Mədəniyyət evi açılmışdır

Zaqatala rayonunun Muğanlı kəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə əsaslı təmir olunan, müasir avadanlıqlarla təchiz edilən kənd mədəniyyət evinin açılışı olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Heydər Əliyev Fondunun baş mütəxəssisi Məhəbbət Mehdiyeva, fondun digər əməkdaşları açılışda iştirak etmiş, burada yaradılan şəraitlə yaxından tanış olmuş, kənd ictimaiyyəti ilə görüşmüşlər.
 Açılış mərasimindən sonra kənd ictimaiyyəti ilə görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində əldə olunan gəlirlərdən səmərəli istifadə edildiyini xüsusi qeyd etmiş, rayonda aparılan qlobal işlərdən, eləcə də Muğanlı kəndində geniş tikinti, yenidənqurma və abadlıq işlərindən danışmış, kənd əhalisinin problemləri ilə maraqlanmışdır.
Tədbirdə çıxış edən kənd ziyalıları və ağsaqqallar görülən bütün işlərə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.
Tədbir Muğanlı kənd mədəniyyət evinin özfəaliyyət kollektivinin konsert proqramı ilə yekunlaşmışdır.

 

Xalq qəzeti.- 2007.- 10 noyabr.- S. 6