Kinorejissor Vaqif Mustafayev beynəlxalq münsiflər heyətinə sədrlik edir

 

Noyabrın 21-dən Moskvada Avrasiya Televiziya və Radio Akademiyasının 10-cu yubiley teleforumu işə başlamışdır. Noyabrın 25- də başa çatacaq teleforumun beynəlxalq münsiflər heyətinə Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, Xalq artisi, kinorejissor Vaqif Mustafayev sədrlik edir.

Çin, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Belarus, Baltikyanı dövlətlərdən, ümumilikdə 25 ölkədən nümayəndələrin qatıldığı bu mötəbər tədbirin münsiflər heyətinə həmyerlimizin sədr seçilməsi, təkcə görkəmli kinorejissor Vaqif Mustafayevin həyatında deyil, ümumilikdə Azərbaycan mədəniyyəti üçün əlamətdar bir hadisədir. Xatırladaq ki, Vaqif Mustafayev həmin müsabiqədə üç dəfə qalib gəlib. Onun 2001-ci ildə Heydər Əliyevə həsr olunmuş "Əsl məhəbbət haqqında", 2002-ci ildə "Bir həsədin tarixi" filmləri, 2006-cı ildə 8 seriyalı "Yoxlama" bədii televiziya filmi teleforumun "Qran-pri"sinə layiq görülüb, azərbaycanlı rejissor dəfələrlə münsiflər heyətində təmsil olunub.

Azərbaycan yubiley müsabiqəsində İTV-nin və "Space" TV-nin materialları ilə təmsil edilmişdir.

Beynəlxalq forumda münsiflər heyətinə sədrlik etməklə yanaşı, V.Mustafayev həm də tədbir çərçivəsində müxtəlif simpoziumlarda, görüşlərdə, konfranslarda çıxış edəcəkdir.

 

Xalq qəzeti.- 2007.- 22 hoyabr.- S. 4.