Sloveniya mətbuatında Azərbaycanın igid oğlu, əfsanəvi Mixaylonun abidəsinin açılışına dair fotoşəkillər dərc olunmuşdur

 

Sloveniyanın Nova Qoritsa şəhəri yaxınlığındakı Şempas qəsəbəsində Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin - əfsanəvi Mixaylonun abidəsinin təntənəli açılış mərasimi ilə bağlı fotoşəkillər bu ölkənin müxtəlif qəzetlərində dərc olunmuşdur. Müəllif, Sloveniyanın tanınmış fotojurnalisti, operator, rəssam, tərcüməçi xanım Vesna Krinivets həmin fotoların bir neçəsini AzərTAc-a göndərmişdir. O yazır ki, abidənin açılması, mətbuatın bu hadisəyə münasibəti Azərbaycanın igid oğlunun, İkinci Dünya müharibəsi illərində Sloveniyada müqavimət hərəkatı qəhrəmanının sloveniyalılar tərəfindən unudulmadığını, daim xatırlandığını göstərən nümunədir.
Xatırladaq ki, bu il oktyabrın 25-də keçirilmiş tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti, ölkəmizin Avstriyadakı səfirliyinin əməkdaşları, Sloveniya Xarici İşlər Nazirliyinin, Nova Qoritsa şəhər rəhbərləri, M.Hüseynzadə ilə çiyin-çiyinə vuruşmuş silahdaşları və yerli sakinlər iştirak etmişdir.

 

Xalq qəzeti.- 2007.- 6 noyabr.- S. 4.