“Bu gün milli kinomuzda Rasim Ocaqov fenomeni yoxdur”

 

Fəxrəddin Manafov ustadının xatirəsini əbədiləşdirmək haqqında düşünür

 

“Bu gün anadan olmasının 74-cü ildönümünü qeyd etdiyimiz kinorejissor Rasim Ocaqov, sözün əsl mənasında dahi, təkrarolunmaz və qiymətsiz bir insandır. O, Azərbaycan kino sənətində nadir insanlardandır ki, özündən sonra qoyduqları Qızıl Fonda verilməlidir.

Rasim Ocaqov, Azərbaycanın kino tarixi durduqca, əbədi olaraq qalacaq. Rasim Ocaqov haqqında  film   çəkmək,  onun portretini lent vasitəsilə gələcək nəsillərə çatdırmaq istəyirəm”. Bu sözləri APA-ya açıqlamasında Rasim Ocaqovun əksər filmlərinin qəhrəmanı, xalq artisti Fəxrəddin Manafov deyib. O bildirib ki, Rasim Ocaqovun ölümündən sonra onun üçün filmdə çəkilmək iki amal daşıyır: “Rasim Ocaqovun dəsti-xətti elə idi ki, mən onun hər filminin uğuruna inanırdım. Ona görə də bütün dediklərinə əməl edirdim. Rasim Ocaqovdan aldığım və ondan öyrəndiklərim indiyə kimi də filmlərdə uğur qazanmağıma səbəb olur. Bu gün də məhz onun öyrətdiklərindən istifadə edirəm. Uğurlu nəticə əldə etməyəcəyimlə bağlı içimdə qorxu hissi olur. Ancaq Rasim Ocaqov məktəbi mənə bu günə kimi uğur gətirir”. F.Manafov bildirib ki, bu gün R.Ocaqov fenomeninin yoxluğu Azərbaycan kinosu üçün böyük itkidir: “Görkəmli rejissor Rüstəm İbrahimbəyov Kino Akademiyası yaradıb. Həmin akademiyada respublikanın bir neçə istedadlı insanı müəllimlik edir. Məncə, Rasim Ocaqov bu gün yaşasaydı, o Akademiyada tələbələrin sayı daha çox olardı. Mənim gənclərə məsləhətirim odur ki, onun səsinə qulaq asıb, onun dediklərindən öyrənsinlər.

Əgər onlar bu sənətdə uğur əldə edib ucalmaq istəyirlərsə, Rasim Ocaqovun filmlərinə dəfələrlə baxmalı, onun yolunu götürməlidirlər. Onlar bilməlidirlər ki, Rasim müəllim iri planları o dərəcədə dəqiq qururdu ki, həmin planla istədiyi fikri çatdıra bilirdi. Çox təəssüf ki, Rasim Ocaqov bu gün aramızda yoxdur və Akademiyada dərs demir.

 

Bakı xəbər.- 2007.- 23 noyabr.- S. 16.