Məhəbbətoğlu. Q.
Rəssamın birömürlük sərgisi
Səttar Bəhlulzadə
adına Sərgi Salonunda Valentina Ağababayevanın
fərdi sərgisi açılıb.
Sərgidə rəssamın son
illərdə çəkdiyi 100-dən çox əsəri
sərgilənib. Qeyd edək ki, nə qədər
qərıbə olsa da bu, 80 yaşlı rəssamın
Bakıda keçirilən ilk fərdi sərgisidir.
Bəlkə də, elə bu səbəbdən rəssam
bizimlə söhbətində bu sərgini
birömürlük sərgi adlandırdı.
... Rəssamın “Qaçqınlar” əsəri ilə
başbaşayıq. Yağışlı bir gecədə
öz yurd-yuvalarından didərgin salınmış bir qrup
qadın uşaqları ilə birgə erməni
işğalçılarından qaçıb qurtulmağa
çalışır. Əsərə baxdıqca
ayaqyalın, başıaçıq uşaqların
yorulduqlarını duymamaq, onların “ana, məni
qucağına al” sözlərini eşitməmək
mümkün deyil. Rəssamın ön plandakı
uşaqlardan birinin paltarını qırmızıya “qərq
etməsi” isə ermənilərin həyata
keçirdikləri soyqırıma işarədir.
Sərgidə Valentina xanımın ana xoşbəxtliyini
(“Sevinc”), təbiətin gözəlliyini vəsf edən
əsərləri (“Bağın bir guşəsi”,
“Çöl lalələri”, “Bağçada”) ilə
yanaşı, “Təsbehli kişi”, “Bazar”, “Limon satan qadın”
kimi böyük məhəbbətlə yaratdığı
tabloları da düşündürücüdür.
Rəssam bizimlə söhbətində hələ 10
yaşında ikən rənglər aləminə üz
tutduğunu və ilk dəfə qonşuluqda yaşayan bir
qadının şəklini naturadan çəkməyə
cəhd göstərdiyini söylədi: “Portretin necə
alındığını deyə bilmərəm, amma
yadımda qalan odur ki, onu qonşuya göstərməyə
cəsarət etmədim”. Almaatı Dövlət
Teatr-Rəssamlıq Məktəbini, Surkov adına Moskva
Dövlət Rəssamlıq İnstitutunu bitirdiyini
vurğulayan Valentina xanım 1956-cı ildən respublika,
ümumittifaq və beynəlxalq sərgilərdə iştirak
etdiyini, yaradıçılığının ilk
illərində plakat janrına üstünlük verdiyini
və bu sahədə müəyyən nailiyyətlər
qazandığını vurğuladı. Onun
sözlərinə görə, plakatda sanki bir reportajlıq
var. Başqa sözlə desək, plakat özü
müvəqqəti gerçəklərin realist,
mübaliğəli təsviridir, bu isə onu solan
çiçəyə bənzədir. Ona görə də
rəngi plakat çərçivələri ilə
məhdudlaşdırmadığını qeyd edən
Valentina xanım digər janrlarda da eyni həvəslə
əsərlər yaradıb. Dediyinə görə,
sərginin açılışı günü ona o
qədər gül dəstələri
bağışlanıb ki, onların arasında itib-batıb:
“Gül-çiçəyə bu şəkildə qərq
olmağım, sözün düzü, məni
kövrəltdi. Odur ki, mənə belə kövrək notları
yaşadan o gül-çiçəyi hazırda tabloda
canlandırmağa başlamışam. Mənə elə
gəlir ki, ərsəyə gətirəcəyim o tablo
indiyədək bu mövzuda çəkdiklərimin arasında
özünəməxsus yer tutucaq”. “Niyə indiyədək
Bakıda fərdi sərginiz düzənlənməyib?”
sualına isə o belə cavab verdi: “Görünür,
mən anadan olanda qismətimə ilk fərdi sərgimə 80
il yol gələcəyim yazılıbmış. Bu mənada
bu sərgimi 80 ilimin hesabatı da adlandırmaq olar”.
Zaman.- 2007.- 8-9 noyabr.- S. 10.