Mehdixanlı T.

 

Daşı canlandıran sənətkar

 

Ömər Eldarov – 80


Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, AMEA-nın akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenləri ilə təltif edilmiş Ömər Həsən oğlu Eldarov ömrünün ixtiyar çağını yaşayır.
O, dörd yaşında olanda valideynləri Dərbənddən Bakıya köçüb. Burada Rəssamlıq Texnikumunu, sonra Leninqradda İ.Repin adına Rəssamlıq İnstitutunu bitirib. İllər keçdikcə sənət aləmində istedadlı tişə ustası kimi tanınıb. Neçə-neçə şəxsiyyətlərin obrazlarını mərmər, tunc, mis, ağac üzərində əbədiləşdirib. Əlamətdar hadisə, 80 yaşının tamamı ərəfəsində Ömər Eldarovla görüşüb yaradıcılığı barədə söhbət etdik.
- Deyirlər ki, hündürlüyü 6-10 metr olan abidələr üzərində işləyərkən gileyli olursunuz, doğrudur?
- Bəli, boyumun balaca olması heç könlümü açmayıb. Neyləyim, Yaradanımız məni də belə xəlq edib. Müdriklər deyib: balacaboy adamın iddiası böyük olar. Elə bəxtimdən intiqam almaq üçün də nəhəng heykəllər yaratmışam.
- Necə yəni "intiqam almaq üçün?" Bunu bir qədər açıq deyə bilərsinizmi?
- Ömrüm ərzində bir qarışqanı belə tapdalamamışam. "Çor" deyənə, "can" demişəm. Ürəyim o qədər yumşaqdır ki, hətta yaratdığım əsərlərimin sonrakı taleləri məni gecə-gündüz düşündürür.
Yayın istisində, qışın şaxta-sazağında onların aqibətlərini fikirləşmədikdən dincliyim, istirahətim ərşə çəkilir. Xurşudbanu Natəvan kimi mərhəmətli xanımın heykəlinin (Bakının mərkəzindəki abidə nəzərdə tutulur) açıq havada qalmasına insafım yol vermir... Bir zaman məni qınayırdılar ki, sən niyə Azərbaycan xalqının mədəniyyətinə, incəsənətinə belə dərindən maraq göstərirsən? Onlara müsəlmançılığımla, dini etiqadımla, yaradıcılığımla cavab verdim. Bu gün bir daha etiraf edirəm: mən Ömər Həsən oğlu Eldarov - Azərbaycanı, azərbaycanlıları varlığı qədər sevən, onların xoş günlərindən fərəhlənən, qüssələrini özümə dərd edən insanam. Qonşum, tanışım ağlayırsa, mən də ağlayıram. 1990-cı il 20 Yanvar faciəsindən sonra aylarla Şəhidlər xiyabanının önündə dayanıb göz yaşı axıtdım. Ömrümün cavan vaxtlarında dahi Üzeyir bəy Hacıbəyovu görəndə onun önündə baş əyərdim. Mən yanmağı, yana-yana yaşamağı var-dövlətdən üstün tutmuşam, tuturam da. Axı, hər adam da yana bilmir. Məhəmməd Füzuli yanıb, Nəsimi, Şah İsmayıl, Səməd Vurğun, Məmməd Araz,... yanıb.
- Sizi Füzulinin möhtəşəm abidəsi önündə diz bükən, baş əyən, Səttar Bəhlulzadənin məzarı qarşısında hönkür-hönkür ağlayan görürlər. Sənətkar yaradır, yaşadır, bəs niyə ağlayır?
- Maraqlı sualdır. Ədəbiyyatımızda, tariximizdə işıqlı təfəkkür sahibləri, xalqımızın alicənablığını, el-obalarımızı, milli dəyərlərimizi, min bir həvəslə təsvir, tərənnüm edənlər çox olub. Məsələn, dünyanın bir Füzuli dahiliyi, çağırışı, müqəddəsliyi var ki, zaman-zaman yol gəlir, dərdliyə çarəsini qandırır, sevənlərə məhəbbət təmizliyi, duruluğu danışır. Mənim aləmimdə Məhəmməd Füzuli bəşəriyyətin bənzərsiz söz rəssamı, oxşarı olmayan fikir heykəltəraşıdır. O, özündən əvvəl çoxlarının müraciət etdiyi əzəli-əbədi mövzunun - saf duyğuların həmişəyaşar, monumental abidəsini ucaldıb - "Leyli və Məcnun"u yaradıb. Özü də memarsız, boyasız, fırçasız. Adi, sənin, mənim danışdığım sözlə! Yaşımın bu vaxtında yenə də heyrətimi gizlədə bilmirəm: sözdən yaranmış abidə necə də möhtəşəm, uzunömürlü olarmış?! Bunu milli varlığımızın, mənəviyyatımızın pasportu sayılan ulu Məhəmməd Füzuli təsdiq edib. O, əbədidir. Di gəl ki, ANS TV onu məhşər ayağına, divana çəkir... Bu ən azı etinasızlığın, tarixi keçmişə hörmətsizliyin əlamətidir. Belə yaramaz. Füzulinin bir misrasını bilməyən yaradıcılığı barədə "hökm" çıxarır...
Məcnunun portretini yaratmaq ilk anda kiməsə asan gələ bilər. Əslində isə bu çox çətin, ağrılı bir işdir. Məcnunun sağlam əqidəsi var: təmiz, pak məhəbbət, bəşəri istək, ülvi sevgi qəlbinə hakimdir, həm də dərdi dağlardan ağırdır. Ürəyini açmağa həmsöhbət, məhrəm tapmır, üz tutur səhraya. Həmdəmlərinə deyə bilmədiklərini şüursuz canlılara danışır. Köməyi, imdadı onlardan umur. Bax, Füzuli böyüklüyü, ucalığı buradan başlayır. Unudulmaz həmkarım Tokay Məmmədovla birgə onun monumental heykəlini dərin hörmətlə, qədərsiz sevgi ilə yaratdıq.
- Siz həmin ehtiramla başqalarını da əbədiləşdirmisiniz.
- Suallarınız məni keçmişə aparır. Bəzən elə bilirəm ki, susuz yaşamaq olar, lakin sözsüz, musiqisiz yox. Dünya şöhrətli Baxın, Bethovenin, Qarayevin, Əmirovun, Şestakoviçin əsərlərini sevirəm, lakin Üzeyir Hacıbəyov yaradıcılığı canıma, qanıma hopub. İstər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda hansı abidə üzərində işləmişəmsə, Üzeyir bəyin musiqisi həmdəmim, ilham mənbəyim olub. Mənə əziyyətlərimi unutdurub, xoşbəxt günlərə həvəsləndirib. Özünün isə abidəsi üzərində xeyli axtarışlar apardım, eskizlər etdim. Axır ki, istəyimə çatdım. Hər dəfə unudulmaz bəstəkarın məzarını ziyarətə gedəndə buna görə mənən rahatlıq tapıram.
- Ömər müəllim, siz vaxtı ilə deyildiyi kimi, proletariatın dahi rəhbəri V.İ.Leninin də büst-portretini yaratmısınız.
- İndinin özündə də peşman deyiləm ki, onun bir neçə xatirə-büstünü işləmişəm. Çoxları, o cümlədən Nobel mükafatçısı Pikasso da onun portretini yaradıb. Hansı ki, o, sülh rəmzi - göyərçin fiqurları çəkməklə tanınmışdı. Hətta həmin quşların birini Leninə bənzətmişdi.
- Yer üzündə ən soyuq, zəhərli canlı ilandır. Ona da heykəl qoyan sənətkar olub və həmin əsərinə görə Nobel mükafatı alıb.
- Doğrudur. Lenin öz əqidəsinin, yaratdığı partiyanın fədaisi olub. Heykəl var, sanki canlıdır. Heykəl də var ki, onu görənlər yön çevirirlər...
- Qəbirüstü abidələr işləmək asandır, yoxsa möhtəşəm heykəllər yaratmaq?
- O baxır kimin üçün işləyirsən. Məsələn, Səməd Vurğunun qəbirüstü abidəsini yaradıcılığımın ən qiymətli yadigarlarından biri hesab edirəm. Yaşımız uyğun gəlməsə də, unudulmaz bəstəkar Müslüm Maqomayevlə mehriban olmuşuq. Hətta oğluma onun adını vermişdim (Son sözlərini qırıq-qırıq dedi, kövrələrək ağladı. Onun üzüaşağı axan göz yaşlarını Tanrı heç bir ataya qismət eləməsin). Oğlum da erkən yaşında onun görüşünə getdi... Musiqi mənim ilk məhəbbətimdir. Bunun üçün də Bülbülün, maestro Niyazinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Süleyman Rüstəmin, Ziya Bünyadovun, Yusif Səmədoğlunun qəbirüstü abidələrini əzizlərim kimi canlı, ifadəli işləmişəm.
- Bəs Səttar Bəhlulzadənin qəbirüstü abidəsi necə yarandı?
- Səttar oxşarsız fırça ustası idi. Yumruq boyda ürəyində sanki bütün dünya yerləşirdi. Yurd yerlərimizi oba-oba gəzərdi. Tanıyanlar maşın saxlayırdılar ki, onu istədiyi ünvana aparsınlar, imtina edərdi. Vətən torpağını piyada gəzməkdən zövq alardı. Onun "Azərbaycan nağılı" mənzərə tablosu torpaqlarımızın canlı mənzərəsidir. Buz kimi soyuq, od təki isti emalatxanasını dünyanın işıqlı, təmtəraqlı saraylarından üstün tutardı. Onun qəbirüstü abidəsini ürəyimin tələbi ilə yaratmışam. Nəsimi kimi şairimiz zəmanəsində nəinki əzizləndi, hətta diri-diri, ayaq üstə dərisi soyuldu... Səttarın da qədri bilinmədi. Çox təəssüf... İndi də onun incə, kövrək, müqəddəs ruhunu küsdürənlər tapılır. Hansısa namərd məzarı üstündəki abidəni yaman günə qoymuşdu.
- "Zamanın dörd rəngi" əsəriniz çoxlarının marağına səbəb olub.
- Əvvəla deyim ki, qadın Tanrının yaratdığı şah əsərdir. Ağacdan yonduğum dörd fiqurlu həmin əsərimdə qadın taleyinin, psixologiyasının fəlsəfi mənasına, məntiqinə aşkarlıq gətirməyə çalışmışam. Birinci fiqur ömrünün bəxtəvər, bahar çağını yaşayan gənclərin prototipidir. O, fitnə-fəsadlardan çox-çox uzaqdır. Sanki uçmaq üçün quşlardan qanad istəyir. İkinci fiqur - gənc anaların rəmzidir. Daha ənginliklərə baxmır, balasının şirin yuxudan oyanmasını gözləyir. Üçüncü fiqur - övladlarının cəbhədən sağ-salamat qayıtmalarını arzulayan anaların obrazıdır. Dördüncü fiqur (gülür) mən yaşdadır. O, qanrılıb arxaya - artıq xatirə örpəyinə bürünmüş keçmişə boylanır. Onun saçlarının, üzünün pərişanlığında, baxışlarındakı intizarda incə məntiq, məzmun var. Elə bil astadan pıçıldayır: "Əbədi dünya kimsəni özü ilə yaşatmayıb, ancaq şərəflə ömür sürənlər xatırlanır". Xalq şairi Nigar Rəfibəyli həmin əsəri görəndə göz yaşlarını silə-silə dedi: "Sən yaxşı sənətkarsan, Ömər, amma insafsızsan".
- Yaradıcılığınızda bir qadın obrazı da var, mələk simalıdır, çöhrəsindən nur yağır, baxışlarından xeyirxahlıq oxunur.
- Bu, millətinə, ömür-gün yoldaşına vəfalı, qayğıkeş anaların ümumiləşmiş obrazı kimi Zərifə xanım Əliyevanın heykəlidir. Zərifə xanım müqəddəs insan olub. Mərhumun portretini mərmər üzərində yaradanda onu mələklərin timsalında təqdim etməyə çalışmışam. Ulu öndər ilk dəfə həmin abidəyə baxanda bir qədər əvvəl sifətindəki ifadə silindi, son dərəcə qayğılı görkəm aldı. Düşündüm ki, yəqin bəyənməyib. Nə biləydim ki, həddən artıq kövrək ürəkli Heydər Əliyev heykəli canlı kimi qəbul edib, həyat yoldaşı ilə ömür sürdükləri xoşbəxt anları, illəri xatırlayıb. Handan-hana ulu öndər dedi: "Sağ ol, Ömər, sən Zərifə xanıma ikinci ömür vermisən".
- Fəxri xiyaban xalqımızın ziyarətgah ünvanıdır. Gün ərzində ora yüzlərlə insan, qonaq gəlir. İlk əvvəl diqqət çəkən ulu öndər Heydər Əliyevin bənzərsiz, fundamental heykəli olur.
- Abidə mənim ulu öndərə sevgimdən, məhəbbətimdən yaranıb. Bu barədə "Azərbaycan" qəzetinin nəşri olan "Heydər Əliyev mənim həyatımda" toplusunda xatirələrim də dərc olunub. Ümummilli lider sözə, sənətə layiqincə qiymət verən şəxsiyyət idi. Onu 1951-ci ildən Leninqradda təhsil aldığım vaxtdan tanıyırdım. Tələbə vaxtlarımda mənə uğurlar arzulayıb. Yaradıcılığımı mütəmadi olaraq izləyib. 1963-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri ad alanda ünvanıma təbrik teleqramı göndərib. Orta Asiyada S.Ayninin möhtəşəm abidəsinə görə keçmiş SSRİ-nin Dövlət mükafatına layiq görüləndə yenə Heydər Əliyevdən teleqram aldım. O, möhkəm yaddaşa malik şəxsiyyət idi. Əməyinə görə sevdiyi, hörmət etdiyi adamları heç vaxt unutmazdı. Dəfələrlə fərdi sərgilərimə baxmış, ürək sözlərini demişdi. Azərbaycan KP MK-nın birinci katibi seçilməsi münasibətilə ona təbrik teleqramı göndərmişdim. İki il sonra tədbirlərin birində məni görüşə dəvət edib dedi: "Ömər, teleqramını almışam, vaxtım olmayıb cavab verməyə". Onun yaddaşının qüdrətinə valeh oldum. 1997-ci ilin bu vədəsində ulu öndər ABŞ-da işgüzar səfərdə idi. Təsəvvür edin, oradan zəng edib 70 yaşımın tamam olması münasibətilə mənə səmimi arzularını bildirdi. Respublika Rəssamlıq Akademiyasına da məhz onun təşəbbüsü ilə rektor təyin edildim. Ulu öndər Heydər Əliyev bütün azərbaycanlılara, ölkə vətəndaşlarına qayğı, diqqət göstərib. Fəxr edirəm ki, onun şərəfinə, şöhrətinə layiq heykəl yarada bilmişəm. Tez-tez o möhtəşəm abidəni ziyarət edirəm.

Azərbaycan.- 2007.- 29 noyabr.- S. 7.