrutun düşdüyü Xəzər dənizi akvatoriyasının müəyyən yerlərində sanitariya normalarının gözlənilməsinə ciddi nəzarət edilir. Bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə dəniz sahilinin sanitariya vəziyyətinə nəzarət epidemioloji idarə rəhbərliyi tərəfindən gücləndirilmişdir.
Rayon üzrə müəyyən edilmiş turizm marşrutlarının keçdiyi tarix və mədəniyyət abidələri ilə yanaşı, nadir el sənətkarlığının inkişaf etdiyi yaşayış məntəqələri də nəzərə alınmışdır. Əcnəbi qonaqlar el sənətkarları tərəfindən hazırlanan el sənəti nümunələrinə xüsusi maraq göstərirlər. Onlar hətta el sənətkarlarının hazırladıqları məmulatların emal prosesi ilə dərindən maraqlanırlar.
Hazırda rayonda gedən dinamik iqtisadi inkişaf, abad yollar, daimi qaz, işıq, su təchizatı burada mövsümi turizmdən daimi turizmə keçməyə imkan verir. Həm də qonaqlara təqdim olunacaq obyekt və ünvanların sayı durmadan artır. Son 5-6 ayda Xızı qəsəbəsində 320 nəfərlik müasir mədəniyyət sarayı, Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq muzeyi, şahmat klubu və digər mədəniyyət obyektləri tikilmişdir.

Azərbaycan.- 2007.- 6 noyabr.- S. 4.