Şuşanın qəmli notları

 

Şuşa Mədəni-Maarif Texnikumu - 85


...Şuşa deyiləndə nə yada düşür?
Dumanlı şəhərmi? Yaşıl ormanlarmı? Sərin bulaqlarmı? Köksündə dahilərin abidələri qərar tutmuş böyük bir postamentmi? Dünyanın ən gözəl səslərinin cəm olduğu səkkizinci notmu?
...Və bütün bu sualların qarşılığında yeni bir sual yaranır: “Şuşa” deyiləndə nə yada düşmür ki?
...Bu günlərdə “Azercell” “Bizi birləşdirən dəyər” mövzusunda keçirdiyi müsabiqəyə yekun vuracaq. Mən həmin müsabiqənin iştirakçısıyam. Və yalnız indi, bu anlarda, Şuşa Mədəni-Maarif Texnikumu barədə yazının ilk cümləsini yazdıqdan sonra barmağımı dişlədim: bu gün bizi birləşdirən dəyər əslində elə Şuşadı. Bu kəlmənin içərisində muğamdan tutmuş milli özgürlüyə qədər, nisgildən başlamış ümidə qədər hər şey var.
“...Şuşanın dağları başı dumanlı, ay dərdindən ölməyə çoxdur gümanlı ...” Şuşanın dərdindən ölməyə dəyər. Şuşadan ötrü qurban getməyə dəyər. Kim deyibsə , yaxşı deyib: Şuşa Azərbaycanın brilyant qaşlı üzüyüdür. İndi Şuşa azərbaycanlıların nəhayətsiz üzgünlüyüdür. Bu üzgünlük nə vaxt bitəcək? Səsi-sorağı dünyaya sığmayan Şuşa nə vaxtadək bizim ürəyimizə sığınıb yaşayacaq? Bir dəfə xalq artisti İslam Rzayev dərdli-dərdli dedi: “Daha Qarabağdan Bakıya səs gəlmir”. Həmin səslərin ən zili Şuşadan gəlirdi. İndi, Şuşa, nə səsin var, nə də səmirin... Səni yalnız şəkillərdən görürük...Dumanlar içində, yağılar tapdağında...
Şuşa Azərbaycan üçün nədir? İlk baxışda cavabı asan görünən bu sualın açması çətindən çətindir. Çünki həmin suala cavab vermək üçün gərək tarixə səyahət edəsən, əsrlər boyu ilmə-ilmə toxunmuş bir tarixi yenidən ilmə-ilmə açasan. Həmin sualın elmi açıqlaması budur ki, Azərbaycan maarifinin, elm və mədəniyyətinin tarixində Şuşa şəhərinin əlahiddə rolu var və bu şəhərin qədim və zəngin milli maarifçilik və mədəniyyəti mövcuddur. Vaxt olub ki, Şuşa yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın mədəniyyət mərkəzlərindən olub. Azərbaycan mədəniyyətində çox şey öz ilkin mənbəyini Şuşadan alıb.
XIX əsrin sonu, XX əsrin əvvəllərində böyük vüsət alan maarifçilik hərəkatında öz xalqının gələcəyini elmdə, təhsildə görən Qarabağın görkəmli ziyalıları mövcud tələblərə cavab verən müəllim kadrlarının hazırlanması üçün yeni tipli təhsil ocaqlarının yaranmasına var qüvvələrini sərf etdilər. Şuşanın maarifçilik hərəkatında ilk qızlar məktəbi, ilk müəllimlər məktəbi, ilk pedaqoji seminariya Qarabağın, eləcə də Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamışdır. X. B. Natəvan, N.B.Vəzirov, Ə. B. Haqverdiyev, M. M. Nəvvab, Ü.Hacıbəyov, Ə. B. Ağayev, Y.V.Çəmənzəminli və başqa görkəmli şəxsiyyətlərin yaratdıqları məktəb ənənələri sonralar da uğurla davam etdirilmişdir. Şuşanı Zaqafqaziyanın konservatoriyası adlandırırdılar və elə təkcə bu bənzətmə onun yalnız Azərbaycanın deyil, eləcə də Qafqazın mədəniyyət tarixindəki yerini müəyyənləşdirmək üçün yetərlidir. Azərbaycanın çox böyük sənətkarlar, ziyalılar, qədim abidələr şəhəri olmağı ilə bərabər Şuşanın hər məhəlləsi (bu məhəllələrin o zaman sayı 17 olmuşdur) öz mədrəsəsi, məktəbi ilə də fərqlənmişdir.
85 il əvvəl, 1922-ci ilin avqustundan Şuşa Müəllimlər Seminariyası, 1931-ci ildən isə pedaqoji texnikum kimi fəaliyyətə başlayan indiki Şuşa Mədəni-Maarif Texnikumu uzun və şərəfli yol keçərək müasir dövrümüzədək gəlib çatmış, minlərlə gəncin seçdiyi sahənin diplomlu mütəxəssisi kimi fəaliyyət göstərməsini təmin etmişdir. 1938-ci ildə bu texnikuma M.Əzizbəyovun adı verilmişdir. Bu illərdə texnikumun profili və istiqamətləri müxtəlif şəkildə dəyişmişdir. Mütəxəssis hazırlığının struktur dəyişikliyi ilə əlaqədar 1976-77-ci tədris ilində texnikuma kitabxanaçılıq və mədəni - maarif işi üzrə ixtisaslar verilmişdir.
85 il ərzində Şuşanın bu təhsil ocağına nüfuzlu şəxslər rəhbərlik etmişlər. Məktəbin ilk direktorları Müseyib İlyasov, Məlik Hüseynov, Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimov, Səfiyyə Hacıyeva, Çərkəz Səfixanlı, Murad Quliyev, Dadaş Dadaşov, Cavanşir Əbilov, Sərhəd Bunyadov texnikumun Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərməsində, Azərbaycan bölmələrində xüsusən anadilli mütəxəssislər hazırlanmasında böyük işlər görmüşlər.
1981-ci il noyabrın 2-də Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin müvafiq əmrilə Şuşa Mədəni -Maarif Məktəbi, 1982-ci ildən isə Şuşa Mədəni-Maarif Texnikumu adlandırılmışdır. Hazırda texnikumda ibtidai təhsil, məktəbəqədər təhsilin pedaqogikası və metodikası, xarici dil (ingilis dili), kitabxanaçılıq, fortepiano, xalq çalğı alətləri, xanəndəlik ixtisasları üzrə kadr hazırlığı aparılır.
Bu illər ərzində məktəbdə yüksək elmi-pedaqoji hazırlıqlı metodist müəllimlər — Yunis Əhmədov, Tofiq Əliyev, Mustafa Fətəliyev, Sabir Zeynalov, İslam Həşimov, Tofiq Ələkbərov, Kamil Fərəcov, Əbdüləhəd Muxtarov, Şükür Məhərrəmov, Altay Rüstəmov, Kamran Şirinov və başqaları ixtisaslı kadr hazırlığında öz dəst-xətti olan mütəxəssislər kimi yadda qalmışlar. Çoxillik təcrübəsi olan Əhməd Xəlilov, Nazim Vəliyev, Ofelya Həsənova və başqaları indi də texnikumun təlim-tərbiyə prosesində fəaliyyət göstərirlər. 1992-ci ildən Şuşanın qaçqın və köçkün həyatı təhsil sisteminə böyük zərbə vurmuşdur. Texnikum 1991–93-cü illərdə Ağcabədi şəhərinin 12 saylı orta məktəbində fəaliyyət göstərmişdi. 390 nəfər tələbə və 50 müəllim heyəti ilə kollektivin gərgin əməyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qayğı və diqqəti nəticəsində texnikum Bakı şəhərinə köçürülmüş, tələbə qəbulu planında tələbələrin sayı xeyli artırılmış, hazırda Bakı şəhərinin 161 saylı məktəbində məskunlaşmışdır. Hazırda texnikumda 3 şöbə, 12 fənn komissiyası, əyani şöbəsində 587 nəfər, qiyabi şöbəsində 193 nəfər tələbənin təlim-tərbiyəsi ilə 90 nəfərdən çox müəllim məşqul olur.
Şuşanın işğalından 2007-ci ilə kimi 3 min nəfərə qədər ixtisaslı mütəxəssis hazırlanmışdır. Texnikum kollektivin bacarığı və yüksək vətənpərvərlik hissi sayəsində öz işlərini təhsil islahatının tələblərinə uyğun olaraq qura bilmişdir. Respublika səviyyəli müxtəlif müsabiqələrdə, idman yarışlarında, tələbələrin təltif olunması texnikumda tərbiyə işlərinə diqqətin vacib sahə olduğunu əks etdirir. Ənənəvi bayramların qeyd edilməsi, böyük şəxsiyyətlərlə görüşlər, Şuşanın mədəni-ədəbi-pedaqoji mühiti ilə tanışlıq, Azərbaycanın ümummilli lideri Heydər Əliyev irsinin daim öyrənilməsi, texnikumun musiqi kollektivlərinin mütəmadi konsert proqramları ilə çıxışları və sair tədbirlər texnikumun gündəlik iş və həyat normasına çevrilmişdir. Texnikumda fəaliyyət göstərən tələbə-gənclər təşkilatının fəaliyyəti, xor və ansamblın təşkili, müxtəlif idman növləri üzrə yaradılan komandalar tələbələrin mədəni-kütləvi işlərinin düzgün qurulduğunu göstərir.
Texnikumda müasir təlim metodlarından fənlərin tədrisində istifadə edilməsinə diqqətlə yanaşılır, nəzəri və təcrübi dərslərin tədrisində mükəmməl və zəngin biliyə və metodikaya istinad edilir. Mütəxəssis hazırlığında pedaqoji təcrübələrin təşkili, gələcək kadrların bir mütəxəssis kimi həm pedaqoji, həm psixoloji, həm də metodiki cəhətdən tam formalaşmaları üçün bütün imkanlardan peşəkarcasına istifadə olunur. Texnikumun ənənələrinə sadiq qalaraq kollektiv tanınmış məzunlarını daima xatırlayır, əziz tutur, fəxr edir. Təhsilə həmişə böyük diqqət və məhəbbət bəsləyən ümummilli liderimiz Heydər Əliyev Naxçıvan MR təşkil olunmasının 75 illiyinə həsr olunmuş təntənəli yübiley iclasında müəllimlərindən birini xatırlayaraq demişdir: – “Gözəl müəllimimiz vardı, həm riyaziyyat, həm fizika dərsi deyirdi - Murad Tutayuq”. Şuşa Texnikumunun məzunu olmuş əməkdar müəllim Murad Tutayuq ilk azərbaycanlı qadın, akademik Validə Tutayuqun qardaşı idi. Fizika - riyaziyyat elmlər doktoru Lətif İmanov, Lətif Rüstəmov, filologiya elmləri doktoru Aydın Hacıyev, kimya - biologiya elmlər doktoru Maya Hacıyeva, xalq yazıçısı Əli Vəliyev, xalq artistləri bəstəkar Süleyman Ələsgərov, Əşrəf Abbasov, şair-publisist Şahmar Əkbərzadə, müğənni Qaraxan Behbudov, əməkdar müəllim Heydər Tağıyev, İbrahim Zülfüqarov, Yusif Məmmədov texnikumun məzunları olmuşlar.
Məlumdur ki, Şuşa abidələr, muzeylər şəhəridir. Uzun illər kurort şəhəri kimi Ümumittifaq və beynəlxalq səviyyəli statusda fəaliyyət göstərib. Bu xüsusiyyətlərin nəzərə alınmasını, gələcəkdə texnikumda daha yeni, daha modern texnologiyalara əsaslanan ixtisasların artımı, sözsüz ki, vacibdir. Texnikumda mədəni-maarif istiqamətləri ilə bərabər, Qarabağın fəaliyyət göstərən müəssisələri üçün daha geniş ampluada ixtisas hazırlığı aparılması da vacibdir. Əmək bazarının ehtiyaclarına uyğun müxtəlif profilli mütəxəssislər hazırlanması, təhsil xidmətinin genişləndirilməsi qarşıya yeni tələblər qoyur. Dövlətimiz tərəfindən orta-ixtisas təhsili sahəsində aparılan işlər sosial-iqtisadi şəraitə uyğun olaraq mütəxəssis hazırlığının struktur və məzmunun təkmilləşdirilməsinə imkan verir.
Şuşa Mədəni-Maarif Texnikumu kollektivinin zəngin ənənələri var. Qarabağın ətraf rayonlarında fəaliyyət göstərən 30 mindən çox müəllim bu təhsil ocağının yetirməsidir.
...Çox təəssüf ki, Şuşa Mədəni-Maarif Texnikumu da şuşalılar kimi qaçqınlıq həyatı yaşamaqdadır. Əvvəldə qeyd etdiyimiz kimi, texnikum 1991 – 1992-ci tədris ilini Ağcabədi şəhərindəki 12 saylı orta məktəbdə, 1994-cü ilin noyabrından isə Bakı Maşınqayırma Texnikumunda, 1996-cı ilin oktyabrından Yasamal rayonundakı 161 saylı məktəbdə öz fəaliyyətini davam etdirir. Hazırda texnikuma Rəsul İsmayılov rəhbərlik edir.
...Amma bu bir adi təskinlikdir. Məzunlarının şöhrəti dünyalarca olan texnikumun başqa bir məktəbə qısılıb yaşaması olduqca acınacaqlıdır. Necə deyərlər, el elə sığmadığı kimi, məktəb də məktəbə sığmaz. Amma bu nisgilə, bu kədərə baxmayaraq şöhrətli təhsil ocağı fədakar insanların səyi sayəsində yenə fəaliyyət göstərir, yaşayır, ənənələrini qoruyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyinin keçirilməsinin də daxil edilməsi bütün şuşalıları, məktəbin kollektivini ürəkdən sevindirmişdir.

Xalq qəzeti.- 2007.- 28 noyabr.- S. 5.