“Heydər Əliyev. “Azərbaycan mədəniy­­yə­tinin hamisi”  filminin təqdimatı olub

 

Ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi" adlı filmin təqdimat mərasimi keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ümummilli lider Heydər Əliyev həm sovet dönəmində, həm də ölkəmiz müstəqillik qazandıqdan sonra hər zaman Azərbaycan mədəniyyətinə xüsusi diqqət yetirib. O, mədəniyyət və incəsənət sahəsində çalışan insanlara həmişə qayğı ilə yanaşıb: "Prezident İlham Əliyev də ümummilli liderimizin siyasətini davam etdirir. Dövlət başçısı son iki ildə mədəniyyət və incəsənət sahəsinə dair 50-yə yaxın fərman və sərəncam imzalayıb". Ə.Qarayev əlavə edib ki, son illər Azərbaycanda bir sıra sahələrdə, xüsusilə mədəniyyətin inkişafı istiqamətində gedən proseslər ölkənin gələcəkdə dünya dövlətləri arasında daha da yüksəlməsinə zəmin yaradır. Kamera Teatrının bədii rəhbəri Cənnət Səlimova ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. O vurğulayıb ki, Heydər Əliyev ömrü boyu mədəniyyət və incəsənət sahəsində çalışanlara diqqət və qayğısını əsirgəməyib. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi filmin yaradıcı heyətinin gördükləri işdən böyük zövq aldığını dilə gətirib. O, H.Əliyevin mədəniyyətə qayğısının ən yüksək qiymətə layiq olduğunu bildirib: "Mən ulu öndərimizlə yaxından tanış olmağımı özümə xoşbəxtlik saymışam və hər zaman onun "Mən fəxr edirəm ki, azərbaycanlıyam" ifadəsini qürurla dilə gətirirəm". Filmin ssenari müəllifi və bədii rəhbəri Eldar Quliyevin sözlərinə görə, bu, Heydər Əliyev haqqında çəkdiyi üçüncü filmdir. O, ulu öndərimiz Heydər Əliyev haqqında filmləri ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini vurğulayıb: " Hesab edirəm ki, lider öndə gedən yox, önünü görəndir. Məhz Heydər Əliyev belə şəxsiyyət idi". Tədbirdə yeni filmə baxış keçirilib. Filmdə tanınmış Azərbaycan ziyalıları ümummilli lider Heydər Əliyev haqqında öz xatirələrini bölüşüblər. Həmçinin burada H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mədəniyyət və incəsənət sahəsində gördüyü işlər geniş əks olunub

 

                   Respublika.- 2007.- 1 no­yabr.- S. 5.