Böyükağa Məşədi oğlu Mirzəzadə

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Böyükağa Məşədi oğlu Mirzəzadə 2007-ci il noyabrın 3-də ömrünün 87-ci ilində vəfat etmişdir.
Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olmuşdur. O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəyərək, 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olan, lakin 1941-1945-ci illər müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyən Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycan rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak etmişdir. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan Böyükağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışmışdır. Rəssamın yetirmələrinin əsərləri ölkədə və onun hüdudlarından kənarda geniş şöhrət qazanmışdır.
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə az bir vaxt ərzində Azərbaycan rəssamlıq sənətinin inkişafında özünəməxsus xidmətlərə malik mahir fırça ustası kimi tanınmışdır. Onun rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə həmişəlik daxil olmuşdur. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş etdirilir.
Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil etmişdir. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında ustalıqla yaratdığı boyakarlıq əsərlərində tarixi şəxsiyyətlərin və müasirlərinin daxili aləmi, xarakteri və mənəvi zənginlikləri bütün dolğunluğu ilə öz əksini tapmışdır. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə fırçasının məhsulu olan natürmort, tablo və lövhələr özünün yüksək emosional təsir qüvvəsi ilə seçilir, insanı doğma vətəni və onun təbiətini sevməyə çağırır. Bu əsərlər yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə səciyyələnərək, neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynamışdır.
Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərmişdir. Uzun illər ərzində Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da Böyükağa Mirzəzadənin mühüm xidmətləri olmuşdur. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır.
Böyükağa Mirzəzadə uzun illər pedaqoji sahədə uğurla çalışmış və zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edərək, milli rəssamlıq məktəbinin inkişafına layiqli töhfələr vermişdir.
Böyükağa Mirzəzadənin yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medalla təltif edilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülməsi onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq təzahürüdür.
Görkəmli rəssam, gözəl pedaqoq və qayğıkeş insan Böyükağa Məşədi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin

 

Xalq qəzeti.- 2007.- 4 noyabr.- S. 2.