Ağamalıyev F.
Hərə bir not versə yaxud “Buzlaq
dövrü”ndə səhv
Tanınmış
fiqurlu konkisürənlər cütlüyünün — Saşa
Savelyeva və Aleksandr Saxnovskinin bu yaxınlarda Rusiya
telekanallarından birində nümayiş etdirilmiş çıxışı
Azərbaycan ictimaiyyətinin nümayəndələrini
hiddətləndirmişdir.
Qalmaqala səbəb bu olmuşdur ki, fiqurlu konkisürənlər
duetinin nümunəvi çıxış zamanı
"Erməni rəqsi" adı ilə istifadə etdiyi
musiqi əslində Azərbaycan bəstəkarı Tofiq
Quliyevin "Sənə də qalmaz" mahnısının
melodiyasıdır.
Azərbaycanın Rusiyadkı səfirliyinin mətbuat
xidmətində bildirmişlər ki, sözügedən
translyasiyadan dərhal sonra keçmiş SSRİ-nin
bütün guşələrindən bu Zaqafqaziya
respublikasının ölkəmizdəki diplomatik
nümayəndəliyinə çoxsaylı məktublar və
telefon zəngləri daxil olmağa başlamışdır.
Azərbaycanın Rf-dəki səfiri Polad Bülbüloğlu
ulduz cütlüyün baş məşqçisi Aleksandr
Culin ilə əlaqə saxlamışdır.
Məşqçi izah etmişdir ki, rəqsin quruluşunda
istifadə edilmək üçün onun şagirdləri
tərəfindən təklif olunmuş melodiya 1999-cu ildə
ABŞ-da buraxılmış diskdən
götürülmüşdür. Məlum olmuşdur ki,
həqiqətən ANİ diskinin üz qabığında
erməni bəstəkarı, drijor və ifaçı Ara
Gevorkyanın adı göstərilmişdir.
Plastinkada on melodiya vardır. Onlardan beşincisi "ARTSAX"
adlanır. Qalmaqallı rəqs nömrəsində məhz bu
musiqidən istifadə edilmişdir. Səfirlikdə belə
bir halı istisna etmirlər ki, həm rəsmi qurumlar, həm
də Tofiq Quliyevin varisləri Amerika şirkətini
məhkəməyə verəcəklər.
"Moskovski Komsomolets"
Otuz il əvvəl buna oxşar bir hadisə
sarsıdıcı təsir bağışlayırdı, bu
gün isə heç təəccüb də doğurmur.
Kinorejissor Eldar Quliyevi çoxdan və yaxşı
cəhətdən tanıyıram. Yüksək
ziyalılığı ilə fərqlənən bu
insanın ərizəbazlıqla bağlı hər cür
münaqışələrdən zəhləsi getdiyini
bildiyimə görə heç təsəvvür etmirəm
ki, o, mərhum atasının bəstələdiyi musiqinin Ara
Gevorkyan adlı birisi tərəfindən oğurlanmasına
görə məhkəmə çəkişməsinə
girişəcəkdir. Bir də ki, beləsi ilə real
məhkəmə çəkişməsi
mümkündürmü?
Bu Aranın 1999-cu ildən bəri oğurluq musiqi yazdığı
disklərin konkret sayını bilmədən onun vurduğu
ziyanın maddi əvəzini necə təyin etmək olar? O,
anasının canına and içib deyəcək ki, həmin
diskin tirajı cəmi iki nüsxədən ibarət olub, onun
da yalnız yarısı satılıb! Amma Eldar müəllim
məhkəməyə müraciət edəcəyi
təqdirdə neçə dəfə okeanın bu
tayından o tayına gedib qayıtmalı olacaq! Axı
Aranın Azərbaycana gəlməyəcəyi dəqiq
məlumdur. Zərərçəkmiş bütün
bunları götür-qoy edəndən sonra çox güman
ki, ürəyində bir-iki kəlmə tünd söz
işlədərək əlini yellədəcəkdir.
Əlbəttə, "Ara-can" bu işin başqa cür
qurtara biləcəyini heç ağlına da gətirməz,
çünki belə əməllər erməni
plagiatorların şakəridir. Karamzin yaşadığı
cəmiyyətin mahiyyətini bir kəlmə ilə ifadə
etmək üçün nə demişdir? Elədir ki var:
oğurlayırlar!
Bu yazının əvvəlində xatırlatdığım
otuz il məsələsi şərti müddət deyil. O vaxt
mən Ermənistanda yalnız bir dəfə — 1978-ci ildə,
— orada Ümumittifaq kino festivalı keçirilərkən
"Sovetskaya kultura" qəzetinin xüsusi müxbiri kimi
olmuşam. Gecə yarıdan keçəndən sonra indi
dünyasının dəyişmiş kino artisti Kolya Yeryomenko
ilə bərabər barda əyləşib
boğazımızı yaşlayırdıq. Bu dəmdə
orkestr "Sarı axçik" adlı erməni xalq
mahnısı ifa olunacağını elan etdi. Sonra dolu
bədənli bir müğənni barın kiçik
səhnəsinə çıxıb, kvartetin
müşayiəti ilə "Sarı gəlin"
Azərbaycan xalq mahnısını erməni dilində oxudu.
Bu hadisə məni o qədər sarsıtmışdı ki,
Yeryomenko narahat oldu, məni sakitləşdirməyə
başladı. Sonra o təklif etdi: — İndi sən
səhnəyə çıx və bu mahnını normal oxu,
onlar pul qazanmaq xatirinə bir də çalarlar. Mən
belə də etdim, səhnəyə çıxdım,
musiqiçilərə pul verdim və xahiş etdim ki,
əvvəlki musiqini eyni ahənglə ifa etsinlər.
Özüm isə elan etdim: "İndi isə "Sarı
gəlin" Azərbaycan xalq mahnısını orijinalın
dilində dinləyin". Mən mahnının
bacardığım kimi oxudum. Erməni musiqiçilər
isə nə edə bilərdilər, axı pulu qabaqcadan
almışdılar, — çaldılar. Sonradan Kolya
mənə dedi ki, çalğıçıların
qanı yaman qaralmışdı. Mən aktyor, rejissor və
jurnalistlərin gurultulu alqışlarını qazandım və
özümdən çox razı qaldım. Hesab edirdim ki,
mən satisfakiya hesab edilə biləcək bu
hərəkətimlə ədaləti həmişəlik
bərpa etmişəm.
Amma mən çox yanılırammış, çünki
ermənilərin bu əməlləri dünən
başlanmayıb və qorxduğum odur ki, buna sabah da son
qoyulmayacaq. Lakin o vaxt mən qonşu etnosun
"ayrı-ayrı nümayəndələrinin" bu
hədsiz spesifik "mədəniyyətyaratma"
sahəsindən tamamilə bixəbər idim. Bir də ki,
həmin illərdə belə məsələlər hansı
normal adamın ağlına gələrdi? Axı o vaxtlar
geniş yayılmış təbliğat klişesinə
görə biz hamımız "qardaş sovet
xalqlarının dost ailəsi"nin üzvləri idik.
Uşaq yaşlarımda Bakıda eşitidiyim, başabəla
beynəlmiləlçilərdən birinin qoşduğu
mahnının bir misrası hələ də
yadımdadır: "Əzəl gündən biz
qardaşıq, Yerevan". Lakin bu qardaşlaşma birtərəfli
imiş. Yoxsa qardaş qardaşın malını
oğurlayarmı? Özü də bu qədər küllü
miqdarda?
Peşəkar oğruların cəmiyyətlərində
olduğu kimi, ermənilərin peşəkar musiqi
oğruları cəmiyyətində də ciddi ixtisaslaşma
mövcuddur. Onlardan bəziləri Azərbaycan mahnılarını,
oyun havalarını və romansları oğurlayır,
digərləri alın təri tökərək iri həcmli
musiqi əsərlərini — operetta və operaları
çırpışdırırlar. XX əsrin
əvvəllərində ermənilər Azərbaycan
bəstəkarlarının və teatr truppalarının opera
və musiqili tamaşalar sahəsində
möhtəşəm uğurlarını sakitcə
müşahidə edə bilmirdilər. Ü.Hacıbəyovun
opera və operettaları bir-birinin ardınca Zaqafqaziyanın
bütün şəhərlərində və Rusiyanın
cənub şəhərlərində müxtəlif
dillərdə tamaşaya qoyulurdu. Özlərinin musiqili milli
səhnə əsərləri olmayan ermənilər də
truppalar yaratmağa başlamışdı. Bu truppalar
Üzeyir bəyin "Arşın mal alan", "Əsli
və Kərəm", "O, olmasın, bu olsun"
("Məşədi İbad"), "Ər və
arvad" əsərlərini erməni dilində tamaşaya
qoyurdular. Mədəniyyət sahəsində mif yaratmaqda usta
olan ermənilərin beynində öz milli operalarını
yaratmaq ideyası yetişirdi. Lakin təkcə istək
kifayət deyil. İlk erməni operası olan "Almast"
əsərində klassik Azəbaycan muğamlarının,
təsniflərin, xalq melodiyalarının musiqisindən
ibarət bütöv frazalar olmasını hiss etmək
üçün bu əsəri çox diqqətlə
dinləməyə də ehtiyac yoxdur. Bununla belə, həmin
popurrinin müəllifi, 1924-cü ildə Ermənistandan
Krıma köçüb gedənə qədər kifayət
qədər abırlı adam kimi tanınmış, hər
halda plagiatlıqda ifşa olunmamış Aleksandr Spendiarov
1925-ci ildə məxsusi olaraq Üzeyir Hacıbəyovla
görüşmək, maestronun
yaradıcılığından bəhrələnmək,
Şərqdə ilk klassik operanın ("Leyli və
Məcnun") müəllifinin yanında təcrübə
keçmək, ondan, necə deyərlər, böyük musiqi
formaları üzərində iş təcrübəsini
öyrənmək üçün Bakıya gəlmişdi.
Bizlərdə belə bir qayda var: qonağın
sözünü yerə salmazlar. Üzeyir bəy də onun
əsərlərindəki "bəzi mövzulardan"
istifadə etməyə icazə verməsini xahiş edən
qonağın sözünü yerə salmadı. Sonra isə
— "Almast" əsərini dinləyəndə ona çox
tanış olan "Mahur", "Rast",
"Çahargah", "Şüştər",
"Kürd-Şahnaz" muğamlarından melodiyalar,
frazalar, ideyalar, Azərbaycanın kəndlərində və
şəhərlərində aşıqların ifa etdiyi
neçə-neçə mahnıdan parçalar eşitdi.
Aleksandr Afanasyeviç bu operanın III pərdəsində
özünün ən parlaq musiqisini — "İran
marşı"nı "yazmaq" üçün
Üzeyir Haçıbəyovun "O, olmasın, bu olsun"
komediyasından Məşədi İbadın
mahnısını olduğu kimi
köçürmüşdü.
Qeyd etmək lazımdır ki, ermənilər Ü.Hacıbəyovun
əsərlərini dəhşətli həyasızlıqla
oğurlayırdılar. Üzeyir bəyin hələ
1913-cü ildə yazdığı, ilk dəfə 1917-ci
ildə onun librettosu əsasında Bakıdakı
"film" səhmdar cəmiyyəti tərəfindən
ekranlaşdırılmış "Arşın mal alan"
musiqili komediyanın tarixçəsi çox ibrətamizdir.
Amma nə olsun? Məgər mif yaratmaq azarına tutulmuş
erməni belə şeylərə görə öz
adətindən əl çəkərmi? Elə buna
görə də tiflisli erməni, Qərbə
getməzdən əvvəl Moskva universitetində təhsil
almış və Y. Vaxtanqovun studyasında
məşğələ keçmiş Ruben Mamulyan
bütün bunlardan yaxşı xəbərdar olduğu halda,
ötən əsrin 30-cu illərinin lap axırlarında
Hollivudda "Arşın mal alan" adlı "klassik
erməni musiqili komedyasını" tamaşaya qoyur. Bundan
xəbər tutan Üzeyir Hacıbəyov Azərərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
Mircəfər Bağırova şikayət etmiş, o da
öz növbəsində, bu barədə İosif Stalinə
məlumat vermiş və Stalin ən qısa
müddətdə "yüksək keyfiyyətli
"Arşın mal alan" kino əsəri
yaradılmasına" göstəriş vermişdir.
Rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko bu filmi
1945-ci ildə Bakı studyasında çəkdilər.
Həmin filmdə Rəşid Behbudovun ifa etdiyi Əsgərin
ariyası sonradan bütün çoxmillətli sovet
xalqının dilində əzbər olmuşdu.
Erməni musiqi oğrularının bu cür
"mənimsəmə" hallarına aid onlarca
nümunə göstərmək olar. Onlar, necə
deyərlər, cinayət başında yaxalandıqda belə
heç vaxt üzr istəmir, sadəcə olaraq susurlar.
Əslində goreşənlərdən üzrxahlıq
gözləyən də yoxdur. Bu, goreşənlərin
xislətidir. Əlbəttə, belə hallar Azərbaycan
musiqi mədniyyətini kasadlaşdırmır, çünki
onun kök sistemi çox qədim və güclüdür.
Amma məsələ bunda deyil. Sual olunur: erməni musiqi
mədəniyyəti by hesaba zənginləşirmi?
Oğurladıqlarının onlara bir xeyri varmı? Axı
məlum olduğu kimi, bütün gizlinlər gec-tez aşkara
çıxır. Tofiq Quliyevin "Sənə də
qalmaz" adlı gözəl lirik mahnısının
oğurlanmasının da üstü
açılmışdır. Özü də necə? — Kimin
ağlına gələrdi ki, bu məsələ Rusiya
televiziyasının birinci kanalında "Buzlaq
dövrü" şousunda fiqurlu konkisürmə zamanı
üzə çıxacaq. Axı ermənilərin öz
musiqisi var. Onların Komitas (Soqomon Soqomonyan) kimi "xor
janrları ustası" olub. Hər halda, Böyük
Ensiklopediya Lüğətində belə yazılıb.
Onların Aram Xaçaturyanı olub. Hərçənd,
belə bir şayiə də yayılmışdır ki, zulus
tayfaları Xaçaturyanın şah əsəri sayılan
"Qayane" baletindən qılıncoynadanların
rəqsinin musiqisində özlərinin müharibə
zamanı ifa edilən mərasim rəqsinin motivlərini
aşkar ediblər. Lakin bir də deyirəm, bunlar yalnız
şayiələrdir və çox güman ki, yalan
şayiələrdir, çünki Aram İliç
həqiqətən sanballı və nüfuzlu bəstəkar
idi. Nəhayət, onların Arno Babacanyanı olub. Amma yenə
oğurlayırlar. Azərbaycanın tarixi abidələrini,
kəndlərini, göllərini, torpaqlarını
oğurladıqları kimi, musiqisini də oğurlayır,
mənimsəyir və adını dəyişdirib
özlərininki kimi qələmə verirlər.
Ağlıma bir fikir gəlib. Bakı Konservatoriyasının
bəstəkarlıq fakültəsində belə bir qayda var:
peşəkarlıq baxımından uğursuz kurs
işləri çıxdaş edilir. Bəlkə biz
bütün tələbələrin bir neçə il
ərzində çıxdaş edilmiş işlərinin,
deyək ki, fuqaların, sonataların və s.
əsərlərin notlarını yığıb
təmənnasız olaraq Yerevan konservatoriyasına
göndərək. Əlbəttə, əgər orada
konservatoriya varsa. Dünyanın işini bilmək olmaz.
Hərə bir not versə, bir də görərsən
ermənilərin musiqi fondu yarandı, gələcəkdə
isə onu bəlkə də "qızıl fond"
adlandırdılar. Kim bilir, bəlkə bundan sonra onlar
Azərbaycan musiqisini oğurlamaqdan əl çəkərlər?
P.S. Bu günlərdə bir dostum mənə zəng edib
bildirdi ki, Moskvadakı yeraltı keçidlərin birində
erməni düdükçalanı Civan Qasparyanın diskini
alıb. Bu düdükçalan müasir
Azərbaycan bəstəkarı Ələkbər
Tağıyevin dünyadan vaxtsız köçmüş
həyat yoldaşına həsr etdiyi çox populyar "Sən
gəlməz oldun" mahnısını "milli erməni
mahnısı" kimi qələmə verir...
Ədəbiyyat qəzeti.-
2007.- 9 noyabr.- S. 5.