Gözdən itən Bakı

 

                                     Yeni fotosərgi açıldı

 

Dünən Müasir İncəsənət Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən «Gözdən itən Bakı» adlı fotomüsabiqə nəticəsində seçilmiş əsərlərin sərgisi açılıb.

APA-nın məlumatına görə, sərgidə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib ki, UNESCO Qala divarı arxasında yerləşən şəhər kompleksini «Zərdüşt, Sasani, ərəb, fars, Şirvan, Osmanlı və Rusiya mədəniyyətlərinin izini daşıyan nadir tarixi şəhər ansamblı və memarlıq nümunəsi» adlandırıb. Səfir deyib ki, İçəri Şəhər həm də dünya tarixi və mədəniyyətinin bir hissəsidir. Son illər Bakıda aparılan tikintilərin İçəri Şəhərə mənfi təsir göstərdiyini deyən diplomat xatırladıb ki, 2003-cü ildə İçərişəhər UNESCO tərəfindən təhlükə altında olan şəhərlər siyahısına salınıb.

O ümidvar olduğunu bildirib ki, şəhərin layihəçilərinin və idarəçilərinin İçərişəhəri gələcək nəsil və dünya irsi üçün qorumağa imkanları var. Səfir fotomüsabiqənin qaliblərinə mükafatları təqdim edib.

1 yeri və 500 ABŞ dolları məbləğində mükafatı «Bakı» adlı fotoşəkilin müəllifi Rinat Əlimərdanov, II yeri (200 dollar) «Ağayev daha burada yaşamır» və «Köçüb» fotoşəkillərinin müəllif Sergey Xrustalyov, III yeri isə (100 dollar) «Əyri güzgü» fotoşəklinin müəllifi Asim Talıb qazanıblar.

 

Mərkəz.- 2007.- 27 noyabr.- S. 15.