Qaliboğlu E.
Kərkük Türkdür, Türk qalacaq!
Azəri Türk
Qadınlar Birliyinin təşkilatçılığı
ilə "Kərkük gecəsi" keçirildi
Ötən həftənin sonunda Rəşid Behbudov adına
Mahnı Teatrında Kərkük və Azərbaycan
sənətçilərinin iştirakı ilə
Kərkük gecəsi keçirildi. Tədbiri Azəri
Türk Qadınlar Birliyi təşkil etmişdi.
Aparıcılar Kərkük ruhlu, duyğulu, nəfəsli
bir gecənin əvvəlcədən başdan-başa
gözəl, yaddaqalan keçəcəyinə
əminliklərini bildirdilər. Aparıcı Ağalar
Bayramov bildirdi ki, indiyə kimi Azəri Türk Qadınlar Birliyinin
təşkilatçılığı ilə çox
gecələr keçirilib. Lakin bu tədbir
əvvəlkilərə qətiyyən oxşamır:
"Biz bura türklüyümüzün gecəsinə -
Kərkük gecəsinə
yığışmışıq"
Tədbir iştirakçıları Qarabağda
canlarını vermiş soydaşlarımızın,
habelə son günlər Türkiyədə PKK
yaraqlılarına qarşı savaşda şəhid olmuş
qəhrəman türk əsgərlərinin xatirəsini bir
dəqiqəlik sükutla yad etdilər. Bu gün başına
gətirilən bütün fəlakətlərə baxmayaraq
daim türklük əhvalında qalan, ruhundan əl
çəkməyən, tarixən türk torpağı olan,
indi də türklərin yaşadığı 4 milyonluq
Kərkük elinin nəfəsi, ruhu duyulurdu həmin gecə.
O gecə Türk Dünyası Kərkük havasına
köklənmişdi
İlk söz Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anara verildi. O,
çıxışında İraq türkmanlarının
həyatına, ayrı-ayrı tanınmış
şəxsiyyətlərinə, bu qədim türk
torpağının özünəməxsusluğuna
bələdliyinin tarixindən söz açdı:
"Belə bir tədbirdə çıxış
etməyimə görə fəxr edirəm,
qürurlanıram. İraq türkmanları haqqında ilk
dəfə Sinan Səiddən eşitmişəm. Sinan
bəyin Nərminə Məmmədova ilə oxuduğu
mahnılar elə ilk qulaq asdığımda məni
ovsunladı. Sonra orada yaşayan soydaşlarımız
haqqında atamdan eşitmişəm. Atam Füzuli haqqında
poema yazarkən İraqa getdi, Kərkükü də
gəzdi, gəldi, dedi ki, ora bizə İraq deyil.
Kərkükdə olarkən bir daha əmin oldum ki, ora bir
türk şəhəridir. Orada yaşayan
soydaşlarımızla biri-birimizi çox asanca
anlayırdıq. Ötən onillərdə Kərkük
yazıçılarının Azərbaycan
Yazıçılar Birliyi ilə əlaqələri
yarandı, möhkəmləndi. Bu dövrlər
ərzində bir neçə kərküklü
yazıçını birliyimizə üzv qəbul etdik. Bu
gün İraqda baş verən hadisələri narahatlıqla
izləyirik. Biz torpaqları işğal olunmuş
dövlətlərin ərazi bütövlüyünü
istəyirik. Həmçinin İraqın da
bölünməzliyini, İraq türklərinin
hüquqlarının qorunmasını istəyirik".
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə
Rüstəmxanlı tədbirə gələnləri
salamladı: "Bu gecə Türk Dünyasının bir
parçası olan Kərkük elini Azərbaycana daşımışıq.
Bu gecənin keçirilməsi Azərbaycan, Türkiyə
üçün bəlkə sıradan bir gecədir, amma
Kərkük üçün belə deyil. Bu gecənin
keçirilməsini ideya olaraq irəli sürən, "Bu,
Kərkük türklərinə böyük bir mənəvi
yardım olacaq" deyən Turhan Çöməzə
təşəkkür edirəm. Bu, Azərbaycanda ilk
Kərkük gecəsidir. İnanıram ki, bundan sonra belə
tədbirlər Azərbaycanda vaxtaşırı
keçiriləcək. Deyirəm ki, Türk Dünyası
üçün xeyirli-uğurlu olsun. Gün o gün olsun ki,
Qarabağımızda, Şuşamızda Kərkük
günü Azərbaycanın və Kərkünün
bayraqları altında qeyd olunsun. Tədbirə gələn
soydaşlarımıza sayğılarımı ifadə
edirəm". O, həmçinin tədbirə qonaq
gələn türkiyəli sənətçi Əhməd
Şəfəqi salamladı.
Azərbaycana Kərküklə bağlı
hərtərəfli soraq gətirmiş, bu yöndə
çoxsaylı tədqiqatlar aparmış professor
Qəzənfər Paşayev Kərküklə bağlı
duyğularını dilə gətirdi: "Kərkük
həmişə bizim üçün doğma bir yer olub.
Kərkükə getmək arzum
gerçəkləşəndə özümü çox
xoşbəxt hiss edirdim. 60-cı illərdən
Kərkükün özünəməxsus təbiətini,
dilini, adamlarını, folklorunu öyrənməyə
başladım, tədqiqatlar apardım. Kərkükdə
Əbdürrəhman Qızılayı ilk gördüyüm
çağları xatırlayıram. O zaman o, cavan bir
oğlan idi. O, Kuzəçioğlundan sonra
kərküklülüərin ən böyük
müğənnisidir, ona eşq olsun". Q.Paşayev
Kərküklə bağlı yazdığı
kitablarından bir neçəsini göstərdi:
"Azərbaycanda o dövrdən başlayaraq
Kərküklə bağlı kitablar çıxmağa
başladı. "Arzu və Qəmbər dastanı",
ardınca "Kərkük atalar sözləri,
tapmacaları", "Kərkük bayatıları",
Nəsiminin "İraq divanı", "Kərkük
şeiri antologiyası", "Kərkük folkloru",
"6 il Dəclə-Fərat sahillərində"
işıq üzü gördü. Kərkük bizim
üçün dil birliyi, qan birliyi, adət-ənənə
birliyi, məişət birliyi deməkdir. Azərbaycanda
Kərkük mahnıları çox oxunur. Güman edirəm
ki, bu zalda əyləşənlərin bəlkə də
yarıya yaxınının eşitdiyi, oxuduğu
mahnıların bir qisminin Kərkük mahnıları
olduğunu bilmir, bu mahnıları Azərbaycan
mahnıları hesab edir. Sevindirici haldır ki, Azərbaycanda
Kərkük mahnılarını oxuya bilən
sənətkarlarımız çoxdur. Baloğlan
Əşrəfov, Nuriyə Hüseynova və başqaları
belələrindəndir. Kərkük mahnılarını
həmçinin Azərbaycan toylarında da oxuyurlar.
Kərkükə səfərlərimiz zamanı bu
torpağın türk ruhunun ifadəsi olduğunu
gördük. Ora hər Azərbaycan nümayəndə
heyətinin səfəri zamanı sanki həsrətin
vüsala qovuşmasının şahidi olmuşuq. Bizi
həmişə o ellərə, soydaşlarımıza sevgi
aparıb. Bir məşhur bayatıda deyildiyi kimi, - bu gecə
min aya dəyər. Belə gecələrin keçirilməsi
çox əhəmiyyətlidir".
Tədbir boyunca aparıcıların, həmçinin
əslən Kərkükdən olan gənclərin ifasında
xeyli Kərkük xoyratları səsləndi. Eləcə
də teatrın divarları boyunca vurulmuş
Kərkükə sevgi soraqlı şüarlar diqqəti
cəlb edirdi.
"...Güneydə bir vətən torpağı var"
Türkiyədən gəlmiş Turhan Çöməz
iştirakçılara sayğılarını ifadə etdi:
"Belə bir gecənin Bakıda keçirilməsinə
sevinirəm. Bu gün Türk Dünyasının gözü
və qulağı bu torpaqdadır. Biz bu gün burada
kərküklü qardaşlarımıza mənəvi
dəstək olmaqla onlara acı çəkdirənlərin
canına qorxu salmış oluruq. Onlar bizim bu birliyimizdən
əndişələnirlər. Buradan tam min kilometr
güneydə bir vətən torpağı var. Mosul,
Kərkük, Ərbil, Qaratəpə və b. Bütün
buralar Türkmən elidir. Bu torpaqları tarixən
babalarımız özlərinə məskən
etmişdilər. Həmin elin, torpağın zənginliyi indi
orada yaşayan soydaşlarımızın başına bəla
olub. Böyük dövlətlər həmin torpaqlara sahib
olmaq iddiası ilə oradakı soydaşlarımıza acı
çəkdirirlər. Kərküklülər
qətl-qarətlərə məruz qalırlar. Bu gün
Azərbaycanın paytaxtında keçirilən bu tədbir
kərküklü qardaşlarımızın mənən
gücünü artıracaq, daha da qətiyyətli
edəcək.
"Biz dünyaya varlığımızı
göstərməliyik"
"Arzu edirəm ki, nə vaxtsa Kərkükdə də bir
Azərbaycan gecəsi keçirilsin". Millət vəkili,
xalq şairi Sabir Rüstəmxanlı da tədbirə
gələn qonaqları, soydaşlarımızı
salamladı, onlara arzularını yetirdi: "Bu yaxında
Türkiyədə olarkən PKK terroruna qarşı
çoxminli nümayişlərdən birində iştirak
etdim. Bu, yadıma 19 il qabaq Bakıda keçirilən
mitinqləri saldı. Orada bir daha millətin hiddətinin,
böyük əzminin şahidi oldum. Türk xalqı öz
iradəsini ortaya qoymaqdan çəkinmir. Cəsarətsiz
dövlətin gələcəyi ola bilməz. Bu mənada
Azərbaycana və Türkiyəyə dövlət olaraq daim
cəsarətli olmağı arzu edirəm. Biz əslində
indiyə kimi Kərküklə bağlı bu kimi
tədbirləri keçirməkdə çox gecikmişik.
Biz bunu xəcalətlə deməliyik ki, Kərkükün
ağır günlərində Azərbaycanın səsi
çıxmadı. Düzdür, ayrı-ayrı
partiyaların, təşkilatların hiddətli səsi
ucaldı, amma dövlət olaraq, millət olaraq Azərbaycan
iradəsini ortaya qoymadı ki, bu, Füzulinin Bayatıdır,
onun doğulduğu vətəndir. Nə də Türkiyə
Kərkükə sahib çıxmadı.
Əvvəllər yazmışdım ki, sərhədlər
çəkməklə millət ayrılmaz. Bu gün
gerçək sərhədlər bizi ayıra bilməz. Bu
dövrdə Kərkükdə belə bir xoyrat da yarandı:
"Oyan Ankara, oyan, getməsin Kərkükümüz".
Habelə, "Oyan, Bakı" deməliydi Kərkük. Bu
gün xoyratları, musiqisi, bütün ruhuyla Kərkük
bizimlədir. Arzu edirəm ki, mənəvi
bağlarımız daha da artsın. Arzu edirəm ki,
Azərbaycan, habelə Türk Dünyası
parçalanmış türk torpaqlarını unutmasın.
Millətin millət olmasının şərti budur.
Əgər dünyanın harasındasa bir türkün
barmağına tikan batırsa, dünyanın o başında
yaşayan türk onun səsinə hay verməlidir".
Kərküklü soydaşlarımıza mənəvi
dəstək
Tədbirdə Kərkükdəki
soydaşlarımızın başına gələn
fəlakətlər, milli gələnəklərin
qorunması yönündə çabalar çıxışların
əsas mövzusu kimi diqqəti cəlb edirdi. Həmçinin
gənclərin birgə, zalı riqqətə gətirən
səslə ardıcıl olaraq "Kərkük
Türkdür, Türk qalacaq!" kimi hayqırtıları
tədbirin ümumi ahənginə bir mübarizlik əzmi
qatırdı.
Bu arada müğənni Baloğlan Əşrəfovun
ifasında bir neçə
kərkük mahnısı ifa edildi. Eləcə də
aparıcıların ifasında Kərkük xoryatları
səsləndi. Türkiyənin tanınmış
sənətçisi Əhməd Şəfəq məclisi
riqqətə gətirəcək çıxış etdi. O
da bu tədbirin kərküklü soydaşlarımiıza
böyük mənəvi dəstək olacağına
inamını ifadə etdi. Ansamblla gəlməyə imkan
tapmadığını deyən Əhməd bəy fonoqramma
ilə bir neçə mahnı ifa etdi.
Habelə tanınmış
sənətçilər Əbdülrəhman
Qızılayın, Mehmet Özdəkin, saz heyətindən
Əhməd Mustafa Yeldenin, Kamil Qayanın, Turqay Coşqunun, Həsən
Təhsin Sünbüllünün, Ərtoğrul Coşqunun,
Veysəl Atəşin birgə çıxışları
maraqla qarşılandı.
Ümumiyyətlə, 3 saat yarımdan çox
çəkən tədbir boyunca sənət
adamlarının da Kərkük ruhlu
çıxışları soydaşlarımızın bu
kimi qayğıları mənən yaşadığından
xəbər verirdi...
Xalq cəbhəsi.- 2007.- 6 noyabr.- S. 14.