Türkiyədə
Azərbaycan rəssamlarının yaradıcılıq
sərgisi keçirilmişdir
Bu yaxınlarda
Azərbaycanın tanınmış fırça
ustalarından Lətif Məmmədovun, Əbülfəz
Fərəcoğlunun, Teymur Rzayevin, Sadiqə Babayevanın,
Əli Eminoğlunun və Məmməd Şirzadovun
İstanbulun "Tuyap" sərgi mərkəzində
nümayiş etdirilən əsərləri türk
tamaşaçıları tərəfindən böyük
rəğbətlə qarşılanmışdır. Türkiyəli
rəssamlar öz azərbaycanlı sənət
dostlarının əsərlərini yüksək
qiymətləndirmiş və onları çox haqlı olaraq
"Azərbaycanın qədim, keşməkeşli tarixinin,
milli adət və ənənələrimizin, habelə
müstəqillik dövründə həyatın
müxtəlif sahələrində qazandığımız
misilsiz nailiyyətlərin fırçanın ecazkar dili
ilə yüksək poyetik tərənnümü"
adlandırmışlar. İstanbulun Auditor Palatasının
İncəsənət Qalareyasında türk
dünyasının öndəri Mustafa Kamal Ataturkün
ömrünün müxtəlif dövrlərini əks
etdirən portretlərindən ibarət sərgi də
qardaş ölkənin sənət adamları
tərəfindən yüksək
dəyərləndirilmişdir. Sərgidə nümayiş
etdirilən bütün portretlər yalnız bir nəfər
istedadlı fırça ustasının - hazırda
Türkiyədə yaşayıb-yaradan, Yedditəpə Universitetinin
müəllimi, həmrəyliyimiz Rafiq Əzizovun zəngin
yaradıcılığının bəhrəsidir.
Azərbaycan.- 2007.- 17 noyabr.- S. 6.