Elçinin kino
yaradıcılığının tədqiqi
Xalq
yazıçısı Elçinin çoxçeşidli
zəngin bədii və elmi yaradıcılığı
ədəbiyyatşünaslığın və
sənətşünaslığın çox ciddi elmi
tədqiqat obyektinə çevrilib, bu yöndə hətta
xarici ölkələrdə də araşdırmalar, elmi monoqrafiyalar
və dissertasiyalar yazılır. Elçinin
yaradıcılığının ideya-sənətkarlıq
xüsusiyyətlərinə həsr edilmiş
yüzlərlə məqalə, resenziya və onlarla
elmi-nəzəri monoqrafiya yazılıb, tədqiqatlar
aparılıb. Yazıçının kino
yaradıcılığının çağdaş
kinoşünaslığımızın elmi-nəzəri
kontekstindən və yeni təfəkkür arsenalından
araşdırılması xüsusi tədqiqatın obyektidir.
Tədqiqatçı Sevda İmanovanın
yazıçının kino yaradıcılığına
həsr olunmuş namizədlik dissertasiyası "Elçinin
əsərlərinin ekran təcəssümü"
adlanır. Dissertasiya giriş üç, fəsil, səkkiz
yarımfəsil və nəticədən ibarətdir.
Fəsillərdə mövzunun bütün aspektləri öz
elmi təhlilini tapmaqla yanaşı, həm də qoyulan
problemlərin həlli yolları da elmi cəhətdən
açıqlanır. Tədqiqat işində Elçinin
filmlərinin müasir kinoşünaslıqda yeri və ekran
sənətimizə gətirdiyi yeniliyin əhəmiyyəti
çözülür. Dissertant elmi tədqiqatını
və yazıçının özünə aid faktları
elə bir sistemlə verir, onları elə
mənalandırır ki, nəticədə bu faktların
arxasında dayanan sənətkar şəxsiyyəti
bütövlükdə canlanır. Müasir
kinoşünaslıq prosesinin qanunauyğunluqları
əsasında ayrı-ayrı filmlər üzərindəki
düşüncələr maraqlı və analitik ümumiləşmələrlə
sonuclanır. Təhlil prosesində bəhs edilən bədii
filmlərin geniş mənzərəsi konseptual və sistemli
elmi-nəzəri səpkidə, novatorluq mövqeyindən
öz bədii təcəssümünü tapır. Və bu
açıqlamalar konseptual təhlil bütövlüyü,
mövzuya orijinal münasibət tərzi, fikir və
mülahizələrin, nəzəri
müşahidələrin daha dəqiq ifadəsi ilə
seçilir. Tədqiqatçıların elmi
qənaətinə görə bu bədii filmlərin əsas
dəyəri onun ideya mündəricəsində,
poetikasının siqlətində və fəlsəfi-estetik
təravətindədir. Mövzunun
elmi-nəzəri və bədii-estetik aktuallığı
həm də onunla şərtlənir ki, tarixilik və
müasirlik, müasir həyatın aktual
məsələləri, şəxsiyyətin mənəvi
özünüdərki, milli mentalitet və
mənəvi-əxlaqi bütövlük problemləri
tədqiqata cəlb edilən filmlərin materialı
əsasında təhlil predmetinə çevrilir. Bu bir
həqiqətdir ki, tarixin tarix olmasını
təsdiqləyən əsas vasitələrdən biri tarixi,
xüsusən, bədii yaddaşın mövcud
olmasıdır. Elçinin özünün qeyd etdiyi kimi: "Tarix" sözünün ən universal
mənası yaddaşdır, çağdaşlığa
doğru min illər ərzində yol gələn
bəşər həyatının proqressiv yekunu olub, milli
varlığı, milli mədəniyyətin
yaşarlığını müəyyən edir,
şərtləndirir. Ədəbiyyat, sənət - bu
varlıq formalarından biri, bəlkə də
birincisidir, xalqın mənəvi-mədəni gen
yaddaşıdır. "Müasirilk" kateqoriyasının
fəlsəfi-estetik mahiyyəti bilavasitə tarixlə, tarixi
yaddaşla bağlıdır". Bununla
yanaşı dissertant araşdırmaya cəlb etdiyi
"Baladadaşın ilk məhəbbəti",
"Gümüşü furqon", "Sahilsiz gecə",
"Bağ mövsümü", "Arxadan vurulan zərbə",
"Gözlə məni" filmlərində,
"Qırmızı ayı balası" və "Sarı
gəlin" tamaşalarında rejissor, operator, rəssam,
bəstəkar və aktyor işinin özəl
xüsusiyyətləri ilə ilgili fikir və
qənaətlərini də tədqiqata cəlb edir. Təhlil edilən filmlər həm də 60-80-cı
illər milli kino sənətinin yaradıcılıq
axtarışları kontekstində nəzərdən
keçirilir. Ədəbiyyat tariximizə xüsusi
mərhələ kimi daxil olmuş 60-cı illər
nəsrinin - "yeni nəsrin" kino sənəti ilə
yaradıcılıq əlaqəsi Elçinin nəsr
və kino yaradıcılığının təhlili
əsasında müəyyənləşdirilir.
"Elçinin əsərlərinin poetikası və
onların ssenariləşdirilməsi" adlanan birinci
fəsildə qeyd edilir ki, Elçin nəsrinin poetikasında
kinodramaturgiya elementləri - görümlülük olduqca
güclüdür. Və bu nəsrin ən mühüm
xüsusiyyətlərindən biri də odur ki, burada
təhkiyəçi təkcə hadisələrin
nağılçısı deyil, həm də təsvir etdiyi
obrazlarla bərabər iştirakçıdır. Elçinin
ssenarilərində dolğun bədii süjet, gözəl
təsvir vasitələri, maraqlı dialoqlar və epizodlar,
təsvir edilən mühitin görümlülüyü ekran
əsərinin təcəssümünə xüsusi bir
çalar verir. Yazıçının ssenariləri
sürətli süjet inkişafına,
ideya-sənətkarlıq məziyyətinə, estetik
siqlətinə, fərdi üslub və poetikasına
görədir ki, ekranlaşdırmaya daha tez
uyğunlaşır. Görkəmli rumın
ədəbiyyatşünası və tənqidçisi Dmitri
Balan Elçinin yaradıcılığından bəhs
edərək yazmışdır: "Şekspir və Y.L.Karacale
kimi, Elçin müasir həyatın, real gerçəklikdəki
hadisələrin, sarsıntıların və
ümumiyyətlə, bütün vaqeələrin mahir
müşahidəçisi olmaqla bərabər, həm də
keçmiş zamanların, dünyanın ilk baxışdan
bəlkə də paradoksal görünən əzəli
problemlərinin mahir salnaməçisidir". Dövrün
qlobal və mənəvi problemlərini fəlsəfi
dərinlik və mürəkkəbliyi ilə ekranda
canlandırmaq Elçin ssenarilərinin ən mühüm
vəzifələrindən biridir. Elçinin ssenariləri üçün
ən səviyyəvi cəhətlərdən biri odur ki, o,
psixoloji təhkiyənin əsasında mühitin
bədii-psixoloji portretini yaradır. O mühitin koloritini
yaratmaqla qəhrəmanın daxili aləmini, psixoloji
vəziyyətini həmin mühitin kontekstində
aşkarlayır. Elçinin hekayələrində, povest
və kinolarında əsas mühit Abşeron
kəndləridir. Elçin nəşrinin səciyyəvi
cəhətlərindən biri də ondakı psixologizmdir,
insanların daxili aləmini, onların mənəvi
dünyasındakı ziddiyyətləri nəsrin obyektinə
çevirməsidir. Elçinə görə
"Yazıçının predmeti xislətdir və onun
istedadı xislətin dərinliklərinə nə
dərəcədə enə bilməsi ilə
müəyyənləşir". "Gözlə
məni", "Bağ mövsümü", "Arxadan
vurulan zərbə" və s. filmlər üzərində
apardığı müşahidələr əsasında
tədqiqatçı belə bir elmi qənaətə
gəlir ki, Elçin psixoloji nəsr ustasıdır.
Tədqiqatın ikinci fəsli "Elçinin
filmlərində milli mentalitet və mənəvi-əxlaqi
bütövlük problemi" mövzusunun
araşdırılmasına həsr edilib.
Yazıçının bədii filmlərində
əxlaqi-mənəvi təmizlik insanın fikir və
düşüncəsinin, psixologiyasının ən dərin
qatları mənalı və ifadəli detallarla
göstərilir. Bədii təsvir vasitələrindən
yaradıcı şəkildə istifadə etdiyindəndir ki,
o, obrazın mənəviyyatını, hiss və
duyğularını təbiiliklə göstərə bilir.
Elçinin kino uğurları 80-ci illərin
tarixi-sənətşünaslıq müstəvisində
Azərbaycanın mədəni mühiti üçün
bənzərsiz bir hadisə idi. Bu fəsildə başqa
filmlərlə yanaşı Elçinin "Toyuğun diri
qalması" povesti əsasında Şahmar Ələkbərovun
çəkdiyi "Sahilsiz gecə" filminin təhlilinə
də geniş yer verilir. Tədqiqatçı düzgün
qeyd edir ki, film yaradıcılarını (həm
ssenariçini, həm də rejissoru) hadisə yox, baş
verən hadisənin mahiyyəti və onun doğurduğu
nəticələr maraqlandırır. Məlum
olduğu kimi, bu film ekranlara çıxandan sonra
tamaşaçılar tərəfindən birmənalı
qarşılanmadı. Filmin nümayişindən sonra ekran
əsərinin məzmun-ideya yönünü başa
düşmədən yaradıcı heyətin
fəaliyyətinə kölgə salmaq
təşəbbüsündə bulunanlar da oldu. Hətta qeyri-peşəkarlar tərəfindən
yazılmış məqalələr də bəzi qəzet
səhifələrində özünə yer aldı.
Tədqiqatçı bu məsələ ilə ilgili
"Sahilsiz gecə"yə atılan daşlar" adlı
mətbuatda dərc etdirdiyi məqaləsində yazırdı
ki, "əslində bu film ("Sahilsiz gecə" - V.X.) haqsız iş tutanlara, ədalətsiz iş
aparanlara, işğalçılıq siyasəti
yeridənlərə sənətkar ittihamıdır.
"Bədii ittiham". Tədqiqat
işində film barədə söylənilən
yanlış və əsası olmayan
mülahizələrə dissertant obyektiv mövqedən
çıxış edərək münasibət bildirir
və tutumlu dəlillərlə öz fikrini
əsaslandırır. Əslində bu film repressiya və
müharibənin məhv etdiyi insan taleləri
haqqındadır. Zübeydə və onun kimiləri
ehtiyac içərisində yaşadan,
talesizləşdirən və bədbəxt edən də
həmin o qanlı müharibə idi. Dissertasiyanın
üçüncü fəslində "Arxadan vurulan
zərbə" və "Gözlə məni"
filmlərində tarixilik və müasirlik probleminin konseptual
səciyyələri çözülür. Elçinin tarixi
mövzuda yazdığı ssenariləri digər mövzulara
həsr olunmuş ssenariləri kimi bir sıra novator
keyfiyyətləri ilə seçilir. Bu filmlərə
qəhrəmanlıq motivləri ilə yanaşı həm
də bədii-estetik pafos hakimdir. Bu filmlərin
qəhrəmanları tarixə fərdi baxışı
və yeni münasibəti ilə fərqlənir. Bu
fəsildə Elçinin görkəmli dramaturq, xalq
yazıçısı İlyas Əfəndiyevin
"Hökmdar və qızı" faciəsinin motivləri
əsasında yazdığı "Hökmdarın
taleyi" ssenarisinin ideya-sənətkarlıq
xüsusiyyətlərinə də ayrıca yer verilir. Qeyd edilir ki, "Hökmdarın taleyi"
ssenarisində Azərbaycanın tarixi taleyi, keçmiş
və gələcəyi ilə ilgili problemləri, azadlıq
və istiqlaliyyət uğrunda xalqımızın
keçdiyi mübarizə yolları, verdiyi qurbanlar öz
bədii təcəssümünü tapıb. Bu
fəsildə Elçinin "Qırmızı ayı
balası" və "Sarı gəlin" hekayələri
əsasında rejissor Eyvaz Vəliyevin və
Məhərrəm Bədirzadənin hazırladıqları televiziya
tamaşalarının təhlilinə də geniş yer
ayrılır. Tədqiqat obyektinə bədii yaddaşın
və elmi idrakın işığında nəzər salan
tədqiqatçı belə qənaətə gəlir ki,
Elçinin bədii filmləri milli kino tariximizdə iz qoyan
ekran əsərləri kimi dəyərlidir.
Bütövlükdə dissertasiyanın fəsillərində
qoyulan problemlər nəzəri cəhətdən məzmunlu,
elmi baxımdan düşündürücü və
əhatəlidir. Dissertantın zəngin materiallara əsaslanan
əhatəli təhlilləri elmi-nəzəri
ümumiləşdirmələrlə sonuclanır. Tədqiqatın metodoloji əsasında milli kino
prosesinin inkişafında yaranmış və dünya kino
prosesinin konseptuallaşdırılmış modellərinin
müqayisəli təhlili, kinoşünaslığın
poetika problemlərinə yanaşma,
sənətşünaslığın tarixilik prinsipi və
kateqoriyalarının əsas üsulları durur. Elmi
işin başlıca keyfiyyət göstəriciləri onun
təhlil metodunda, araşdırma üçün seçdiyi
üslubda, milli və dünya kinoşünaslığı
ilə müqayisəli şərhində, dil-ifadə
aydınlığının
özünəməxsusluğundadır. Təhlilə
cəlb olunan ssenarilərdə əsas tədqiqat
istiqamətlərinin fəsillərdə qoyulan problemlər
üzrə araşdırılması əsərin sırf
elmi istiqamətdə tədqiq olunmasına şərait
yaradıb. Sevda İmanovanın "Elçinin əsərlərinin
ekran təcəssümü" mövzusunda
yazılmış tədqiqat işini
sənətşünaslıq elmimizdə uğurlu
əsər kimi dəyərləndirmək olar.
525-ci qəzet.- 2007.- 22 noyabr.- S. 7.