Zeynalzadə N.

 

Azərbaycan Ukrayna dövlət televiziyaları birgə sənədli film çəkiblər

 

"Oddan doğulan xalq" filmi Ukrayna ictimaiyyətinin marağına səbəb olub


Son illər Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya, Ukrayna Prezidenti Viktor Yuşşenkonun isə Azərbaycana rəsmi səfərləri və səfər çərçivəsində ikitərəfli strateji müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsini özündə əks etdirən müqavilələrin imzalanması hər iki ölkənin dövlət televiziyaları arasında da yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Ukrayna və Azərbaycan dövlət televiziyalarının rəhbərləri Arif Alışanov və Vitali Dokalenkonun birgə təşəbbüsü ilə həyata keçirilən telelayihəyə əsasən, Azərbaycan haqqında çəkilmiş "Oddan doğulan xalq" sənədli fılmi Azərbaycan həqiqətlərinin, xüsusən də Dağlıq Qarabağ olaylarının fövqündə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin 48 milyonluq Ukrayna ictimaiyyətinə çatdırılması üçün müstəsna əhəmiyyət kəsb edib.
Bununla bağlı Kiyev şəhərindəki Prezident otelində keçirilən təqdimat mərasimində Ukraynanın elm və mədəniyyət xadimləri, hökumət və dövlət nümayəndələri, millət vəkilləri, politoloqlar, Azərbaycan səfirliyinin diplomatları, Ukrayna Azərbaycanlıları Konqresinin vilayət və şəhər təşkilatlarının sədrləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər. Ukraynanın dövlət televiziyasında ilk dəfə olaraq bir saat efirə yayımlanan filmin ssenari müəllifləri - tanınmış telejurnalistlər Sergey Sivolap və Az.TV-nin Ukraynadakı xüsusi müxbiri Möhsüm Qədiroğlu Azərbaycanı Qobustan, Qız qalası, Atəşgah, Şirvanşahlar, Xan sarayı və neçə-neçə minilliklərin zəngin mədəniyyət sivilizasiyasından xəbər verən tarixi abidələrin dili ilə danışdırıblar. Təqdimat mərasimində çıxış edən filmin ssenari müəllifi Sergey Sivolap dünyanın bir çox ölkələrini gəzib dolaşan, jurnalist kimi Azərbaycanda analoqu olmayan zəngin mədəniyyətin, qədim adət-ənənələrin, dosta, qonşuya, xüsusən də qonağa doğma münasibətin şahidi olduğunu söyləyərək Dağlıq Qarabağ probleminin fonunda bu millətin başına gətirilən faciələrə dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların indiyədək göz yummasından təəssüfləndiyini bildirib. Məhz bu baxımdan geniş Ukrayna ictimaiyyətinə təqdim olunan "Oddan doğulan xalq" sənədli filminin 1-ci hissəsində Azərbaycanın qədim tarixi, adət-ənənələri, zəngin mədəniyyəti, milli-mədəni sərvətləri, o cümlədən Azərbaycanın öz dövlət müstəqilliyini əldə etdikdən sonra süni olaraq Dağlıq Qarabağ probleminin ortaya atılması və Ermənistanın bundan istifadə edərək torpaqlarımızın 20 faizini işğal etməsi, bir milyondan çox insanın öz əzəli torpaqlarından didərgin salınması tarixi faktların və şahidlərin dili ilə tamaşaçıya çatdırılır.
Filmin 2-ci hissəsində 1988-1993-cü illərdə Azərbaycanın ağır məşəqqətlərlə üzləşdiyi o ağır və gərgin illərdə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin polad iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanın bu bəlalardan xilas olunaraq inkişaf etmiş ölkələr arasında öz layiqli yerini tutması da tarixi qəhrəmanlıq kimi səciyyələndirilib. Filmdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı bölgədə lider, dünya birliyində nüfuzlu dövlətə çevirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük xidmətləri Ukrayna Prezidenti Viktor Yuşşenkonun sözləri ilə tamaşaçıya təqdim olunub. Prezident İlham Əliyevin Azərbaycanla Ukrayna arasındakı strateji müttəfıqliyin, xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin əbədi və sarsılmaz olduğunu bildirməsi geniş tamaşaçı auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanıb. Filmin sonluğu hər tamaşaçıda ölkəsinə və dövlətinə sevgi, mənsub olduğu xalqa və millətə fəxarət hissi notları ilə tamamlanıb. Sonluqda ulu öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı gurultulu alqışlarla qarşılanıb.
Filmin təqdimat mərasimindən sonra Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov, UAK-ın sədr müavini Namiq Quliyev və digər diaspor təmsilçiləri çıxış edərək son bir ildə Azərbaycan televiziyasının milli-mənəvi dəyərlərimizin təbliğində, xüsusən də Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sanki informasiya inqilabı etdiyini bildirərək bütün bunları Azərbaycan Prezidentinin kadr siyasətinin məntiqi nəticəsi kimi dəyərləndiriblər. Və ilk dəfə olaraq Ukraynanın dövlət televiziyasında Azərbaycanın bütün sferalarını özündə əks etdirən belə bir dəyərli filmin hazırlanıb efirə verilməsinə görə Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova, Ukrayna MIili Televiziyasının prezidenti Vitali Dokalenkoya minnətdarlıqlarını bildiriblər.
Filmdə Dağlıq Qarabağ probleminin Azərbaycan xalqına vurduğu mənəvi-psixoloji amillərdən təsirləndiklərini bildirən Ukrayna Nazirlər Kabinetinin müşaviri Sergey Lukyanenko və xalq deputatı Oles Dani Azərbaycan və Ukrayna dövlət televiziyalarının hazırladıqları bu kimi müştərək filmlərin 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri işğalçılıq siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayacağını bildiriblər. Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, o cümlədən Dağlıq Qarabağ probleminin obyektiv işıqlandırılması üçün ukraynalı jurnalistləri haqqı müdafiə etməyə səsləyən AIi Radanın üzvü Oles Dani beynəlxalq arenada nüfuzlu dövlətə çevrilən Azərbaycanın tezliklə öz ərazi bütövlüyünü bərpa edəcəyinə, 1 milyondan çox qaçqının öz doğma ocaqlarına dönəcəklərinə əmin olduğunu bildirib. Təqdimat mərasimində Azərbaycan və Ukrayna dövlət televiziyalarının rəhbərləri ikitərəfli informasiya əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Ukrayna Azərbaycanlıları Konqresinin təsis etdiyi ilk qızıl kubok mükafatına layiq görülüblər. "Oddan doğulan xalq" filminin ssenari müəllifləri Möhsüm Qədiroğlu və Sergey Sivolap Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Milli Televiziyasının fəxri fərmanları ilə təltif olunublar.
Filmin hazırlanmasında göstərdiyi maddi və mənəvi dəstəyə görə UAK sədrinin 1-ci müavini Namiq Quliyevə minnətdarlıqlarını bildirən filmin ssenari müəllifləri Möhsüm Qədiroğlu və Sergey Sivolap müştərək layihəyə əsasən ikinci filmin sırf Dağlıq Qarabağ probleminə həsr ediləcəyini vurğulayıblar.
Ukraynanın Milli Televiziyası ilə Ukrayna ictimaiyyətinə təqdim olunan "Oddan doğulan xalq'" sənədli filmi ictimai reytinqinə görə günün ən çox baxılan teleproqramı elan edilib.

Azərbaycan.- 2007.- 18 noyabr.- S. 6.