Orucov
E.
Yaradıcılığın
çətin və şərəfli yolu
Zəngin, çoxşaxəli yaradıcılıq bioqrafiyası
olan bu böyük
sənətkarın müxtəlif
janrlarda işlədiyi
rəsm əsərlərinin
toplandığı bu
kataloq onun yaradıcılığını tam əks etdirməsə də, hər halda sənət yolu haqqında dolğun təsəvvür
yaradır.
Böyükağa Mirzəzadə Bakıda (1921)
doğulub. Gözünü dünyaya açanda Abşeronun
sərt təbiətini, Xəzərin mavi gözləlliyini
görüb. Və bəlkə, ona görə də onun yaradıcılığında
Abşeron mövzusu əsas motivi təşkil edir. O, bu
torpağın təbiətini, bu qumlu Xəzər
sahillərini böyük məhəbbətlə öz tablolarına
köçürür, Bakının şəhər
mühitini özünün görmək istədiyi kimi
çəkirdi. Bir sözlə, Abşeron, Bakı onun
çox sevdiyi mövzular idi. Bakı Rəssamlıq
Texnikumunda təhsil almış, sonra Moskvada Ali
Rəssamlıq Məktəbinə qəbul olunmuşdu.
1940-cı il idi. Amansız müharibə onun təhsilini
yarımçıq qoydu. Ali təhsilini sonralar müəllim,
dosent, professor və kafedra müdiri kimi işlədiyi Azərbaycan
İncəsənət İnstitutunda başa vurdu.
Əmək fəaliyyətinə də ilk sənət
təhsili aldığı Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbində başlamışdı.
Nə qədər tələbəsi sonradan Azərbaycanın
məşhur rəssamı olmuşdu.
B. Mirzəzadənin ilk dəfə tanış olduğum
əsəri “Abşeron” adlanır. Əsərin bədii
məziyyətləri haqqında yalnız onu deyə
bilərəm ki, bu diyarın bir güşəsi fonunda
Abşeron haqqında tam təsəvvür yarada bilib.
Üstü qırlı evlər, qumluq yol, bir də ki,
əncir ağacları. Evlərə bitişik yerdə
isə dənizin lacivərd ləpələri görsənir.
Bax, budur Abşeronun əsl təbiəti. “Zuğulbada
dəniz”, “Abşeron” peyzajlarında, eləcə də
“Karqanov küçəsində gecə”, “Bakı
küçəsi”, “Bakının köhnə neft
buruqlarının görünüşü”, “Neft
mədənlərində” və başqa onlarla
əsərində tamaşaçıya Abşeron torpağının
özünəməxsus təbiəti haqqında maraqlı
süjetlər təqdim olunur. Amma bu əsərlər
təkcə Abşeronun təsviri deyildi. O, bu
əsərlərdə milli koloriti elə ustalıqla verirdi
ki, tamaşaçı onun məhz Azərbaycan rəssamı
olduğunu ilk baxışdan sezirdi.
1941–1945-ci illərin ağır müharibə
dövründə Böyükağa müəllim öz
fırçası ilə faşizmə qarşı
mübarizə mövqeyi tutdu. “Müharibə etüdləri”,
“Azərbaycan əsgərləri”, generalların portretləri
onun yaradıcılığında çox dəyərli
işlərdən hesab olunur. 1946–50-ci illərdə isə o
quruculuq dövrünün ab-havasını çox
ustalıqla rəssamlığa gətirə bildi. Kolxoz
həyatında elə epizodlar seçirdi ki, onlarda kənd
həyatının bütün gözəlliyi
canlanırdı. “Pambıqçı S. Kərimovanın
portreti”, “Bizim kəndin adamları” və başqa
əsərlərində rəssam kəndin qəribə
gözəlliklərini rənglərin dili ilə çox
səlis əks etdirə bilib. 1947-ci ildə çəkdiyi
“Pambıq tarlasında” əsərində rəssam
bütöv bir panoram yaradıb. Dövrün ruhunu
ustalıqla tutan rəssam insanların məhsul
yığımına necə can yandırmalarını,
onların istirahətinin təşkilini bir tabloya
məharətlə sığışdıra bilib.
Böyükağa Mirzəzadə rənglərin dilini
çox gözəl bilirdi. O, qəhrəmanlarının
ovqatına uyğun elə rənglər tapırdı və
onları canlı obraz formasına elə salırdı ki,
tamaşaçı bu əsərlərin realist üslubunu
aydın duyurdu. “Pambıqçı S. Kərimovanın
portreti” əsərində arxa planda pambıq tarlasında
çalışan insanların təsviri bu portreti
tamamlayır.
Böyükağa müəllim bu əsərləri
böyük sevgi ilə işləyirdi. Ona görə
əksər vaxt onun qəhrəmanları nikbindirlər.
Rəssamın əsərlərində ən kiçik detal
belə onların bütövlüyünə xidmət edir.
Bu əsərlər ona görə də həyatın
hansı tərəfini əks etdirirsə, orada
bütövlük yaranır, tamlıq olur.
Lənkəran lövhələri Böyükağa
müəllimin yaradıcılığında mühüm
yerlərdən birini tutur. “Lənkəranda”, “Lənkəran
mənzərəsi” kimi əsərlərində bu
torpağın əsrarəngiz gözəlliyi,
ucsuz-bucaqsız tarlaları, zəhmət adamları olduqca
təbii işlənmişdir. Bu mənzərələrin
elə cizgiləri var ki, bəlkə də adi baxışda
onu hiss etmək olmur. Ancaq bütövlükdə onlar
əsərin mahiyyətinə xidmət edirlər.
Portret janrının ustalarından idi Böyükağa
müəllim. “Gənc rəssamın portreti”
əsərinə tamaşa etdikcə onun
görkəmindəki narahatçılıq, daxili aləmi
aydın nəzərə çarpır. Aydınca duymaq olur
ki, gənc rəssam yaratdığı tablonun taleyindən
narahatdır. “Əsgər”, “Adilənin portreti”, “Rita”,
“Sağıçı”, “Maldar qadın”, “Kolxozçu” “Mavi
paltarlı qız”, “Aşıq Ələsgərin portreti”
kimi əsərlərdə müxtəlif xarakterdə olan
insanların çox maraqlı obrazları
canlandırılmışdır. Xüsusilə “Aşıq
Ələsgərin portreti” yüksək professional səviyyədə
işlənmiş çox qiymətli
əsərlərdəndir.
Ümumiyyətlə, rəssamın portretə
yanaşmasında qəribə bir özünəməxsusluq
var. Tamaşaçı bu əsərlərə baxarkən
aydın hiss edir ki, müəllif bu adamları çox
yaxşı tanıyıb, onları öyrənib, daxili
dünyalarına sirayət edib. Məhz ona görədir ki, bu
əsərlər canlı alınıb. “Sıravi polis
Hüseynov” portretinə diqqətlə nəzər
yetirdikcə elə hiss edirsən ki, onu tanıyırsan.
Olduqca sadə və səmimi təsir bağışlayan
polis işçisinin portreti sadə rənglərin fondunda
işlənmişdir. “Şıxəli Qurbanovun portreti”, “Xalq
artisti Ş. Bədəlbəylinin portreti” və onlarla
digər əsərlərində rəssam portret
janrının həqiqi ustası olduğunu bir daha təsdiq
etmişdir.
Onun yaradıcılığında səhnə
əsərlərinə verdiyi tərtibatı xüsusi
nəzərə çarpdırmaq lazımdır.
Çünki Böyükağa müəllim uzun
müddət teatrlarla əməkdaşlıq etmişdir. Onun
dekorasiyaları canlı mənzərələri
xatırladır. Həmişə əsərin ruhunu çox
aydın əks etdirirdi. “Fərhad və Şirin”, “1905-ci
ildə”, “Milyonçunun dilənçi oğlu” və
digər tamaşaların quruluşçu rəssamı kimi
fəaliyyət göstərmişdir.
Müxtəlif illərdə sərgilərin fəal
iştirakçısı olmuş bu böyük
sənətkarın dəfələrlə fərdi sərgisi
də keçirilmişdir. Son illər Rəssamlıq
Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində pedaqoji
fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü idi. Xalqın sevimlisi olan
Böyükağa Mirzəzadə haqlı olaraq “Xalq
rəssamı” fəxri adını almış,
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Milli rəssamlıq sənətimizin inkişafında
xüsusi xidmətləri olan bu istedadlı
sənətkarın əsərləri indi nəinki
Azərbaycanın, eləcədə dünyanın
məşhur muzeylərində qorunub saxlanılır.
Bütün yaradıcı ruhu ilə xalqa bağlı olan bu
böyük sənətkarı Azərbaycan xalqı heç
zaman unutmayacaq.
Xalq qəzeti.- 2007.- 14 noyabr.- S. 7.