İlqar Z.

 

Qış turizminin inkişafı üçün bir ne­çə layihə həyata keçirilir

 

Yay turizm mövsümü başa çatıb. Hələlik, ölkəmizdə qış turizmi bir o qədər də inkişaf etmədiyindən qış mövsümündə ölkəmizə təşrif buyuranların sayı da azdır. Amma, Mədəniyyət və Turizm Nazirliyində bu sahənin inkişafı üçün mühüm işlər görülməkdədir. Artıq bir sıra uğurlar da əldə olunub. Belə ki, bu il ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən iki dəfə artıb. Respublikamıza gələn xarici vətəndaşlar isə, daha çox Şəki-Zaqatala bölgəsinə üstünlük verirlər. Qeyd edək ki, sözügedən bölgədə istirahət edən turistlərin gündəlik xərci 40-250 manat arasındadır. Ümumilikdə isə turistlər ölkədə 26 istirahət mərkəzində dincəlməklə 407-dən artıq dünya, ölkə və yerli əhəmiyyətli abidələrlə tanış olublar. Bu barədə məlumatı Ailə Turizm Assosiasiyasının rəhbəri Fərhad Əzizov verib. Onun sözlərinə görə, bu il daxili turizmdə də 20 faiz artım olub. "Xarici turistləri Azərbaycana cəlb etmək üçün əsasən ölkənin cənub (Lənkəran-Masallı) və şimal zonasına (Quba-Xaçmaz) üstünlük verilir, dəniz və meşə zolaqları olan ərazilər seçilir".
   F.Əzizov bu il Azərbaycan Turizm İnstitutuna qəbulun da artdığını deyib: "İnstitutda 200 tələbə təhsil alırdı. İndi onların sayı 300-ə çatdırılıb. Bu il institutda 5 yeni ixtisas açılıb. Bunlar sanatoriyalarda və kurort yerlərində tibbi xidmətin təşkili, səyahət, kurort, mədəniyyət və incəsənət turizmi, linqvistika və idman turizmi fakültələridir".
   Həmsöhbətimiz turizmin inkişaf etdirilməsi üçün Azərbaycanda mövcud olan abidə komplekslərinin bərpasına dair dövlət proqramına Lənkəran şəhəri ilə bağlı ayrıca bənd salınacağını da qeyd edib: "Abidələrin, istirahət zonalarının bərpası çərçivəsində Lənkərandakı İstisu sanatoriyası bərpa olunacaq. Bu işlərdə dövlətlə yanaşı özəl sektorun da cəlb olunması planlaşdırılır. Qeyd edim ki, ötən il Azərbaycanda 20-ə yaxın mehmanxana və kotec kompleksləri tikilib".
   Gürcüstan-Azərbaycan sərhədində, 500 metrlik sərhəd xəttində yerləşən qoruğun ərazisində "bunqalo" tipli mehmanxana tikiləcək. Turist infrastrukturunun tikintisinə artıq icazə verilib. Məbləğin yarı hissəsi Dünya Bankı tərəfindən ayrılacaq, tikinti işləri isə qismən dövlət hesabına maliyyələşdiriləcək. Alazan qoruğu ərazisində su idmanı növü ilə məşğul olmaq üçün şərait yaradılacaq. Bununla yanaşı, ayrı-ayrı məntəqələrdə "piknik" üçün yerlər təşkil olunacaq.
   

525-ci qəzet.- 2007.- 8 noyabr.-  S. 6.