Güllərə insanların prototipi kimi baxıram

 

Suğra Bağırzadə, aktrisa-rəssam: "Seçim olsaydı, yəqin ki, kinoya üstünlük verərdim"

 

Bu yaxınlarda Fransanın Nitsa şəhərində keçirilən Ümumdünya Floristlər Şurasının 24-cü sammitində aktrisa-rəssam Suğra Bağırzadə də iştirak edib. 21 ölkənin qatıldığı sammitdə "Zəfəranlıq", "Şarm" və "Bitməmiş simfoniya" adlı əsərlərini nümayiş etdirən Suğra xanım "Dizayn işlərininin yüksək qiymətləndirilməsi" və "Qeyri-adi əsərlərinə görə" sertifikatlarına və diploma layiq görülüb. Rəssamlar İttifaqının və MDB və Pribaltika ölkələri Konfedersiyasının və Kinematoqrafçılar İttifaqının üzvü S.Bağırzadə ilə söhbətimizə səfər təəssüratlarından başladıq:

 

- Bir neçə il bundan əvvəl Fransada keçirilən sərgiyə dəvət alsanız da, maliyyə çətinliyi üzündən gedə bilməmişdiniz. Budəfəki səfəriniz necə baş tutdu - öz hesabınıza, yoxsa sponsor köməyi ilə?

- Bu səfərdə mənə mədəniyyət və turizm naziri kömək elədi. İlk dəfə idi ki, xaricə getmək üçün mənə maddi kömək oldu. Onlar mənə Parisə deyil, Amanisiyə getmək üçün pul verdilər. Parisdə isə öz hesabıma oldum. Paris merinin köməkçisi Anna Brendinin sərgi salonunda iştirak elədim. Onlar hər ilin sentyabr ayında "Rəssamlıqda yenilik" adlı sərgi keçirirlər. Bir neçə il bundan qabaq onlar mənim əsərlərimi seçərək sərgiyə dəvət etmişdilər. Ancaq onda mənə getmək üçün kömək edən tapılmadı. Bu dəfə isə sammit orada keçirildiyinə görə Parisə gedib öz əsərlərimi nümayiş etdirə bildim. Gələn ilin sentyabrında mən həmin sərgidə iştirak edə bilməyəcəyəm. Çünki Kinematoqrafçılar İttifaqının üzvü kimi "Şərq-Qərb" beynəlxalq festivalının həmin ay keçiriləcək 10 illik yubileyində iştirak edəcəyəm. Həmçinin sentyabrda Floristlər Şurasının Makauda keçiriləcək sammitində iştirak etməliyəm.

- Səfəriniz ən çox nə ilə yadda qaldı?

- Əvvəla, qeyd edim ki, mən həmin tədbirdə türkdilli dövlətlərin yeganə nümayəndəsi kimi iştirak etdim. İkebanalarım sammitdə iştirak edənləri çox təəccübləndirdi. Bu əsərlərin dünyada analoqu yoxdur və sammit iştirakçıları da bunu başa düşürdü. Çünki ikebanalar adətən köhnə çiçəklərdən hazırlanır. Mənsə yalnız təzə çiçəklərlə işləmişəm. Kim ki təzə güllərlə işləməklə onları keramika halına gətirir, həmin işlər ölməz əsərlərə çevrilir. Təbii çiçəklərdən hazırlanan ikebanaların gülləri iki-üç gündən sonra solur. Mən Floristlər Şurasının yeganə üzvüyəm ki, təbii çiçəklərdən ölməz əsərlər yaradıram. Bu da sammit iştirakçılarını çox təəccübləndirdi. Təsadüfi deyil ki, mənə təqdim edilən sertifikatlar da "Dizayn işlərininin yüksək qiymətləndirilməsi" və "Qeyri-adi əsərlərinə görə" adlanır.

Sammitdən çox gözəl təəssüratlarla qayıtdım. Foruma dünyanın ən tanınmış floristləri qatılmışdı. Mən orda vətənimin bir hissəsi kimi iştirak edirdim. Hər gedişimdə olduğu kimi bu dəfə də özümlə şəkərbura, paxlava, Azərbaycan şərabı aparmışdım. Onu da qeyd edim ki, belə sammitlərin keçirilməsi proqramı iki il əvvəldən hazırlanır. Artıq indidən məlumdur ki, 25-ci sammit Makauda, 26-cı sammit Malayziyada keçiriləcək. Belə bir tədbiri keçirəcək ölkə iki-üç il əvvəldən buna hazırlaşır. Fransızlar sammitə o qədər gözəl hazırlaşmışdılar ki, adam heyran qalırdı. Oxuyur, rəqs edir, şadlanırdılar. Belə tədbirlərin təşkil olunması üçün sadəcə, işləmək lazımdır.

- Belə bir sammitin nə vaxtsa Azərbaycanda da keçirilməsi ehtimalı varmı?

- Bu cür tədbir dövlət səviyyəsində təşkil edilməlidir. Çünki forum çərçivəsində keçirilən görüşlər dövlət, meriya səviyyəsində təşkil olunurdu. Bunun üçün ilk növbədə bu sənəti inkişaf etdirmək lazımdır. Çox istərdim ki, belə bir sammit Azərbaycanda da keçirilsin! Bu, xalq üçün də çox maraqlı olar. Bilirsiniz ki, heç bir rəsmi qəbul, simpozium, idman yarışları floristlərsiz keçmir. Bu, hal-hazırda bütün dünyada incəsənətin ən çox yayılmış növüdür. Bunun üçün ilk növbədə gənc floristlərin inkişafına kömək olunmalıdır. Çox yaxşı olardı ki, bizim gənclər də öz işləri ilə belə forumlarda iştirak etsinlər. Bizdə təbii çiçəklərlə işləyən floristlər çoxdur. Ancaq özümüzünkülərə çox etinasız yanaşılır. Bizdə həmişə rəsmi qəbullar olanda bəzəmək üçün başqa yerdən floristləri dəvət edirlər. Amma indiyə qədər hansısa tədbiri bəzəyəndə məni dəvət etməyiblər. Ümumiyyətlə, bizdə potensial böyükdür, sadəcə, texniki cəhətdən onlardan geri qalırıq.

- Bir neçə il bundan qabaq beynəlxalq sərgilərdə iştirak eləmək üçün hazırlamaq istədiyiniz kataloq başa çatdımı?

- Təəssüflər olsun ki, kataloq hazırlaya bilmədim. Əlbəttə, mən orda öz kataloqumla, işlərimlə iştirak etsəydim, daha yaxşı olardı. Maddi cəhətdən bu kataloqu hazırlaya bilmirəm. Bilirsinizmi, mənim hazırladığım kataloq ya çox yaxşı olmalı, ya da ümumiyyətlə, olmamalıdır. Mən də Azərbaycanın simasıyam. Mən yaxşı görünməli, ölkəmi təmsil etməliyəm. Çünki bununla ölkəm haqqında rəy formalaşır.

- Rəssamlıqla nə vaxtdan məşğul olmağa başlamısınız?

- Mən uşaqlıqdan güllərin içərisində böyümüşəm. Səhnədə olanda həmişə mənə gül bağışlayıblar. Rəhmətlik anam Məleykə xanım həmişə evdə dibçək gülləri yetişdirər, onlara qayğı ilə qulluq edərdi. Bizi də elə tərbiyələndirərdi. Mən uşaqlıqdan özüm üçün güllərdən ikebana düzəltməyə başladım. Hərçənd ikebananın qanunlarını bilmirdim. Böyüdükcə həyat insanı məcbur edir ki, bilmədiyin şeyləri öyrənəsən. Mən də ikebananın qanunlarını öyrəndim.

- Bu işdə sizin heç bir müəlliminiz olmayıb?

- Yox, müəllimim olmayıb. Mən doğrudan da işgüzar insanam. Bilsəm ki, nəyisə öyrənməliyəm, gecə-gündüz çalışaram. İndi ingilis dilini öyrənmək istəyirəm, amma vaxtım yoxdur. Belə qərara gəlmişəm ki, yarımçıq əsərlərimi başa çatdırandan sonra ingilis dilini öyrənməyənə qədər daha heç bir iş görməyəcəyəm. Bu ikebanaların ömrü axı uzun deyil, güllər müəyyən vaxtdan sonra solur. Yavaş-yavaş təcrübə topladım, müxtəlif kimyəvi məhsulları öyrənməklə işlərimi bu səviyyəyə çatdırdım. 94-cü ildə ilk böyük əsərimi hazırladım. Ona qədər çoxlu xırda əsər üzərində təcrübələr aparmışdım. Hazırda Rəssamlar İttifaqının bir üzvü kimi, təkcə bu ikebanalarla yox, həm də rənglərlə işləyirəm. Xırda işlərim böyük işlər görməyimə imkan yaradır.

- Rəngbərəng, nadir gülləri hardan tapırsınız belə?

- Həyat yoldaşım çox diqqətli insandır. O mənim güllərlə maraqlandığımı bildiyi üçün çox kömək edir. Həyətyanı sahəmdə güllərim çoxdur. Nardarandakı bağımızın yarıdan çoxu güldür. Ev, dibçək güllərim də çoxdur. Bir də təzə güllərlə işlədiyim üçün onları mağazalardan alıram. Güllər lap təzə olmalıdır. Çünki məhlullar ağır olduğundan güllər dözə bilmir. Məni Bakının bütün gül mağazalarının hamısında tanıyırlar. Kompozisiyalarımın çoxu gözəl bir gül gördükdən sonra yaranır. Mənə elə gəlir ki, bu əsərlərin hər birində çiçəklərin ömrünü uzadıram. Hərdən dibçəyimdə gül açır. Bir tərəfdən onu kəsməyə heyifim gəlir, digər tərəfdən fikirləşirəm ki, əgər mən bunu kəsməsəm, onsuz da ömrü azdır, solub xarab olacaq. Mənim sərgilərimin adı da "Suğranın solmaz çiçəkləri" adlanır. Mən bunlara heç vaxt qurumuş güllər deyə bilmərəm. Onları daha çox dondurulmuş güllər adlandırıram. Çünki bu güllər məhlullarla dondurulur. Hər əsərim üzərində ən azı iki il işləyirəm.

- Heç bu əsərləri hazırlamağa başlayanda nə vaxtsa sərgilər keçirəcəyinizi düşünürdünüzmü?

- Bəzən deyirlər ki, insanlarda "ulduz" xəstəliyi var. Mən heç vaxt "ulduz" olmaq istəməmişəm. Həyat elə gətirib ki, uşaqlıqdan səhnədə, kinoda olmuşam. Amma heç vaxt fikirləşməmişəm ki, bu işim də onlarla paralel olmalıdır. Mənə elə gəlir ki, Tanrı mənə nə yazıbsa, o yolla da gedirəm. Hər hansı əsəri hazırlayanda onu kiməsə bağışlamağı və ya satmağı qarşıma məqsəd qoymuram.

- Suğra xanım, uşaqlıqdan səhnədə, kinoda olduğunuzu dediniz. Siz həm də "Cücələrim" mahnısının xoreoqrafik quruluşda ilk ifaçısı olmusunuz. Niyə sonradan mahnı ifaçılığını davam etdirmədiniz?

- İkinci sinifdə oxuyanda Pionerlər sarayının xor dərnəyinin üzvü olmuşam. Həm də həmin ansamblda uşaq mahnılarının solistlərindən biri idim. Bir dəfə xoreoqrafiya qrupunun rəhbəri Berta Brelovskaya səsimi eşidib xoşuna gəldi. O mənim rəqs oynamağımla da maraqlandı və rəqsi bilməyim onu qane etdi. Qərara gəldilər ki, "Cücələrim" mahnısını xoreoqrafik quruluşda versinlər. Böyük xor qrupunda bu mahnının ifaçısı Armida idi. "Cücələrim"in xoreoqrafik quruluşda ilk ifaçısı isə mən oldum. 1959-cu ildə ilk dəfə olaraq Moskvada keçirilən ongünlüyə uşaq ansamblını da apardılar. Mən Böyük Teatrın səhnəsində oxudum. Daha sonra dünyanın ən gözəl uşaq mahnılarından ibarət val çıxdı. Maestro Niyazinin diriyorluğu ilə mənim səsim də həmin vala yazıldı. "Cücələrim" mahnısı həyatımda böyük rol oynadı. Demək olar ki, incəsənətə bu mahnı ilə gəldim. "Cücələrim" mahnısını ifa etdikdən sonra kinostudiyanın dublyay şöbəsi məni uşaq filmlərinin dublyayına dəvət etdi. Bir sıra filmlərin dubyayında fəal iştirak edirdim. Məktəbi bitirəndə artıq aktyor dərəcəm vardı. "Ulduz" və "Küçələr, yollar" filmində baş rolda çəkilmişdim. Məni Moskva Kinematoqrafiya İnstitutuna göndərmək istəsələr də, atam icazə vermədi. O, evdən kənarda yaşamağımı, ümumiyyətlə, incəsənətlə məşğul olmağımı istəmirdi. Atam körpüsalma mühəndisi idi. Bacılarım da mühəndis idilər. Atam deyirdi ki, ailəmizdə aktrisa yoxdur və sən də olmayacaqsan. Bizim ailəmizdə də atamın dediyi olmalı idi. Mən də ona görə heç bir cəhd göstərmədim. Ona görə də Neft və Kimya İnstitutuna daxil oldum. Yüksək molekullu birləşmələr üzrə mühəndis ixtisasına yiyələndim. İnstitutu əla qiymətlərlə bitirdikdən sonra məni Elmi-Tədqiqat İnstitutuna elmi işçi göndərdilər. Kinoya, dublyaya tez-tez dəvət olunurdum. Amma institutda oxuyanda artıq kinostudiyadan uzaqlaşmışdım. AZ.NKİ-də oxumaq çox çətin idi. Elə bir xüsusiyyətim də var ki, gördüyüm işi yaxşı və sonadək etməliyəm. Ona görə də heç bir təklifi qəbul etmədim. Ailə qurduqdan sonra da kinostudiyadan yenə dəvətlər alırdım. Kinostudiyaya qayıtmaq haqqında qərarı həyat yoldaşımla birgə verdik. Mən aşkarlama sexində rəis, növbə rəisi, mühəndis işləməklə bərabər, filmlərə çəkilir, dublyayda iştirak edirdim. "Alma almaya bənzər", "Şir evdən getdi", "Tələ", braziliyalı reyissor Erminko De Souza Oliveyranın "Bu gün, sabah..." filmində baş rolda çəkildim.

- Braziliyalı reyissorla tanışlığınız necə olmuşdu?

- O, Moskva Kinematoqrafiya İnstitutunu bitirmişdi və ilk filmini də keçmiş Sovet İttifaqında çəkdi. Azərbaycan natura cəhətdən Braziliyaya oxşadığı üçün naturadan çəkilişlərinin çoxunu da Azərbaycanda etdi. O, aktyorları da Braziliyadan, Moskvadan gətirmişdi. Aktyor ştatında şəkillərim onun xoşuna gəldiyi üçün baş rola məni çəkdi. Filmi çox böyük uğur qazandı. Həmin filmi Kubada keçirilən festivalda da göstərmişdilər. Amma sovet dövrü olduğu üçün məni xarici qrupun tərkibində Kubaya buraxmadılar. Sonra filmin Kubada uğurla qəbul edilməsi haqqında məktub aldıq.

- Kino fəaliyyətinizdən danışın. Sonuncu dəfə "Güllələnmə təxirə salınır" filmində çəkilmisiniz. Daha yeni filmlərə dəvət almırsınızmı?

- Həmin film 1992-ci ildə çəkilib. Bu, sponsor filmi idi. Ancaq sponsor müflis olduğundan film dayandırılmışdı. "Azərbaycanfilm" həmin filmi sponsordan aldı və başa çatdırdı. Hazırda heç bir filmə dəvət almamışam. Gələn il çəkiləcək filmlərə dəvət olunsam, xəbər tutacaqsınız. Yaşımın elə vaxtıdır ki, hər reyissorun filmində çəkilə bilmərəm. Buna həm qəlbim, həm dərrakəm icazə verməlidir.

- Siz rəssamlığa və aktrisalığa hobbi kimi baxırsınız?

- Mən heç vaxt aktyorluğu və rəssamlığı özümə əsas sənət seçməmişəm. Əgər mənə tapşırılarsa, hər ikisi ilə ciddi məşğul oluram. Bunlar bir-birindən asılı olmayan işlərdir. Bunlara hobbi demək olmaz. Əgər mühəndis kimi işim varsa, birinciliyi əlbəttə ki, ona verirəm. Əgər aktyor işim varsa, yəqin ki, rəssamlıqla məşğul olmuram. Rəssamlıqla o vaxt məşğul oluram ki, əlimdə heç bir işim olmur. Bir işim digər işimə mane olmamalıdır.

- Əsərlərinizin tamaşaçıları əsasən kimlərdir?

- Mən keçmiş yapon səfirinin xanımı ilə tanış olmuşdum. O məni çayiçmə mərasiminə, mən də onu səfirlə birlikdə əsərlərimə baxmağa dəvət etdim. Ümumiyyətlə, bütün səfirlərin xanımları bu əsərlərlə maraqlanır. Elə öz tamaşaçılarımız da maraqlanırlar. Bilirsinizmi, hamı bu şəkilləri qəbul edir. Onları başa düşməmək mümkün deyil və ya bu şəkillərin haqqında fəlsəfi bir fikir söyləməyə ehtiyac da yoxdur. Bu, təbiətin bir hissəsi, Allahın bizə bəxş etdiyi gözəllikdir. Əlbəttə, mənim gördüyüm iş çox çətindir. Təzə güllər həkk eləmək çox da asan deyil. Onların həcmini, gözəlliyini mütləq saxlamalıyam. Rəngləri də sonradan işləyirəm ki, onları canlandırım. Rəng sonuncu mərhələdir.

- Şərqdə rənglər adətən real həyatı əks etdirir. Ona görə də sənətkarlar daha çox şux, oynaq rənglərə üstünlük verirlər. Siz rəng seçiminizi necə müəyyənləşdirirsiniz?

- Mən elə fikirləşmirəm. Ümumiyyətlə, güllərə insanların prototipi kimi baxıram. İnsan həmişə şux ola bilmir axı. Elə əsərlərim var ki, onları rənglə işləmirəm. Amma elə əsərim var ki, o əsərə mütləq şuxluq verməliyəm. Mənim əsərlərimdəki rəng fəlsəfi məna daşıyır. Bu iş bəlkə zərgər işindən də çətindir. Çünki zərgər yorulanda əlindəki alətləri bir kənara qoya bilər. Mənsə əlimdəki işi saxlaya bilmərəm. Çünki bu güllər canlıdır. Mən işi yarıda qoysam, onlar sola bilər, xarab olar.

- Tutaq ki, yolla gedərkən ayaq altına düşən bir çiçək görürsünüz. Bu sizə necə təsir edir?

- Mən buna öyrəşmişəm. Çünki başa düşürəm ki, bu da həyatın bir qanunudur. Yəni bizdən asılı olan şey deyil. Belə bir ifadə var: "Lalə taxıl zəmisində qanqal otudur". Elə bir incə gül taxıl zəmisində bitdiyi üçün ona qanqal otu deyirlər. Həyatın bir çox qanunları var ki, biz onunla mübarizə apara bilmərik. Necə ki, biz insanlar yaşa doluruq, qocalırıq, dünyamızı dəyişirik. Çiçəklər də elə. Əlbəttə, heyifslənirəm. Mən gülləri çox sevirəm. Onlara qadınlığın rəmzi kimi baxıram.

- Özünüzü nə vaxt rahat hiss edirsiniz - hər hansı gözəl bir əsər yaradanda, yoxsa filmdə bir obrazı canlandıranda?

- Hər ikisində... Mən daxilən incəsənət adamıyam. Əgər əsər yaradıramsa, ona aludə oluram. Əgər kinoda çəkilirəmsə, mütləq ona düzgün və ciddi yanaşıram. Amma seçim olsaydı, yəqin ki, kinoya üstünlük verərdim. Mənim kinoya daha çox həvəsim var. Atam icazə vermədiyindən kino ilə yaxşı məşğul ola bilmədim. Yəqin ki, ürəyimdə nəsə qalır...

- Siz əsərlərinizə rəssam gözü ilə baxırsınız, yoxsa mühəndis gözüylə?

- Hər iki gözlə baxıram. Çünki hər birində mühəndis işi var. Mən bu əsərlərə kompleks də baxıram. Çərçivə olmayanda əsərlərimi qəbul eləmirəm. Çərçivə işi tamamlayır. Əgər əsərlərim çərçivəyə alınıbsa, o, mütləq yaxşı çərçivə olmalıdır. Əsər qurtarandan sonra mən onlara artıq öz işim kimi yox, sənət əsəri kimi baxıram.

 

Kaspi.- 2007.- 10-12 noyabr.- S. 22-23.